Keçid linkləri

«NABUCCO» HƏSRƏTİNDƏKİLƏRİN AÇIQLAMALARI

Son günlər həm ölkə işində, həm də ölkə xaricində mətbuat «Nabucco» qaz kəməri layihəsindən çox ehtirasla danışmağa, yazmağa başlayıb. Nədən ehtiras kəlməsini işlədirəm? Ona görə ki, məsələnin işıqlandırılmasında bir məhəbbət sezilməkdədir, bu hiss olan yerdə isə reallıqdan uzaqlaşmaq ehtimalı böyüyür.

Fikrimi daha dəqiq bölüşmək üçün «Nabucco» layihəsi ilə bağlı yüksək kürsülərdən səslənən bəzi sitatları diqqətinizə çatdırım. Əvvəla, martın 4-də Türkiyə Böyük Millət Məclisinin parafladığı (ratifikasiya etdiyi) layihə 1 həftə sonra prezident Abdulla Gül tərəfindən imzalandı və mətbuatda dərc edilərək hüquqi qüvvəyə mindi. Bundan sonra Avropa Komissiyası Türkiyənin «Nabucco» qaz nəqli layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya etməsini alqışladığını elan etdi. «Biz hamımız «Nabucco» üzrə hökumətlərarası sazişin reallaşması üçün irəliyə doğru hərəkət etməli və şərqi Türkiyədən Avstriyaya qədər boru kəmərinin tikintisinə başlamalıyıq», - deyə enerji məsələləri üzrə Avropa Komissarı Günter Ottinger bildirdi. Onun sözlərinə görə, əgər indiyədək «Nabucco» siyasi prioritet idisə, bundan sonra o, reallığa çevrilir.

Bununla bağlı AzadlıqRadiosunun səhifəsində yerləşdirilmiş materialda isə qeyd olunur ki, Azərbaycandan başlayıb Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanacaq «Nabucco» qaz kəməri layihəsini çoxları ölmüş sayırdılar, amma kəmərin reallaşmasına ümidlər yenidən artıb və kəmərlə ilk qazın artıq 2014-cü ildə axacağı haqqında danışılır.

AzadlıqRadiosuna verdiyi eksklüziv müsahibədə «Nabucco» layihəsinin direktoru Raynhard Mitşek deyir ki, «Türkiyənin bu addımı çox vacibdir. Mən əminəm ki, kəmər işə düşəndə bizim 8-10 milyard kubmetr qazımız olacaq. Daha sonra biz bu rəqəmi – kəmərin tam daşınma gücünə - yəni 31 milyard kubmetrə çatdıra biləcəyik».

Əvvəla ondan başlayaq ki, 2014-cü ildə uzunluğu 3000 km olan bir kəməri fiziki baxımdan tikib başa çatdırmaq mümkündürmü? Hazırkı texniki və texnoloji səviyyəni nəzərə alsaq belə bu tikinti işlərinin tam başa çatdırılması üçün həddən artıq gərgin qrafik deməkdir. Məsələn, uzunluğu 1767 km-lik Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə kommersiya sazişi imzalanandan sonra tikinti işlərinə başlamaq üçün nə az, nə çox düz 40 ay vaxt gərək olmuşdu. Nəticədə 2003-cü ilin aprelində start verilən boru kəməri bütün sınaq məsələləri həll edilməklə yalnız 2006-cı ilin mayın sonunda istifadəyə verildi. Yəni 37 aya. Nəzərə almaq lazımdır ki, bu zaman maliyyə ilə bağlı heç bir ciddi problem ortaya çıxmayıb. Bundan əlavə boru xəttinin resurs bazası da mövcud olub və onun reallaşması üçün siyasi dəstək kifayət qədər yüksək səviyyədə olub.

«Nabucco» kimi layihəni ərsəyə gətirmək üçün bundan sonra hansı etaplar keçilməlidir

1) Layihə iştirakçıları olan dövlətlər (Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya) hökumət səviyyəsində boru xəttinin keçəcəyi dəhlizi müəyyənləşdirməli və bunu xüsusi sərəncamla təsdiqləməlidirlər.

2) Layihə iştirakçısı olan şirkətlər öz investisiyaları hesabına bu dəhliz çərçivəsində texniki-iqtisadi layihələndirmə işlərinə başlamalıdırlar (adətən buna minimum 12 ay vaxt tələb olunur).

3) Qaz kəmərinin keçəcəyi bütün ölkələrlə tranzit sazişləri imzalanmalıdır.

