Keçid linkləri

Təcili xəbərlər

Siyasətin estetikası


Gözəllik insan fəaliyyətinin bütün sferalarına xasdır. Harada insan varsa, orada gözəllik anlayışı var. Bu baxımdan siyasət də istisna deyil. Elə siyasət olur ki, o, insanda ikrah doğurur. Bəzən isə əksinə, siyasət adamda ən yüksək hisslər oyadır. Bir də görürsən deyirlər ki, siyasət gözəl və səmimi olmamalı, yüksək hisslərdən qaynaqlanmamalıdır. Amma siyasətin predmeti və obyekti insandır. Elə bu səbəbdən siyasətə inamsızlıq insana, onun missiyasına və ən başlıcası isə mahiyyətinə inamsızlıq deməkdir. Avtoritar və tolalitar rejimlər insana inamsızlıq, ondan qorxu üstündə bərqərar olub. Bu rejimlərin fəlsəfəsi budur ki, insan özünü idarə etməyi bacarmır, onun qərarları ifrat dərəcədə subyektiv olur, insan özünə nə lazım olduğunu bilmir, ona inanmaq sadəlövhlükdür. Demokratiyalarda isə əksinə, insana inam var. Azərbaycanda avtoritar rejim hökm sürür. Burada siyasət deyilən anlayışın anti-estetikası ilə hər gün rastlaşmaq mümkündür. Elə söhbət də bu haqdadır.

BURADA İNSANLARI NƏ HESAB EDİRLƏR?


İnsanlara inanmırlar. Burada insanlar öz fikirlərini açıq söyləyə bilmir. Bu fikirlər heç kim üçün maraqlı deyil. Belə hesab edilir ki, kiçik bir azlıq böyük çoxluğa – cəmiyyətə nə lazım olduğunu onun özündən daha yaxşı bilir. Burada insanlar seçə bilmir, siyasi qərarlara təsir edə bilmir. Bu vaxta qədər belə hal olmayıb ki, hər hansı qanunu və ya qərarı verməmişdən əvvəl insanların rəyini öyrənsinlər. Buna ehtiyac duyulmur. Ən kiçik tənqid böyük zorakılığa tuş gəlir. Başqa ölkələrdə yüzlərlə tele-radio kanallar mövcud olduğu halda, burada ancaq bir neçə kanal var. Səbəbini də çəkinmədən açıq deyirlər:
«Kanallar çox olanda onlara nəzarət etmək çətin olur» - səbəb budur. Deməli, insanlar öz vergiləri və əməkləri ilə bu böyüklükdə dövlət qurumunu ona görə saxlayırlar ki, həmin qurum onların hər bir addımına nəzarət etmiş olsun. Bu fəlsəfə insanlara münasibətin bütün sferalarına nüfuz edir. İnanmamaq, etibar etməmək, rəyini öyrənməmək, dinləməmək, seçkiyə imkan verməmək – budur hakimiyyət fəlsəfəsi. Və bunun adı da avtoritarizmdir. Burada insanlara ancaq əmək aləti kimi baxırlar. İnsanlar işləməli və bu dövləti saxlamalıdırlar. Bütün bunları düşünəndə əski sovetlər vaxtında dövlətə verilən tərif yada düşür. Sən demə, dövlət həqiqətən də cəbr apparatı imiş...

YALAN VƏ ESTETİKA

Yalan norma halını alıb. O dərəcəyə çatıb ki, yalan deyilməyəndə bu, dövlət işini bilməmək kimi dəyərləndirilir. Mütəmadi olaraq hökumətin hesabat iclasları keçirilir. Bu iclaslarda bircə dəfə belə olsun, tənqid olmur. Məlum olur ki, hökumət çox yaxşı işləyir, hər şey qaydasındadır. İclaslar bir qayda olaraq «Bütün dünyadakı qlobal iqtisadi böhrana baxmayaraq burada vəziyyət çox yaxşıdır» fikri ilə bitir. Bu fikir o qədər tez – tez səslənir ki, adam az qala dünyanın iqtisadiyyat institutlarına müraciət etmək istəyir ki, bu hökuməti böhran keçirən dövlətlərə ezam etsinlər ki, oralarda vəziyyət düzəlsin!..

Yalan özünü təkcə hesabatlarda biruzə vermir. Şəhərsalma işləri, insanların hər gün seyr etdikləri proseslər də böyük yalanın kiçik təzahürləridir. Bakı fontanlar şəhərinə çevrilir. Fontan sözü yalanla çox yaxşı uzlaşır. Bir fontanı istifadəyə verəndən bir ay sonra onu yenidən qurmağa başlayırlar.
Yalanlar və fontanlar şəhərində hətta parklar və bulvarlar da siyasiləşib.

Ölkənin böyük insanlarına heykəllər ucaldılmır. Səbəbini də onunla izah edirlər ki, biz insanların həyatını və istirahətini siyasiləşdirmək istəmirik. Amma bütün parklarda və bulvarlarda Heydər Əliyevin heykəlləri yüksəlir.
Məgər bu, insanların istirahətini siyasiləşdirmir?..
Bəlkə də bütün bunlardan sonra yeni bir söz birləşməsi yaranacaq « yalan estetikası». Amma bunlar nə qədər uzlaşır? Bunun cavabını ancaq bizim hakim zümrə bilir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG