Keçid linkləri

Nəyimiz vardısa, keçmişdə qalıb, o cümlədən də bəzi hüquqlarımız. Bəziləri deyir ki, azadlığın çoxundansa, indiki azacıq azadlıq daha yaxşıdır. Guya ki, azadlıq az olanda insan onun qədrini bilir. Həmişə belə fikirləri eşidəndə düşünürsən ki, bu insanlar nəyin yaxşı və yaxud pis olduğunu necə tapır, necə müəyyənləşdirirlər? «Tərəzi» kimin əlindədir? Kim qərar verir ki, bu adamlara müəyyən hüquqlar verilsin və yaxud verilməsin?...Çox dolaşıq məntiqdir. Hər halda insanlar özləri müəyyən etsələr, daha yaxşıdır. Rusiya kimi böyük dövlətdə insanlar sərbəst toplaşmaq hüququndan, demək olar ki, məhrum olublar, indi piket, aksiya keçirirlər ki, bu hüquqa işlək məzmun versinlər. Bəs bizdə nə qədər belə passiv hüquq var? Onlar kağız üzərində mövcuddurlar, amma təcrübədə nəzərə alınmırlar. Dünya birliyinin təzyiqi nəticəsində bu hüquqlar qanunvericiliyə salınıblar, amma hakimiyyət onların passiv vəziyyətdə qalması və işlək olmaması üçün çoxlu sayda qadağa fikirləşib tapıb. Bəs bu qadağaları kim aradan qaldırmalıdır? Söhbət də elə bu haqdadır.

TOPLAŞA BİLMƏYƏN MÜXALİFƏT

Nə vaxtsa müxalifət istədiyi zaman aksiya keçirə bilirdi. Bir müddətdən sonra vəziyyət dəyişdi, müxalifət nümayəndələri şəhər icra hakimiyyətinə gedir və orada mitinq keçirmək istədiklərini bəyan edirdilər. İndi isə ancaq yazılı müraciət dəbdədir. Bu yazılara cavablar da bir qayda olaraq «yox» olur. Deyilənə görə, müxalifət bu «yox»ları toplayır ki, Avropa Şurasına şikayət etsin. Olsun. Amma məsələnin məğzi qalır axı! Sərbəst toplaşmaq hüququ passiv hüquqlar sırasında yer alıb. Nə olsun ki, bu hüquq ali qanunda təsbit olunub? Sovet Konstitusiyasında da insanların guya ki, mitinq və piket keçirmək hüququ vardı! İndi Azərbayjanda analoji vəziyyət yaranıb. Kağızda var, əməldə isə yoxdur. Üç adam bir yerə toplaşa bilmir.

BƏLKƏ, İNSANLAR BELƏ İSTƏYİR?

Hər halda bunu apriori olaraq iddia etmək düzgün deyil. Bunun üçün ən azı sorğu və yaxud referendum keçirmək lazımdır. Bu vaxta qədər heç bir yerdə diktatura və yaxud avtoritar rejim xalqın diqtəsi ilə bərqərar olmayıb.

Xalqın adından danışmaq hüququnu onlar özləri mənimsəyirlər. Həmişə də standart vəziyyət yaranır. Diktatura, avtoritar rejim güya ölkədəki özbaşınalığa son qoymaq üçün yaranır. Amma ən böyük özbaşınalıq avtoritar rejimin özündə baş verir. Bütün diktatorlar insanların adından danışırlar. Diktatorların hamısı «xilaskar» rolunda çıxış edirlər. O qədər standart vəziyyətlərdir ki, adam hətta bunun üzərində dayanmaq istəmir. Sadəcə, onu qeyd etmək lazımdır ki, hər dəfə diktaturaya bəraət qazandırmaq üçün «xalq belə istəyir», «hər bir xalq onu idarə edənlərə layiqdir» kimi ştampları atırlar ortalığa. Əslində isə xalqlar bir-birindən o qədər də fərqlənmir, fərqlənən rejimlərdir. Rejim var ki, mənsub olduğu xalqı yüksəldir, rejim də var ki, əksinə onu aşağılayır. Problem bundadır. İnanmaq çətindir ki, xalq könüllü olaraq hansısa hüquqdan imtina etsin. Bəli, yorğunluq anları olur, tarixdə buna çox təsadüf olunur. Amma hakimiyyət bundan dərhal sui- istifadə etməməlidir. Əgər hər hansı bir hüquq konstitusiyada təsbit olunubsa, ona əməl edilməlidir. Xalq hər dəfə «sıfır vəziyyəti»nə qayıdıb öz hüquqlarını təsdiq etmək məcburiyyətində qalmamalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG