Keçid linkləri

1963-cü ildə Hanna Arendt «Ayxman Yerusəlimdə» kitabı ilə dünyaya səs saldı. Kitab Almaniyada yəhudi qırğınının əsas təşkilatçılarından olan Adolf Ayxmanın Yerusəlimdəki məhkəməsinə siyasi nəzəriyyəçi baxışını əks etdirirdi.

Həmin dövrdə faşist Almaniyasının törətdiyi vəhşiliklər açıqlandıqca dünyaya belə bir fikir hakim kəsilmişdi ki, bu cinayətləri törədənlər insan deyillər, vəhşi, yırtıcı insanlıqdan kənar, əxlaqsız bir varlıqlardırlar.

Hanna Arendt bu fikri hədəf seçərək darmadağın etdi. Arendt yazırdı ki, məhkəmə çox çalışdı ki, Ayxmanı cəmiyyətə vəhşi kimi təqdim etsin, amma bu alınmadı. Ayxman vəhşi deyildi.

Həyatın digər sahələrinə dair normal baxışları olan Ayxman, məsələn, İmmanuil Kantın fəlsəfəsini çox bəyənirmiş, öz fikirlərini normal məntiqlə əsaslandırmağa çalışırmış, amma... Bu insan həm də milyonlarla insanı yer üzündən silmək planının müəllifliyini edirmiş və öz fikrincə, bir dövlət məmuru kimi ölkə qanunlarının icra edilməsinə öz töhfələrini edirmiş.

ZÜLM NECƏ ADİLƏŞİR?

Bu fenomeni «masa qatilliyi», yaxud «məmur qatiliyi» adlandıran Arendtin fikrincə burada söhbət vəhşiləşmiş varlıqların törətdiyi qeyri-insanı hərəkətlərdən getmir. Məsələnin mahiyyəti cəmiyyəti bürümüş zülmün adiləşməsindədir. Arendtə görə, cəmiyyətdə total qorxu hökm sürəndə bir çoxları baş verənlərə etiraz etmək yolunu seçsə də, əksəriyyət cəmiyyəti idarə edən yeni oyun qaydalarına tabe olur və zülm adiləşir. Normal cəmiyyətdə normal işlərlə məşğul ola biləcək məmurlar yeni şəraitdə iri dövlət mexanizminin vinti kimi öz qatil funksiyalarını canla-başla icra edirlər.

İddia etmirəm ki, Azərbaycanda baş verənlər Almaniyada baş vermiş dəhşətlərlə eyniyyət təşkil edir. Lakin bu nəzəriyyə, hər halda, bəzi suallara cavab tapmağa kömək edə bilər. Dostlarımdan biri gileylənirdi ki, Azərbaycanda bu qədər vəhşilikləri törədənlər axı haradan peyda olur?

Bloqqerləri döyən, sonra da məhkəmədə onların üzünə dayanıb onların məhkumluğunda iştirak edən iki nəfər gənc, bu istintaqı bilərəkdən əyri aparıb iki nəfərin həyatını sındırmaq üçün əməlli-başlı səy göstərən prokurorluq işçiləri, ədalətsiz hökmü oxuyan hakimlər – onların hamısının yəqin ki, normal şəxsi həyatı, ailəsi var.

YƏQIN Kİ, BƏZİLƏRİ HƏTTA İNANCLI İNSANLARDIR

– namaz qılırlar, oruc tuturlar, gündəlik həyatda savab qazanmağa çalışırlar. Amma onlar həm də hər gün işə gedirlər – adam şərləməyə, günahsızın üzünə durmağa, istintaq dəlilləri saxtalaşdırmağa, nahaq hökm oxumağa və s.

Diqqəti ancaq bloqqerlərin işi üzərində cəmləmək istəməzdim. Sadəcə konveyerin iş üsulunu göstərmək üçün bir prosesi əvvəldən axıra təsvir etməyə ehtiyac var idi. Belə nümunələr həddən artıq çoxdur. Elə bu yaxınlarda medianın diqqət çəkdiyi insanların evlərinin sökülməsi probleminə baxın: Bakı Şəhər İcra Hakimiyyətində kimsə bir sənədə imza atır, kimlərsə əmrin icrası üçün insanların evinə gedib onları çölə atır, adi fəhlələr, yenə də kiminsə əmri ilə, bu evləri canla-başla sökürlər; ah-nalə göyə dirənir və insanlar etiraz edir; polis çağrılır və onlar insanları döyüb qovurlar. Bənənyardakı dini ayinlərin icrası kiminsə xoşuna gəlmir; o adam qərar verir ki, tədbir dağıdılsın; polisdə işləyən adi insanlar gedib bu adamları döyürlər; xarici diplomatlar kəndə gəlib camaatın dərdini öyrənmək istəyəndə, yenə kimsə qərar verir; bəzi adamları kəndin girəcəyinə düzürlər; onlar da canla-başla diplomatları təhqir edib qovurlar. Siyahını uzatmaq da olar. Amma bir epizodu da diqqətə çəkib bu təsviri tamamlamaq istəyirəm. Keçmiş Laçın batalyonunun komandiri Arif Paşayevin məhkəməsi gedəndə hakim verilən əmrə uyğun şəkildə Paşayevi məhkum etmək üçün əlindən gələni edirdi. Hələ güllələnmə cəzası ləğv edilməmişdi və hakimin keçmiş Qarabağ döyüşçüsünün üstünə yaxmaq istədiyi şər ölüm cəzasının verilməsi ilə nəticələnə bilərdi. İndi hakimiyyət düşərgəsinə qulluq edən bir dostum o vaxt təəccüblə mənə bunları demişdi:

«BELƏ DƏ ÇÖRƏK OLAR?!»

«Arif Paşayevi ən ağır cəzaya doğru itələyən hakim Arif Paşayevn ailə üzvlərinə deyir ki, ağsaqqal, neyləyim, çörəyim bundan çıxır. Belə çörək olar?»

Gerçək budur ki, ölkəmizdə zülm adiləşib. Bu zülmü yaşayanlar minlərdirsə, onun icrasında iştirak edib öz həmvətənlərinə qan udduranlar da minlərlə adi insanlardır. Azərbaycanda baş verənlərin Almaniyada baş verənlərlə ən azı miqyas baxımından xeyli fərqləndiyini vurğulayıb bəzi məsələləri dartışmaq olar. Lakin mənimlə bu mövzuda mübahisəyə girmək istəyənlər gərək əvvəlcə növbənöv beynəlxalq təşkilatların Azərbaycanda sənədləşdirdikləri saysız-hesabsız hüquq pozuntularına nəzər salsınlar və bir suala cavab versinlər:

Doğrudanmı baş verən bunca hüquq pozuntuları ayrı-ayrı fərdlərin təşəbbüsünün nəticəsidir? Və əgər belədirsə, onda Azərbaycan xalqı bu qədər zalımı necə yetişdirir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG