Keçid linkləri

Mənim ana babam Süleyman kişi Qazax mahalının məşhur Kəsəmən kəndinin sayılan adamlarındanmış. Az-çox varı-dövləti, qoyunu-quzusu, malı-heyvanı olub. Sovetlər gələndə, onun hər şeyini tutub əlindən alıblar. Qatıblar kolxoza. Yazıq babam 4 uşaqla qalıb quru düzdə. Çalışıb-vuruşub uşaqları böyüdüb. Təzədən bir az özünü tutub. 3 oğlunu müharibəyə yola salıb. Biri –atanın böyük oğlu, oğlanların ən qoçağı, ən yaxşısı Kərim o gedən olub...

Deyilənə görə, Kərim dayım o biri qardaşlarından fərqli düşünürmüş. Hər şey - var-dövlətin əllərindən alınması gözü qabağında olduğundan, onun ən böyük düşməni Sovet hökumətiymiş. Heç müharibəyə də getmək istəmirmiş. Anam söyləyərdi ki, güclə basdılar. Kiçik qardaşlar müharibədən medallarla qayıdırlar. Kərimin ölüm xəbəri gəlir...

NƏNƏM «KƏRİM» DEYƏ-DEYƏ ÖLDÜ

Zeynəb nənəm ölənəcən «Kərim...Kərim...» dedi. Hətta bizi--nəvələrini çağıranda da, ilk sözü «ay Kərim» olurdu. Vlasovun-almanlara könüllü əsir düşən sovet generalının adını da mən lap uşaqlıqdan eşitmişdim. Evdə hamı bu qənaətdəydi ki, Kərim vlasovçulara qoşulub, ölməyib. Çünki o tərəflərdə döyüşürmüş... 60-cı illərdə dünyaya səpələnmiş əsirlər evlərinə xəbər göndərirdilər. Mənim də bütün uşaqlığım Kərim dayımın nə vaxtsa xaricdən məktub göndərə biləcəyi ümidi ilə yaşayanların içində keçdi. Ancaq məktub gəlmədi...

BABAMIN ƏN BÖYÜK ARZUSU

Böyük oğlunu itirəndən sonra babamın Sovet hökumətinə nifrəti lap alovlanır. O dövrdə kişiləri cəbhələrə yollanan kəndi aclıqdan mənim Süleyman babam xilas edir. Qapısına gələn hər kəsdən unu, taxılı, ərzağı əsirgəmir. Zeynəb anam deyinir, hirslənir, alovlanır—«Özümüzə qalmadı, ay rəhmətliyin oğlu!» deyib qıyya çəkir. Amma kişi öz işindəymiş. Odur ki, mən müharibənin ac ağzından çıxan saysız qadınların babama nə qədər dua etdiyini eşidə-eşidə böyümüşəm...Müharibə bitir. Var-dövlətinin getməsinə dözən babam oğul dərdini--Kərim dərdini heç çəkə bilmir. Ancaq bir arzu ilə yaşayır. Onu da, gizlətməyib yaxınlarıyla bölüşür.

Babanın qırxı verilən gün xəbər yayıldı ki, Stalin ölüb...
Babamın ən böyük arzusu... Stalinin ölümünü görməkmiş!

40-NI VERƏN GÜN STALİNİN ÖLÜM XƏBƏRİ YAYILIR!

Yazıq babam! Arzusu ürəyində qalır. 1953-cü ilin yanvarın sonlarında dünyasını dəyişir. Anam söyləyirdi ki, babanın qırxını verən gün xəbər yayıldı ki, Stalin ölüb...

1953-cü il marın 5-i imiş. Bu arzu ailəmizdə uzun illər danışıldı, təəssüflə yad edildi... Babamın çin olmayan arzusu yarım əsrdir ki, mənim də yaddaşımda qəmli bir xatirə kimi yaşayırdı. Amma sən demə...

STALİNİN ÖLÜMÜNÜ EŞİTMƏK FÜRSƏTİNİ YAXALAYAN BİR NƏFƏR DƏ VARMIŞ!

Bu, Məhəmməd Əmin Bəy idi. Mən dəqiq deyə bilmərəm ki, Əmin Bəy Stalinin ölümünü arzulayırmış, ya yox. Ancaq yazdıqlarından, həyatını bərbad etdiyindən, Vətənini, qurduğu Cümhuriyyəti dağıtdığından, balalarını, ailəsini dərbədər saldığından, milyonlarla insanın taleyini dəyişdirdiyindən bu qənaətə gəlirəm ki, onun ölümünü arzulaya bilərmiş.

Əmin Bəy Süleyman babamdan fərqli olaraq bu fürsəti yaxaladı, Stalinin—«dostunun» ölümünü eşitdi. Onun haqqında kitab da yazdı. İki ili tamamlayıb ertəsi gün--1955-ci il martın 6-da dünyadan köçdü... Süleyman babamın görə bilmədiyini Əmin babam gerçəkləşdirdi!

BUNU BİLƏNDƏN SONRA TƏSƏLLİ TAPDIM

Mən xaraktercə ürəyiyumşaq biriyəm. Ancaq and içirəm ki, bunu eşidəndən sonra xeyli sakitləşdim. Allah günahımdan keçsin!

1955-Cİ İL, 6 MART. ANKARA


Bu gün onun dünyayla, Azərbaycanla vidalaşmasından 55 il keçir. Bəs niyə hər şey sükut içərisindədir? Niyə şəhərdə sakitlikdir? Başqa xatirə günlərində gördüyümüz təntənə hara qeyb olub?

Məhəmməd Əmin Bəyin məzarı
Hanı bir neçə gün öncədən başlanan matəm marşları?

Hanı son günlərini keçirdiyi şəhərdən, gözünü yumduğu xəstəxanadan hazırlanan silsilə filmlər, proqramlar?

Hanı o məşhur xəstəxanadan dastan yazan məşhur jurnalist?

Hanı televiziyaların alışdığımız matəm canfəşanlığı?

Onu kim xatırlamalıdır?

Onun doğumunu, ölümünü, hətta «28 mayısını» nə vaxta qədər ürəklərimizdə qeyd edəcəyik?

Cavab verin!

Onun son günləri barədə çox şey bilmək bizim haqqımızdır! Ancaq son sözündən –3 dəfə «Azərbaycan» deməsindən, Ankaranın Əsri məzarlığında dəfn olunmasından başqa heç nə bilmirik. Bir də nə yaxşı ki, mühacir şair Kərim Yayçının məzarı başında oxuduğu bir şeiri yadigar qalıb. «Bir soyuq mart axşamı tərk edib getdi bizi» -- deyir.

Nə heykəl, nə də iz var: daşda, torpaqda, qumda,
Bir günəşdi, bir günəş! Batıb gedən ufuqda...
Sarmışkən atəşilə imanı qəlbimizi;
Bir soyuq mart axşamı tərk edib getdi bizi...
Təsəllisi güc olur ona vurulanların,
O ümid günəşiydi geridə qalanların,
Bir nəslə həyat verən işıqdı, urfandı o!
Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal
Onun məfkurəsiydi: HAQQ, MÜSAVAT, İSTİQLAL!

Vəssalam? Elə bu? Mən çox şeylər bilmək istəyirəm! Siz necə?

6 mart, 2010. Bakı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG