Keçid linkləri

Depresyondayam...


Sevda İsmayıllı
Lap o 90-cı illərdə oxunan türk mahnısında deyildiyi kimi... Bu zalım depressiya heç yaxşı şey deyilmiş. Adamın yaşamaq həvəsini alır əlindən. İşləyə bilmirsən. Ürəkdən danışıb gülə bilmirsən. Elə ki, yaxına buraxdın, bəd xəbərlər selinə düşürsən. Sən onu yox, bəd səni tapır. Amma yox, sevimli Məşədi İbad demiş, mən o Məcnunlardan deyiləm...Bir veriliş edib bütün depressiya ekspertlərini buraya (Məşədi elə belə də deyir-buraya) tökəcəyəm...

AY SƏNİ BAKI QARI...


Hər şey ikinci qardan başladı. Bir neçə gün dörd divarda hərdən işıqsız, çox zaman susuz, bir az da ümidsiz qaldım.

Sonra qarda donub ölən iki fəhlənin taleyi məni üşütdü.

Sonra cümə axşamına getdiyim «N» saylı hissənin zabiti Vasif Sadıqovun faciəsi məni ağrıtdı.

Sonra Bakıda «Elmlər Akademiyası» metrosunun qarşısında maşını saxlayıb yolu keçərkən 70 saylı avtobusun altına düşən Leyla Axundzadənin ölümünü eşitdim.

AzadlıqRadiosunun Bakı bürosunun ilk təmsilçisi Mehdi Məmmədovun xatirə günündən duyğulandım.

Və...depressiya qaçılmaz oldu...

GEDİRDİM, GEDİRDIM, GEDİRDIM...PULUM YOXDU...


İndi baxdığım adi televeriliş də məni üzür. İki-üç gün öncə Musiqili Komediya Teatrının aktrisası Lütfiyyə Səfərovanın xəstəxanaya yerləşdirildiyini eşidib üzüldüm. TV-lərin birində onu xəstəxana çarpayısında gördüm. Kaş görməyəydim. Azərbaycan teatrının nazlı-duzlu, xanım-xatın sənətçisi pis haldaydı. Şəkər,qan təzyiqi, psixi pozğunluq...Həkimlər daha nə demirdilər? Ən pisi, xəstəliyin buraxılmış formada olması idi. Lütfiyyə xanım uzun zamandır müalicəsini ertələmişdi. Sonda ağır halda onu xəstəxanaya yerləşdirmişdilər. Müxbirin «niyə belə gec həkimə gəldiniz?»-sualına xəstəxana çarpayısında yatan aktrisa çaşbaş halda nə desə yaxşıdı: «Gedirdim...gedirdim...gedirdim...pulum yoxdu...»
Depressiya qaçılmaz oldu!

İŞSİZ VƏ DİŞSİZ ŞAİRDƏN BİR REPORTAJ...


Bir neçə il əvvəl şair Adil Mirseyidin «Yuğ» teatrında kerçəkləşən «Vernisaj» kitabının təqdimatına getmişdim.

Adil Mirseyid rəssamdır, kitabındakı rəsmləri də özü çəkmişdi, həm də şairdir. Bu rəssamlıq onun şeirlərinə də çöküb. Və maraqlı bir qarışıq alınıb. Şeirləri görürsən. Şeiri yazmır, çəkir Adil Mirseyid. Özü də, şəhər şeirləri «yazır» (Niyə belə yazdım? Görəsən, poeziya şəhərə, kəndə bölünürmü?). Onun «malakan bağında qumru quşları» şeirini deyirəm, eşidin:

ötən gecə yuxuma girməsəydin
yuxumda ağlamasaydın gülüm
bu gün işdən qalmazdım mən
bir fincan qəhvə belə içmədən çıxdım evdən
röyalarla gerçəklər arasında azdım
bir də gördüm içərişəhərdəyəm
bir də gördüm təbrizdəyəm
bir də gördüm parisdəyəm
parisdən təbrizə təbrizdən içərişəhərə döndüm
hər şəhərdə qonurdum kirəmitli damlara
malakan bağına gəldim günbatımında
malakan bağında qumru quşları
şübhəylə baxırdı adamlara

