Keçid linkləri

Təcili xəbərlər

Səudiyyə nefti və Azərbaycanın gələcəyi


Səudiyyə Ərəbistanı. «Xurais» neft yatağı, 23 iyun 2008
Səudiyyə Ərəbistanı. «Xurais» neft yatağı, 23 iyun 2008
Son zamanlar müxtəlif auditoriyalarda tez-tez mənə belə suallar verirlər: «Neft ixracından gözlənilən gəlir haqda Azərbaycan hakimiyyətinin verdiyi məlumat nə qədər həqiqətəuyğundur», «Bu vəsait vətəndaşlarımızın həyatını yetərincə təmin etmək üçün kifayətdirmi», «Azərbaycan nefti tükənəndən sonra nə gözləmək olar» və sair.

Əslində cəmiyyətin aktiv hissəsinin bu mövzuya belə həssaslıqla yanaşması çox yaxşıdır. Azərbaycanda «neft bəlası» - iqtisadiyyatın neft ixracından asılılığının neqativ tərəfləri haqda yetərincə yazılıb. «Holland sindromu» deyə hələ 90-cı illərin ortalarından bir qrup müstəqil iqtisadçının Azərbaycana car çəkib o vaxtlar «yatmışları oyatmaq» istəyi bu gün də aktualdır.

«Holland sindromu»nun əsas əlamətlərini bir daha yada salmaq istərdim:

- hökumətin ölkəyə neft pulları axını nəticəsində qeyri-effektiv iş rejiminə keçməsi, izafi məsrəflərin yüksəldilməsi,

- milli valyutanın bahalaşması nəticəsində yerli istehsalın rəqabət qabiliyyətini itirməsi,

- siyasi islahatların gündəmdən çıxması

- və nəhayət… korporativ maraqların ictimai maraqlardan önə çıxması.

«Holland sindromu»nın ən ağır təzahürləri Nigeriya və Anqolada müşahidə olundu. Bu iqtisadi bəladan ən uzaq durmağa müyəssər olan neft ölkəsi isə Norveçdir.

Azərbaycan Nigeriya yolunu getməsə də, hər halda Norveçin açdığı cığırla da addımlamaq istəmədi.

Azərbaycan rəhbərliyi (ilk dəfə Ramiz Mehdiyevin simasında) rəhbərliyi elan etdi ki, bizim öz yolumuz var. Amma bu deklarasiyanın arxasında hansı konkret addımlar və planlar durduğunu hələ də başa düşmək çətindir.

Amma dünyada Nigeriya, Anqola və Norveçdən başqa da neft ölkəsi var. Odur ki, təklif edirəm baxaq, Azərbaycanın «öz yolu» hansı ölkənin təcrübəsinə daha çox yaxındır.

Dünyanın ən iri neft ölkəsi, «qara qızıl» ehtiyatına görə lider olan Səudiyyə Ərəbistanından başlamaq olar.

BELƏLİKLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI

RƏSMİ ADI: Səudiyyə Ərəbistanı Krallığı (Kinqdom of Saudi Arabia və ya Al Mamlakah al Arabiah as Saudiyah). 1932-ci ildə yaranıb.

Siyasi quruluş: - tamamilə teokratik monarxiya. Dövlətin və hökumətin başçısı kral həmçinin icraçı, qanunverici və məhkəmə hakimiyyətinə malikdir, eyni zamanda ölkənin dini lideridir (onun hakimiyyətini yalnız şəriət qayda-qanunları məhdudlaşdıra bilər). Hakimiyyət ailənin böyük oğlunun və Kral Ailə Şurasının (Kral Ailə Şurasına Səudiyyə Monarxiyasının banisinin nəslindən olan 18 nüfuzlu şəxs daxildir) xeyir-duası ilə nəsildən-nəslə keçir.

İCRAÇI HAKİMİYYƏT (Nazirlər Şurası hər dörd ildən bir, monarx tərəfindən təyin olunur) Baş nazirdən, Birinci Baş nazirdən və hakim ailənin üzvlərindən ibarət iyirmi sahə nazirindən ibarətdir. Krallıqda idarəedici təbəqələr eyni adamlardan - Səudiyyə Kral Ailəsinin 7 min əmiri, onlara qohumluğu çatan ortabab aristokratiya, iri burjuaziya və bürokratiyanın başında duranlardan ibarətdir.

QANUNVERİCİ HAKİMİYYƏT: Konsultativ Assambleya və yaxud Məllis əs-Şura kral tərəfindən 4 ilik müddətə seçilən 150 nəfər üzvdən ibarətdir. Assambleyanın səlahiyyətləri məhduddur - bütün insiativlər monarxın xeyir-duasını almalıdır.

SİYASİ PLÜRALİZM - ölkədə rəsməm siyasi müxalifət yoxdur! Hamı rəhbərin dediyi ilə oturub-durmalıdır. Krallıqda quldarlığın ləğvi yalnız 1962-ci ildə baş verib. Bunun nəticəsi isə hələ də aradan qalxmayıb – xidmət sahəsində çalışanlara hələ də qul gözü ilə baxanlar qalmaqdadır.

BÜDCƏ: Səudiyyə Ərəbistanının 2008-ci ildəki büdcəsinin gəlir hissəsi 450 milyard rial təşkil edir, illik xərc isə 410 rialdır. Səudiyyə Ərəbistanı özünün hərbi xərclərinə görə dünyanın ilk 10 dövlətinin siyahısındadır: ölkə hər il müdafiə işlərinə 30 milyard rial və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 9% xərcləyir.

NEFT: İlk neft müqaviləsini xarici şirkətlərlə Səudiyyə Ərəbistanı 1933-cü ildə imzalayıb, 1938-ci ildən isə istehsala başlayıb. Amma Səudiyyə Ərəbistanı neftinin dünya iqtisadiyyatındakı rolu yalnız 1970-ci ildən - ABŞ-dakı neft istehsalı qəfildən ən yüksək mərhələyə çatandan sonra qiymətləndirildi. Bu, dünyada neftə olan tələbatın yüksək artımı ilə üst-üstə düşdü. Həmin dövrdə Səudiyyə Ərəbistanı yeganə neft istehsalçısı idi ki, neftçıxarmanın tempini dünyadakı neft tələbatını ödəyəcək tərzdə saxlaya bilərdi. Bu situasiyadan yararlanaraq, krallıq 1965-ci ildə sutkada 2,5 milyon barel neft istehsal edən aparıcı neft istehsalçısından 1974-cü ildə sutkada 8 milyon barel xammal çıxaran ən böyük neft ulduzuna çevrildi.

Amma əgər neftin qiyməti əvvəlki, yəni ötən əsrin 70-ci illərində olduğu kimi (1 bareli $1.2) qalsaydı, hətta bu da Səudiyyə Ərəbistanının dünya iqtisadiyyatındakı əhəmiyyətini qaldıra bilməzdi. Ona görə də, siyasi böhranlar, daha dəqiq desək, Yaxın Şərqdəki təlatümlər (1973-cü ildəki Ərəb-İsrail müharibəsi neftin barelinin 11 dollara qədər bahalaşmasına gətirib çıxardı, İrandakı İslam inqilabı, həmçinin Sovet ordusunun Əfqanıstana hücumu nəticəsində isə 1980-ci ildə «qara qızıl»ın bareli 40 dollara qalxdı) neftin bahalaşması üçün münbit şərait yaratdı. Nəticədə Səudiyyə Ərəbistanının gəlirləri görünməmiş sürətlə artırdı.

Həcc ziyarəti, 24 noyabr 2009
Amma uzun illər bir ailənin idarə etdiyi, qalan vətəndaşlarının isə hər hansı qərara təsir edə bilmədiyi bu müsəlman ölkəsi neft gəlirlərinin belə axınına hazır deyildi (1970-ci ildə ölkənin neftdən gələn gəliri $2.2 milyard idi, amma cəmi 10 ildən sonra ildə $105 milyard dollara, $2008-də isə $350 milyarda çatmışdı). Buna görə də bir neçə ildən sonra ölkənin «zəhmətsiz» gəlirlərinin ilkin neqativ simptomları özünü göstərməyə başladı.

BƏLA. İlkin göstərici bu idi ki, yerli əhali zəhmətdən uzaqlaşdı, yəni işləməkdən imtina etdi. Məlumatlara görə, böhranın ilk çağlarında əhalinin üçdə bir hissəsini krallıqda çalışan əcnəbilər təşkil edirdi. Həmin ərəfədə Səudiyyə Ərəbistanının neft sənayesindəki bütün mütəxəssisləri əcnəbi idi.

İkincisi, əhali artımı getdikcə daha da sürətlənirdi. Qeyri-neft sektorunu inkişaf etdirə bilməyən neft ölkəsi üçün isə iqtisadiyyatın əsas düşməni əhali artımıdır. Əgər adambaşına götürsək, Səudiyyə Ərəbistanında ümumdaxili məhsul hətta İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının üzvləri olan ən kasıb ölkələrdə olduğundan 50 faiz aşağıdır. Tədqiqatçı Metyu Simmons özünün «Səudiyyə neftinin qürubu» kitabında Qərb araşdırıcılarının hesablamalarından çıxış edərək, bu qənaətə gəlir ki, hətta neftin qiyməti dəfələrlə qalxandan sonra belə Səudiyyə Ərəbistanı yaşayış səviyyəsinə görə 2005-ci illərin İspaniyasına (Qərbi Avropanın üç ən kasıb ölkəsindən biri) ancaq 2024-cü ildə çata biləcək.

Praktiki olaraq, ölkənin rifahı ancaq neftin qiymətinin qalxmasından asılıdır. Dünya neft bazarında istənilən çalxalanma həmən Səudiyyə Ərəbistanının iqtisadiyyatında özünü göstərir. Neft gəlirlərinin ümumi həcmi 1980-ci ildə $105.8 milyard idisə, 1985-ci ildə $24.2 milyarda düşdü, 1990-cı ildə 40,7 milyard dollara qalxdı və yalnız ötən onilliyin sonunda $48 milyard səviyyəsində tənzimləndi. Ölkənin 1990-cı illərin axırlarına olan ümumdaxili məhsulunun dəyəri adambaşına $8 min dollardan da az idi, hərçənd bundan 15 il əvvələ qədər bu göstərici $25 min dollar səviyyəsində idi.

Üçüncüsü, ölkə iqtisadiyyatında neft sənayesindən başqa praktiki olaraq, heç bir sahə inkişaf etmirdi, çünki bu sahələr «neft bataqlığı»nda boğulurdu. Ölkə gəlirlərinin 80, ixracın isə 95 faizi neftin üzərinə düşürdü. Qərb analitiklərinin proqnozlarına görə, indiki Səudiyyə Ərəbistanı iqtisadiyyatı sadəcə, neftdən ibarətdir və görünən budur ki, gələcəkdə də belə olacaq. Burada ancaq neft-qaz sektoruna aid olan qollar işləyir («Saudi Aramco» neft-qaz şirkəti və SABIC neft-kimya holdinqi).

ƏHALİ. 1970-ci ildə Səudiyyə Ərəbistanının əhalisi heç 4 milyona da çatmırdı. İlk neft böhranı vaxtı əhalinin sayı 50 faiz artdı, ikinci neft böhranında isə (1980-ci il) say 9 milyon nəfərə çatmışdı. 10 ildən sonra krallığın əhalisi 14 milyon nəfərə yüksəldi, 2000-ci ildə isə Səudiyyə Ərəbistanının vətəndaşı olmayan 5.5 milyon nəfər də (xarici işçi qüvvəsi) daxil olmaqla, bu say artıq 22 milyon idi (maraqlı burasıdır ki, neftin qiyməti minimuma enəndə belə əhali 1.57 dəfə artmışdı). Beləliklə, 30 il ərzində krallıq əhalisinin artımı 400 faiz ətrafında olub!

BMT-nin 2003-cü ildəki statistik hesablamalarına görə, həmin il Səudiyyə Ərəbistanında hər qadına 6,3 uşaq düşürdü. Bununla belə, demoqrafik tədqiqatları ilə məşhur olan Urexte Universitetinin proqnozlarına görə, 2010-cu ildə Səudiyyə Ərəbistanının əhalisi 30 milyonu keçəcək və demoqrafik tendensiya əsaslı şəkildə dəyişmədiyi halda, 2030-cu ildə 50 milyona çatacaq. Əhali artımının nəticələri ona gətirib çıxardı ki, 21-ci əsrin əvvəllərində Səudiyyə Ərəbistanı öz vətəndaşlarını onların son 25 ildə kifayətləndiyi sosial şərtlərlə belə təmin edə bilmədi. Baxmayaraq ki, bu ölkədə maddi rifah hələ də Orta Şərqin başqa ölkələrindən daha yaxşıdır.

DƏBDƏBƏ. Özünün neftdən gələn ilk iri gəlirlərini Səudiyyə Ərəbistanı hakimiyyəti infrastruktur layihələrinə yönəltdi. 70-ci illərdə krallıq, paytaxt aeroportuna $2 milyard yatırmışdı. Kral ailəsinin təyyarələrə olan sevgisi elə böyük idi ki, heç bir ehtiyac olmadan onlar hər üç-dörd ildən bir hava laynerlərini yeniləri ilə əvəzləyirdilər. Ümumiyyətlə, Səudiyyə Ərəbistanında 30 ildə 205 aeroport tikilib ki, onların çoxuna heç bir ehtiyac indi də duyulmur.