4) Texniki-iqtisadi layihələndirmə işlərinə yekun vurulduqdan sonra ilkin smeta xərcləri müəyyənləşdirilir və bunun hansı hissəsinin iştirakçılar hesabına həyata keçirilməsi razılaşdırılır və yerdə qalan xərclərin maliyyələşdirilməsi üçün müvafiq
Budapeştdə «Nabucco» sammiti , 27 yanvar 2009
qurumlarla kommersiya-kredit sazişinin hazırlanmasına dair danışıqlara start verilir (Rusiya «Nord Stream» üçün 27 Qərb bankından 3.9 milyard avro kredit aldı).

5) Ətraf mühitə təsir ilə bağlı işlərə başlanır və hər bir hökumətin razılığı alınır (bu çox ağrılı prosesdir – məsələn, Rusiya kimi nəhəng Nord Stream qaz kəmərinin çəkilişinə başlayana qədər ekoloji məsələlərini həll etmək üçün 3 ilə yaxın vaxt sərf edib).

6) Maliyyə məsələsi tam hazır olandan sonra boru xəttinin inşa edilməsinin təfsilatlı iş planı təsdiq edilir

7) Boru xəttinin inşaasını həyata keçirmək üçün hökumətlərin təsdiq etdiyi dəhliz çərçivəsində torpaq sahələrinin alınması və ya icarəyə götürülməsi prosesinə başlanılır (12 aydan tez həyata keçirilməsi şübhə doğurur).

9) Boru xəttinin lotlar (hissələr) üzrə tikintisi üzrə tender prosesi həyata keçirilir və kommersiya müqavilələri imzalanır.

10) Tikinti işləri başa çatır (gününə 3 km boru xəttinin düzülməsini planlaşdırsaq belə, bunun üzün 33 ay gərəkdir)

11) Boru xəttinin istismara verilməsinə qədər onun sınaq testləri başlayır və müstəqil texniki auditi keçirilir və yalnız bundan sonra bütün sənədlər hökumət komissiyalarına təqdim edilir.

12 ) Boru xəttinin texniki qazla doldurulmasına başlanılır (bundan öncə texniki qazın alınmasının maliyyə proseduraları həlini tapmalıdır)

Yuxarıda qeyd etdiyim məsələlər ancaq infrastrukturun yaradılması ilə bağlı olan etaplar idi. Göründüyü kimi qarşıda nəhəng işlər durur və bunun ərsəyə gətirilməsi uçun minimum 50-60 ay gərəkdir.

TUNELİN SONUNDAKI İŞIQ HƏLƏ GÖRÜNMÜR

Tutaq ki, «Nabucco Pipeline Company» hansısa «sehrli çubuq» əməliyyatı ilə, Raynhard Mitşekin dediyi kimi, 2014-cü ildə infrastrukturu tam hazır vəziyyətə gətirə bildi. Bəs bu halda ona lazım olan ilkin qaz həcmini (8-10 milyard kubmetr) haradan tapacaqlar?

Axı bu gün belə «Şah-dəniz»in «Mərhələ-2» layihəsinə start verilsə belə, ilkin qaz hasilatı 2016-cı ilin sonunda, qaz ixracı isə 2017-ci il I rübün sonunda başlaya bilər. Bundan əlavə «Mərhələ-2» layihəsi çərçivəsində planlaşdırılmış stabil qaz hasilatına (ildə 16 milyard kubmetr) yalnız 2019-cu ildə çatmaq olar. 2014-də isə Azərbaycan maksimum 19-20 milyard kubmetr əmtəəlik (kommersiya) qaza malik olacaqdır ki, bunun da 9 milyardı ölkə daxilində satılmalı, 8 milyardı «Şah-dəniz»in «Mərhələ-1» layihəsi çərçivəsində ixrac edilməli, yerdə qalan 2 milyardın çox güman ki, qonşu ölkələrə, o cümlədən Yunanıstana və Suriyaya göndərilə bilər.

Yəni, Azərbaycanın «Nabucco» üçün real qaz təklifi yalnız «Mərhələ-2» layihəsi çərçivəsində mümkündür. O ki, qaldı Türkmənistana olan ümidlər... məncə, yaxın perspektiv üçün (4-5 il) bu bir xülyadır. Ona görə ki, Türkmənistan qazının Avropaya daşınması üçün ya İran üzərindən keçilməli, ya da «Transxəzər» boru xətti inşa edilməlidir. Bunların hər ikisinin şansı isə Türkmənistanda yaxın 10 ildə vətəndaş cəmiyyətinin qaz gəlirləri üzərində kifayət qədər hüquqi nəzarət mexanizmi yaratmaq ideyası ilə bərabərdir. Elə isə Qərb kimə təsəlli verir...

Şərhləri göstər

XS
SM
MD
LG