Keçid linkləri

Təcili xəbərlər

Haqlı olmağı bacarmaq


Demokratikləşmənin ilk dövrlərində siyasətin özü haqqında təsəvvürlər dəyişmişdi, artıq dəbdə böyük partiya funksionerləri deyil, əsl demokratik liderlər idi. Zaman keçdi, 70 il totalitar idarəçilik görmüş ictimai şüur bunu qəbul etmədi. Sonradan siyasət haqqındakı yeni və ilkin təsəvvürlər sadəlövhlük kimi qəbul edildi, demokratik idealların yerini yenidən totalitar steorotiplər tutdu. Siyasi obrazlar yenə də dəyişməz qaldı. Bunu bir sıra politoloqlar obrazların mentalititet adlı mühitdə «sınması», «özünəməxsus deformasiyası» kimi qiymətləndirdilər. Burada müəyyən həqiqət vardı.
Mentalitet müvəqqəti fenomen olsa da, zaman keçdikcə dəyişsə də, hansısa anda onun siyasi obrazlara təsiri olur. Amma bu təsir həlledici deyil. Bəlkə də həlledici olan bu anlayışla edilən siyasi manipulyasiyalardır. Mühafizəkar siyasət texnoloqları insan şüurunu qıcıqlandıra bilən detalları tutub bunu öz məqsədələri üçün istifadə etməyi bacarırlar. Azərbaycanda məhz belə oldu.

İndi də əsl siyasətçilər və totalitar vərdişlər haqqında mübahisələr davam edir. Bu vaxta qədər «etalon» çox sadə idi. Kim hakimiyyətdə qala bilibsə, deməli o, əsl ağıllı siyasətçidir. Amma həqiqətdə belədirmi? Kimlər daha üstündür – demokratik, yoxsa avtoritar liderlər? Söhbət də məhz bu haqdadır.

HƏTTA SUALLARI DA SEÇİRLƏR

Totalitar rejim hər şeyi qəliblərə salmağı sevir. Bu baxımdan siyasi liderlər də istisnalıq təşkil etmirlər. İlham Əliyev bir qayda olaraq yerli qəzetlərə və elektron informasiya vasitələrinə müsahibə vermir. Bunu bir çoxları yerli mediaya qarşı etinasızlıq kimi qiymətləndirirlər. Bu vaxta qədər o, ancaq xarici informasiya vasitələrinə müsahibələr verirdi. Amma deyilənə görə, artıq bu sfera da daralır. Artıq İ.Əliyev xarici KİV-lərdən də narazı qalıb. Məmurlar xarici jurnalistlərə də göstərişlər verməyə, hansı sualı soruşmaq mümkün olduğunu, hansı sualı isə soruşmaq mümkün olmadığını «məsləhət» verməyə başlayıblar. İlham Əliyev «Euronews»-a müsahibəsində «Mən kral deyiləm» desə də, çətin ki, bundan sonra o, bu kanala müsahibə vermiş olsun.

Bəs belə vəziyyətdə demokratik lider nə edərdi? Demokratik liderlər bir qayda olaraq KİV-lərdən qorxmurlar, çünki müsahibələr zamanı həmin liderlərin siyasi hazırcavablığı və intellektual qabiliyyətləri üzə çıxır. Həm də demokratik liderləri suallar qorxutmur, çünki onların ölkəsində mediadan gizlətmək üçün ciddi heç nə olmur. Təbii ki, problemlər hər yerdə var. Amma həmin problemləri aşkar şəkildə müzakirə etməkdən çəkinməmək ancaq demokratik liderlərə xas olan xüsusiyyətdir.

Azərbaycanda isə aşkar şəkildə müzakirə olunmayan mövzular var. Bunlar insan haqları və demokratiya məsələləri, söz azadlığı və seçkilərdir. Hazırda 4 jurnalist həbsdədir və bütün dünya onların azad edilməsini tələb edir. Belə olan təqdirdə, hər hansı xarici jurnalistlə aşkar və demokratik müzakirə aparmaq mümkündürmü? Təbii ki, yox. Hakim zümrə ölkənin içində olduğu kimi xaricində də müəyyən məsələlərin üstünü örtməyə çalışır. Amma nədənsə danışılmırsa, məgər bu, o deməkdir ki, həmin problem yoxdur? Onların məntiqinə görə yoxdur. Nə etmək olar ki?

GƏLƏCƏK HAQQINDA BİR NEÇƏ SÖZ


Hətta cəmiyyət də səhvlərini etiraf etməyi bacarır. Totalitar idarəçiliyi milli biçimdə görəndən sonra cəmiyyət də keçmiş demokratik dövrlər üçün nostalgiya keçirir. Daha «sadəlövhlər», «səriştəsizlər» deyən yoxdur. Bunun özü də böyük hadisədir. Məsələ təkcə hakimiyyətdə qalmaq deyil.
Həm də haqlı çıxmağı, insanları inandırmağı bacarmaq lazımdır. Hətta bir qədər geciksə də...

Ən son yazılan

XS
SM
MD
LG