Təyyarələrə olan sevgi bu günədək qalır. Səudiyyə Ərəbistanının şahzadəsi Valid Bin Talal özünə şəxsi, bortuna 550 nəfərin yerləşə biləcəyi nəhəng təyyarə - «Aerobus A308» alan ilk şəxsdir. Qiyməti açıqlamasalar da, kataloqa görə, təyyarənin qiyməti $320 milyondur. Üstəlik, təyyarənin bərpasına ən azı $200 milyon xərclənəcək. Dünya mətbuatının yazdığına görə, şahzadə Valid Bin Talal dəbdəbə içində üzməyi sevir, bunun üçün də Parisdə «Corc V», Nyu-Yorkda «Plaza», Londonda «Savoy» və «Fo Cizons», həmçinin Qahirədə «Nil Plaza Fo Cizons» kimi otellərin sahibidir.

1986-cı ildə açılmış «Kinq-Fahd-Kozuey» körpüsünün uzunluğu 25 kilometrdir və Səudiyyə Ərəbistanını Bəhreynlə birləşdirir. Bu, dünyadakı ən baha körpüdür - onun dəyəri $36 milyarddır.

«Al Salamah» - dünyada ən nəhəng yaxtalardan biridir. Gəminin 142 metr uzunluğu, 23 metr eni var. 90-cı illərin sonunda gəmi $200 milyona başa gəlib. Bu gəmini saxlamaq krallığa ildə 20 milyon dollara başa gəlirdi. Gəminin rəsmi alıcısı Səudiyyə Kral evidir, amma əsl sahibin də adı məlumdur - ölkədə üçüncü adam, Səudiyyə Ərəbistanının mərhum kralı Fəhdanın oğlu, Baş nazirin ikinci müavini, hazırkı müdafiə naziri, şahzadə Sultan Ben Abdul Aziz al Saud. Bu, Səudiyyə kral evinə məxsus dördüncü gəmidir.

2008-ci ilin qışında Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda Səudiyyə Ərəbistanı rəsmiləri «neft pullar»ının istifadəsi planını təqdim etdilər. Bu planların arasında ərazisində dəbdəbəli mehmanxanalar, ticarət mərkəzləri, uçaqlar üçün parklar və neft, neft-kimya sənayesi sahəsində çalışan minlərlə adam üçün yaşayış evlərinin yerləşəcəyi şəhər də daxildir. Səudiyyə Ərəbistanının rəhbərliyi $100 milyard investisiya qoyulacaq müasir turist mərkəzi yaratmağa da hazırlaşır.

Digər böyük layihə ölkənin qərbində kral Abdullanın adını daşıyacaq sənaye şəhəridir. İşin ümumi dəyəri $27 milyarddır, ərazisinə görə isə şəhər Manhettendən üç dəfə böyük olacaq.

PROBLEMLƏR. Səudiyyə Ərəbistanının nəhəng Kral Aparatı və saysız-hesabsız dövlət qulluqçularından ölkəyə heç bir xeyir dəymir. Hətta Avropada nəşr edilən bir ərəb qəzeti bu haqda belə yazıb: «Bunlar ölkənin inkişafı yolunda keçilməsi mümkün olmayan maneədir. Bu aparatın korrupsiyaya yoluxması şəksizdir. Üstəlik, korrupsiya faktı özünü Səudiyyə Ərəbistanına Böyük Britaniyadan gətirilən silah-sursat işində də büruzə verir. Söhbət Qərb KİV-lərinin geniş diqqət ayırdığı "$40 milyardlıq əməliyyatdan və müqavilənin imzalanmasındakı roluna görə kral ailə üzvlərindən birinin $1 milyardı mənimsəməsindən" gedir».

Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Əziz və Barak Obama
Bunu mütləq qeyd etmək lazımdır ki, əvvəllər Səudiyyə Ərəbistanında ictimaiyyət çox nadir hallarda korrupsiya ilə üzləşirdi, amma neftin qiyməti artdıqca korrupsiya da vüsət almağa, daha da genişlənməyə başladı. «Transparency International»ın 2006-cı ildəki hesabatında korrupsiya göstəricisinə görə, Səudiyyə Ərəbistanı 70-ci yerdə dururdu.

İnfrastruktur layihələri heç də keyfiyyətlə həyata keçirilmir. Səudiyyə Ərəbistanı regional yollarının keyfiyyətinə görə qonşu neft ölkələrinin sırasında sonuncu yerdə dayanır.

Şübhəsiz, «Ər-Riyad» qəzetinin yazdığı kimi, ölkə «sözün texniki və təşkilati mənasında idarəetmə inqilabına möhtacdır». Amma belə bir «inqilab» üçün «mütəxəssislər» gərəkdir, Səudiyyə isə hələ də «ölkə rəhbərliyinin vəd etdiyi kimi», «nəhəng əmək emalatxanasına» çevrilməyib, baxmayaraq ki, bunun üçün «çox böyük məbləğdə vəsait sərf olunub». Bundan başqa, «insanın inkişafı heç də həmişə ölkənin inkişafı ilə müşayiət olunmur» və «mövcud qanunvericilik» heç də «bu inkişafa təkan vermir».

Maraqlıdır ki, Səudiyyə Ərəbistanında həmçinin enerji qıtlığı var, baxmayaraq ki, adambaşına enerji israfına görə (ildə hər saat üçün 12 min kvt) ölkə dünya liderləri üçlüyünə daxildir. Birləşmiş Ştatlarda da sərf olunan enerjinin qədəri elə Səudiyyə Ərəbistanının israf etdiyi enerji qədərdir, amma ÜDM-nin həcminə görə ABŞ bu ölkəni 35 dəfə üstələyir. Hazırda ölkədə 2020-ci ildə elektrik istehsalını 69.3 qiqavatt artırmağa imkan verəcək plan hazırlanır. Bu proqrama qoyulması planlaşdırılan vəsaitin ümumi həcmi $117 milyarddır.

Qərb analitiklərinin rəyinə görə, son 30 ildə neft ölkəsi olan heç bir ərəb (müsəlman) dövləti neft sektorunun xaricində effektli iqtisadiyyat yarada bilməyib. Bu, İraq, Liviya, Əlcəzair kimi «eksperimental» ölkələrdə olduğu kimi, Səudiyyə Ərəbistanı üçün də xarakterikdir. Həmçinin bunu 1979-cu ildən bəri fundamental şiə ölkəsi sayılan İran (düzdü, onlar Qərbin embarqo siyasəti nəticəsində bəzi şeyləri özləri istehsal etməyi öyrəniblər) haqqında da demək olar. Küveyt, Qətər, Bəhreyn və BƏƏ kimi həyat səviyyəsi yüksək olan ölkələr isə buna əsasən yerli əhalinin azlığı sayəsində nail olublar. Bu ölkələr hələ də istehsala meylli deyillər və idxala milyardlarla vəsait xərcləyirlər.

NƏTİCƏ. Burdan belə nəticə çıxır: ənənəvi cəmiyyətdə neft ixracından gələn yüksək gəlir effektli investisiyaya, iqtisadiyyata və liberal institutlara çevrilə bilmir. Əksinə, iqtisadi inkişafın tələblərinə uyğunlaşma üçün nəzərdə tutulmuş güclü adaptasiya sistemlərini iflic vəziyyətinə salır.

Beləliklə, məlum olur ki, pulun, hətta nəhəng kapitalın sayəsində belə, iqtisadiyyatın möhkəm inkişafına nail olmaq mümkün deyil. Azərbaycan 2015-ci ildə neft istehsalının səviyyəsini 60 milyon tona çatdırmağı planlaşdırır. Özü də bundan sonra ölkədə neft azalmağa başlayacaq. Səudiyyə Ərəbistanı isə 1974-cü ildən bəri müntəzəm olaraq hər il 400 milyon ton neft çıxarır (2004-cü ildən isə bu göstərici 500 milyonu keçib). Və bu gedişlə Səudiyyə Ərəbistanı hələ 60-70 il iri həcvdə neft çıxara bilər. Azərbaycanın isə imkanları məhduddur, bütün ümidlər «Azəri-Çıraq-Günəşli» layihəsinədir. Hakimiyyət neft pullarını bundan sonra ən çoxu 5-6 i sağa-sola səpələyə (kommersiya cəhətdən özünü doğrultmayan obyektlər tikmək, tikmək və yenə də tikmək) bilər, bundan sonra isə «iştaha kəmərlərini» bərkitmək lazım olacaq.

Maraqlıdır ki, bu qədər dövlət proqramları hazırlandığı vaxt hökumət hələ də gələcək dövrün (məsələn 2020-ci ilin) Azərbaycan vətəndaşının «portretini» göz önünə gətirmək niyyətində olmayıb.
XS
SM
MD
LG