Bax, belə. Böyük hərfsiz, nöqtəsiz-vergülsüz, nidasız-sualsız bir şeir. Hə, təbii ki, təqdimatda Adil Mirseyiddən bir reportaj da hazırladım. Dedim ki, «İşsiz və dişsiz şairin» yeni kitabı çıxdı. Yalan yazmamışdım. Adil Mirseyid özü şeirində deyirdi ki,

Adil Mirseyid
evim yox
işim yox
ağzımda dişim yox
sənin nəyin çatmır atəşböcəyi

Şeir yazan, rəsm çəkən sənətkar diş saldırmaq gücündə deyildi...O vaxtdan bu dişsizlik ilişib yaddaşıma, diktofonuma ədəbiyyatdan, sənətdən çox maraqlı fikirlər söyləyən birisinin dişsizlik ucbatından sözləri çətinliklə tələffüz etməsi həkk olunub yaddaşıma. Məni üzür.
İmkanım olsaydı, bütün dişsizləri dişli edərdim, evsizləri evli, yurdsuzları yurdlu...

EKSKLÜZİV! YƏNİ TAYSIZ!

Bir neçə gün öncə populyar saytların birində bir xəbərə rast gəldim. Yalan-gerçək, yazılmışdı ki, Bakıda yerləşən avtomobil şirkətlərinin biri bizim müğənnilərdən birinə 100 minlik, vişnə rəngli, gözəl bir maşın bağışlayıb. Həm də maşın eksklüzivdir, yəni tayı yoxdur!

O müğənninin nə o maşına, nə də başqa bir şeyə ehtiyacı var. Bəs elə isə o şirkət nədən maşın bağışlamaq üçün onu seçib?

Niyə Adil Mirseyid yox, Filankəs?

Niyə Lütfiyyə Səfərova yox, Filankəs?

Niyə bir şəhid övladı yox?

Niyə kapitan Vasif Sadıxovun yetim qalmış 3 balası yox?

Niyə?

«ÜMİD MÖVSÜMÜNÜN SONUNDA»

Hə, qarşıdan bahar gəlir. Keçici, mövsümi depressiyalardan qurtulmaq zamanıdır. Lap «Gün keçdi» filminin qəhrəmanının sonda dediyi kimi—«Nə yaxşı ki, dünyada iş, fəaliyyət var!».

Yazılar yazmaq gərək, verilişlər hazırlamaq gərək. Nə depressiyabazlıqdır?

Bir Adil Mirseyidə zəng çal, gör necədir, bir dəfə «Can Bakı»ya qonaq çağır.

Dinləyicilər çoxdandır Şollar suyunun tarixiylə bağlı veriliş eşitməyi arzulayırlar, işə başla, gələn həftə qonaqları müəyyənləşdir!

Bakı milyonçuları barədə silsilə verilişlər tələb edirlər. Nə durmusan?

Amma ..

Bu qarışıq şəhərdə o lənətəgəlmiş avtobusun vurub yıxdığı Leyla Axundzadə 70-ci illər Bakısının ən gözəl qızlarından idi...

Lütfiyyə Səfərova musiqili komediya teatrının ən maraqlı aktrisalarındandı...

Vasif Sadıxovun sonbeşiyinin bir yaşı ola-olmayaydı...Ağzında əmzik, ana qucağındaydı..

Bir də, aman... ehtiyatlı ol! Birdən ümid mövsümü sona çatar və Adil Mirseyid şeirlərinin birində yazdığını eləyər:

Bir gecə bir avqust gecəsi
Ümid mövsümünün sonunda
Son dəfə qara frak geyib
Dəmir yol vağzalında
Nəfəsi araq qoxuyan dostlara əlvida deyib
Çıxıb gedərəm bu məmləkətdən
SON!

Şərhləri göstər

XS
SM
MD
LG