Keçid linkləri

Bu ölkədə siyasətin daha ciddi maraq kəsb edən halı qalmayıb. Əslində siyasət də şou- biznes kimi bir fenomendir, qalmaqalları çox sevir. Amma kiçik fərqlə. Əgər şou- biznesdə qalmaqalları yaradırlarsa, siyasətdə bu, özü-özünə yaranır. Qalmaqal olmayan yerdə isə zahirən ölüm sükutu hökm sürür. Ona görə «zahirən» yazırıq ki, daxildə proseslər həmişə cərəyan edir. Məsələ bundadır ki, biz leqal və demokratik siyasətdəki qalmaqallara alışmışıq. Amma hətta orta əsrlərdə saraylarda elə çəkişmələr baş verirdi ki, bu, müsair dünyanın ən qalmaqallı siyasətçilərinin ağılına belə gəlməzdi.

Ölkədə «yeni müxalifət» adlı təzə bir dəstə yaranıb ki, bunlar bir sədrdən və bir də «portfel»dən ibarətdirlər
Biz də diqqəti bu istiqamətə yönəltməliyik, daha çox kabinet və aparat çəkişmələrindən yazmalıyıq. Amma bunun bir çətinliyi var. Bu sferadakı çəkişmələr sanki qara çuxurda baş verir, oradan hər hansı siqnal sızmır.

Düzdür, qəzetlər çoxdan bu yolu tutublar və daha çox böyük məmurlarla bağlı qalmaqallardan və onlar ətrafında baş verən proseslərldən yazırlar. Amma qəzetlərin bir xoşbəxtliyi var ki, onları «informasiya»nın dəqiqliyi o qədər də maraqlandırmır, daha çox şou- biznesdəki kimi hərəkət edirlər.

Bir də ki, məmurlar arasındakı çəkişmələr və dartışmalar daha çox kimin böyük pullara nəzarət edəcəyi uğrunda baş verir. Hələ Heydər Əliyevin vaxtından belə bir siyasət yürüdülür ki, siyasətdə müsbət imici olan və perspektivli məmurlar olmamalıdır, onların hamısı prezidentin fonunda görünməz olmalıdırlar. Bu siyasət indi də davam etdirilir. Aparatda İlham Əliyevi əvəz edə bilən bir adam varmı? Adam bu suala cavab verməyə çətinlik çəkir, çünki belə bir adam yoxdur. Nazirlərin çoxu artıq pensiya yaşanı keçmiş qoca məmurlardır, cavanların isə elə bir müsbət imici yoxdur.

İLHAM ƏLİYEV SEÇKİNİ UDA BİLƏRMİ?


Artıq elə vəziyyət yaranıb ki, İlham Əliyev heç bir problem olmadan prezident seçkisini də uda bilər. Onun əsas rəqiblərinin mövcud olduğu müxalifət sferası demək olar ki, iflic vəziyyətindədir. Ötən prezident seçkisində onlar iştirak etmədilər. Bu adamların yenidən seçkiyə qatılmalarının və kiməsə rəqib olmalarının ehtimalı çox azdır. Ölkədə «yeni müxalifət» adlı təzə bir dəstə yaranıb ki, bunlar bir sədrdən və bir də «portfel»dən ibarətdirlər. Bu adamlar da heç bir vaxt İ.Əliyevə rəqib ola bilməzlər. Bu adamların bütün siyasəti bir deputat mandatına yönəlib. Prezident seçkisində iştirak edərək bir deputat mandatının xatirinə namizədliklərini İ.Əliyevin xeyrinə geri götürürlər. Əslində bu da siyasi jestdən başqa bir şey deyil, çünki onlara heç kim səs vermir, onların arxasında heç bir sosial elektorat dayanmayıb. Bir sözlə, siyasi meydan tam boşdur. Tək partiya siyasətindən sonra tək adam siyasəti nəhayət ki, qalib gəldi.

«ÜÇÜNCÜ QÜVVƏ» MEYDANA ÇIXA BİLƏRMİ?

Bunun ehtimalı indiki müxalifətin hakimiyyətə gəlməsinin ehtimalından da azdır. Ona görə ki, hakimiyyətin bütün siyasəti ölkədəki həqiqi müxalifət ünsürlərinin tam ləğv edilməsinə, onların yenidən meydana çıxmasının qarşısını almağa yönəlib. Elə bu səbəbdən bir demokratik institut kimi «üçüncü qüvvə»nin yaranmasının ehtimalı demək olar ki, sıfra bərabərdir. Etiraf etmək lazımdır ki, Azərbaycan siyasəti daha çox bir «aktyorun teatrı»na bənzəyir, burada hər şey «səhnələşdirilib», hər şey nəzərə alınıb. Təbii ki, «dekorasiyanın», «səhnənin» və «aktyor» oyununun nə qədər uğurlu olmasından danışmaq olar, amma bütün bunlar heç nəyi dəyişmir. Sadəcə bu «tamaşalara» baxmaq və ya baxmamaq olar. Min şükür ki, bu «hüquq» hələ insanların əlindən alınmayıb. «Tamaşa»lara baxmaq hələ ki, könüllüdür. Nə etmək olar? Buna da şükür...

Şərhləri göstər

XS
SM
MD
LG