Keçid linkləri

Qəribə işlər baş verir bu ölkədə. Hətta müxalifət də özünü siyasi gündəmə qalmaqallarla gətirmək istəyir. Siyasi texnologiya baxımından bu normal haldır. Amma qalmaqallar hakimiyyət – müxalifət müstəvisində baş versəydi, daha yaxşı olardı, çünki ayrıca müxalifət bir neçə qəzetçidən başqa heç kim üçün maraq kəsb etmir. Həm də cəmiyyət müxalifəti öz biçimində görmək istəyir. Cəmiyyət istəyir ki, müxalifət müəyyən mənada ona vəkillik etsin. Ancaq təəssüf ki, müxalifət siyasəti «akademik» bir məşğuliyyətə çevirib. Hətta dissidentlər belə hərəkət etmirlər. Dissidentlər belə daim öz çevrələrinin genişlənməsinə, həmfikirlərinin artmasına çalışırlar. Ölkə müxalifəti haqqında isə bunu demək çətindir. Bəlkə də bu da səbəbsiz deyil. Ola bilsin, artıq bir yekun haqda düşünmək lazımdır. Söhbət də elə bu haqdadır.
Qalmaqallar hakimiyyət–müxalifət müstəvisində baş versəydi, daha yaxşı olardı, çünki ayrıca müxalifət bir neçə qəzetçidən başqa heç kim üçün maraq kəsb etmir ...


MİLLİ AZADLIQ HƏRƏKATININ YEKUNU?

Keçmiş SSRİ məkanında Azərbaycandakı kimi müxalifət qalmayıb, birinci siyasi dalğanın nümayəndələri çoxdan siyasi səhnəni tərk edib; kimi əvvəlki məşğuliyyətinə qayıdıb, kimi də memuar yazmaqla məşğuldur. Təkcə Azərbaycanda birici dalğanın təmsilçiləri müxalifətçiliklə məşğuldur. Onlar bunu güclü olmaları ilə yozurlar. Amma əslində belə deyil. Sadəcə ölkə siyasi təkamül və inkişaf baxımından geriləyib. Onun siyasi gerçəkliyi hələ də siyasi sənhnədə qalan milli – demokratların müxalifətçiliyini izah etməyə imkan verir. Digər respublikalarda necə oldu ki, birinci dalğa insanları özlərinə başqa məşğuliyyət tapa bildilər? Bunun əsas izahını həmin nümayəndələrin özündə axtarmaq lazımdır. Bu adamlar siyasi hərəkata qatılanda müəyyən ictimai statusa malik idilər, peşələri və sənətləri var idi. Siyasətdə missiyaları başa çatandan sonra öz peşələrinə qayıtdılar. Azərbaycanda isə belə olmadı. Qısa müddət ərzində ancaq siyasi karyeraya malik olan insanlar meydana çıxdı. Siyasi uğursuzluğa məruz qalandan sonra onlar ən «uzunömürlü müxalifətə» çevrildilər. Səbəb budur.

Təbii ki, digər bir səbəb ölkənin özü ilə bağlıdır. Bu ölkə eks-siyasətçilər üçün əlverişli deyil. Eks-siyasətçi olmaq üçün belə hakimiyyətin, necə deyərlər, «xeyir – duası» lazımdır. Bütün məşğuliyyət sferaları hakimiyyətin ciddi nəzarəti altındadır. Eks-siyasətçinin biznesdə, təhsildə və başqa sahədə nüfuzlu bir status qazanmasını düşünmək belə mümkün deyil. Burada insanlar öz yaşayış sahələrini müxalifətə qərargah kimi icarəyə verməyə belə ehtiyat edirlər. Belə olan təqdirdə eks-siyasətçiləri hansı aqibətin gözlədiyini təsəvvür etmək çətindirmi?

ONLAR NİYƏ ÇIXIŞ YOLLARI HAQDA DÜŞÜNMÜRLƏR?

Təəssüf ki, bu, bir adət halını alıb. Hələ bircə dəfə belə görünməyib ki, müxalifət nümayəndələri ciddi halda çıxış yolları haqda düşünsünlər. Ancaq ümumi fikirlər söyləyirlər. Səhvlər haqda heç kim danışmır, «nə etməli?» sualına heç kim cavab verməyə cəhd göstərmir. Ciddi bir ətalət hiss olunur. Özü də bunun tarixi artıq iyirmi ilə yaxınlaşır. Müxalfətçiliyin özü bir «ixtisas»a, «peşə»yə çevrilib. Yuxarıda onların nə ilə məşğul ola bilməsindən yazmışdıq. Bir daha qeyd edək ki, həm şəraitin, həm də öz günahlarının girovuna çevrilən müxalifət malik olduğu yeganə statusa kaptial kimi baxır. Ölkədə ticarət «toçkaları» olduğu kimi siyasi «toçkalar» da var. Müxalifətin malik olduğu və itirməyə qorxduğu «kapital» budur.
Bununla isə nəinki «işıqlı üfiqlərə» çıxmaq, heç sabaha qovuşmaq mümkün deyil. Elə bu səbəbdən, bəlkə, yekun haqda düşünmək daha yaxşıdır? Bəlkə, hakimiyyətə gəlişi ilə yaddaşda qalmayan müxalifət öz gedişi ilə ürəklərdə yaşayacaq? Amma hakimiyyət bu gedişə «xeyir- dua» verəcəkmi? Axı söhbət şəraitin girovlarından gedir...
XS
SM
MD
LG