Keçid linkləri

Təcili xəbərlər

Bədənin humanizmi


Filosof Ağalar Məmmədov
Filosof Ağalar Məmmədov
«Yox»çu kulturamız

Kulturaları da iki cür ayırd etmək olur: Təbiətə, təbiiliyə, səmimiliyə, bədənə «hə» deyən və əksinə, «yox» deyən kulturalar. E. Frommun terminologiyası ilə desəm: biofiliya (həyatsevər) yönümlü kulturalar və nekrofiliya (ölümsevər) yönümlü kulturalar. Bizimki ikincilərdəndir.

Bir gün ərzində eşitdiyiniz «yox»ların sayını «hə»lərlə tutuşdurun. Mentalitetimizin nə qədər «yox»çu, nihilist olduğunu özünüz görün.
Qadağalar, qınaqlar, əyri baxışlar, utandıran və umsuq edən «olmazlar», «ayıbdırlar» mentaliteti yaradıcı insanlarımız üçün neqativ muzadır - ilhamı küsdürən ifritə. Bizim kulturamızın insanın xoşbəxt olmasına əlverişli olmağı bir yana qalsın, əksinə, kötükdür, qəfəsdir, qayçıdır.

M.F.Axundzadədən üzü bəri, tanınmış azərbaycanlıların fotolarını tapıb bir-bir baxın, bircə dənə xoşbəxt, məsud üz görə bilməyəcəksiniz. (Sovetin yalandan hırıldatdığı adamları saymıram). Son 150 ildə bu kulturadan bir nəfər də xoşbəxt adam çıxmayıb!

MƏNƏVİ HUMANİZMİMİZİN KÖKLƏRİ

Qədimdən bu yana tək-tük istisnalar xaric, demək olar ki, bütün dinlərdə və fəlsəfələrdə belə qəbul edilib: insan (human) mahiyyətcə ruhdur. Təkallahlı dinlər, o cümlədən islam təlimi insanı ilahi mənşəli ruhla, bədəni isə «palçıq»la, «gil»lə, «toz-torpaq»la eyniləşdirdi. Bədənin arzuları palçığın, heyvaniliyin səsi sayıldı. «Şeytan maddəyə bürünür» deyildi. Sanki bədən, cismanilik və maddilik insaniliyə daxil deyil.
Gəlin, İ.Nəsimidən eşidək: «Dünyanın nazü nəimi cifədir, yəni nəcis, Ey könül, tahirsən axır, sunma əl murdarinə». Deyir, dünyanın naz-neməti nəcisdir, təmizsənsə, murdara əl uzatma. Xatırladıram ki, Nəsimi tariximizin ən böyük humanisti sayılır.

Qərb fəlsəfəsində də XVIII yüzilliyəcən, Kantadək belə davam etdi. Kantda humanizm nəfsin arzularına «yox» demək idi. Bu insan modeli yarımdini idi. Bunu ilk dəfə görən Nietzsche (Nitşe) oldu və o, Kantı lənətlədi. Nietzschenin «Həyata hə!» konsepsiyası həm də «Bədənə hə!» konsepsiyası idi.

Marks insanı ruhda yox, bədəndə tapmaqla yeni humanizmin ən böyük qurucularından biri oldu.
XX yüz ildə fransız filosofu Marcel (Marsel) belə davam etdi: «Mən həm də öz bədəniməm». «Mənim bədənim var» yox ha, əksinə, «Mən – bədənəm də, bədənim də – mənəm!». «Human»a bədəni də daxil edən bu ekzistensialist çevriliş «humanizm»ə bədənin arzularını da daxil etmiş oldu.
Müsəlman dünyası hələ də Qərbin yeni insanını və bədəni də xoşbəxt etmək istəyən yeni humanizmini anlaya bilmir.

İLK VƏTƏNİMİZ BƏDƏNİMİZDİR

Bizim vətənə, onun yeraltı-yerüstü sərvətlərinə, insanına, vətəndaşına, büdcəsinə, tarixinə, gələcəyinə, muzey eksponatlarına, ekologiyasına, uşaq bağçalarına, təhsilinə və s. və s. laqeyd və biganə münasibətimizlə bədənə laqeyd və biganə münasibətimiz arasında birbaşa əlaqə var. Çünki vətən bədəndən başlanır! Çünki bədənimiz fərdi vətənimizdir!

Biz bədənimizi xoşbəxt edə biləcəyimizə inananda, vətənimizi də sevəcəyik. Öz varlığının yarısını inkar edərək yaşayan canlı xoşbəxt ola bilərmi, güclü ola bilərmi? Belə bir canlı ilə bir yerdə yaşamaq səadət ola bilərmi? O, özünü nəyəsə həsr edə, qurban verə bilərmi?
Sovet qəfəsindən çıxıb materialist Qərb humanizmi ilə tanış olan cəmiyyətimiz hələlik bunu sözlə deyə bilməsə də, əslində o, ta ənənəvi mənəvi Şərq humanizmilə yaşamaq istəmir. Qısqanclıq zəminində artan namus cinayətləri, psixi pozuntular, yayğınlaşan gəncləşmiş intiharlar, gənclərin kütləvi surətdə ölkəni tərk etmək arzusu, azalan mehribanlıq, üzlərdən tökülən zəhrimar, hər şey və hər şey səssiz-səssiz bağırır: Bədəni saymayan humanizm yarımhumanizmdir!

YENİ HUMANİZMİN ƏTRİ

Hələlik mentalitetimiz şou-biznesmenlərimizin və məmur-biznesmenlərimizin həyat tərzi və zövqləri ilə yeniləşir. Bu saat yeniliyi gətirən onlardır. Fəqət iş bundadır ki, gənclərin əksəriyyətinin oxşamaq istədiyi ideallar da məhz vəzifəlilər və manıslardır! Ənənəvi tənqidçilər burada sadəcə mənəvi deqradasiya, sadə xalqın varlılara yaltaqlanması və zövqsüzləşməsini görür. Ancaq daha maraqlı bir səbəb də var:

Gənclər bu iki təbəqənin yeni həyat tərzində öz boğulan arzularının gerçəkliyini görür, yeni humanizmin ətrini duyur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG