Keçid linkləri

Azərbaycanla Türkiyə arasında qaz alış-verişi məsələsində yenidən gərginlik yaranıb. Bu dəfə sükutu Türkiyə tərəfi pozub, özü də nazir səviyyəsində!

Türkiyənin təbii resurslar və energetika naziri Taner Yıldız «Reuters» agentliyinə açıqlamasında Azərbaycanla qaz danışıqlarının siyasi səbəblər üzündən artıq bir aydan çoxdur ki, aparılmadığını dilə gətirib.

Göründüyü kimi, iki dost və qardaş ölkə arasındakı budəfəki «soyuqlama» əvvəlkilərindən fərqlənir və vaxtında «müalicə» edilməsə, fəsadları daha ciddi ola bilər, çünki araya qaz alış-verişi məsələsi ilə yanaşı siyasət də daxil olub. Amma ictimaiyyətə hələ bəlli deyil ki, bu nə siyasətdir ki, qardaşı-qardaş üstünə qaldırmağa da qadirdir.

Uzun sözün qısası, əvvəllər rəsmi Bakı Rəcəb Tayyip Ərdoğan hökumətindən ona görə umu-küsü etmək siyasəti yürütməyə başladı ki, ortada Türkiyə-Ermənistan sərhədlərinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş Azərbaycan torpaqlarının azad edilmədən açılması məsələsi gündəmə gəlmişdi. Yəni, «sənə güvəndiyim dağlar, sənə də qar yağarmış» misalı praktikada Azərbaycanı yaman yerdə yaxalamışdı.

Ancaq ötən 1 ildə Türkiyə hökuməti öz siyasi kursunu bir-neçə dəfə kökündən dəyişməyə start verdi ki, rəsmi Bakının maraqlarına ziyan gətirməsin: sərhədlərin açılmasının erməni işğalçılarının geri çəkilməsindən sonra mümkünlüyünü Ağ Evdə də bəyan etdi, Brüsseldə də, NATO-nun yüksək səviyyəli tədbirində də, İsraillə Fələstin torpaqlarının işğalı məsələsində də üz-göz olmaqdan çəkinmədi, İranla qaz yataqlarının birgə işlənməsinə dair saziş imzalamağa da cürət etdi və 2010-cu ilin martından rus rublunun Türkiyə ərazisində alış-verişdə istifadəsinə də başladı. Yəni Türkiyə 2008-ci ilin avqustundan regionda öz oyununu oynamaq niyyətini ortaya qoymağa çalışır və buna görə təbii ki, kimin(lərin)sə maraqlarını minimallaşdırmalıdır ki, arzusuna çatsın.
Taner Yıldız
Ancaq sadəlövhlük olardı ki, bu məsələdə rəsmi Ankara Azərbaycanı ilk hədəf kimi seçsin və «Şah-dəniz» qazının 2-ci Mərhələsindən hasil ediləcək təbii qazın dünya bazarına çıxarılması üçün əngəl törətsin. Demək aysberqin görünməyən tərəfində başqa siyasi amillər də var ki, bunu Taner Yıldız ezop dili ilə çatdırmaq məcburiyyətindədir.

Doğrudan da, nədən Azərbaycan tərəfi 2009-cu ilin dekabrında Türkiyə ilə vizasız gediş-gəlişi ləğv etməyə hazır olmadı və həqiqətənmi o zaman bunun texniki məsələlərlə bağlılığını dilə gətirən rəsmi Bakı üzərindən 3 ay keçməsinə baxmayaraq «bir texnik» tapa bilmir ki, cəmiyyətə çox lazımlı olan problemi yoluna qoysun. Əvəzində isə tələm-tələsik Novruz bayramı qabağı Bakıda Azərbaycan-Rumıniya birgə işçi qrupunun iclası keçirilir və burada Azərbaycan qazının sıxılmış halda Gürcüstan üzərindən (oxu – Türkiyədən yan keçməklə) Avropa bazarlarına ixracı məsələsi müzakirə edilir, baxmayaraq ki, həmin layihənin bahalılığına görə indidən reallaşmayacağını əksər beynəlxalq ekspertlər dilə gətiriblər. Ona görə ki, bu layihənin həyata keçirilməsi üçün 5-7 milyard avro vəsait gərəkdir. Görünür Türkiyə hökumətinin SOCAR-ın arzusunu nəzərə alaraq İzmirdə «Petkim» şirkəti ərazisində yeni neftayırma zavodunun inşaasına müsbət cavab verməsi də rəsmi Bakının «ürəyini ələ almağa» bəs etməyib. Belə ki, bu xəbərdən sonra Azərbaycan mediasında Bakıdakı Şəhidlər Məscidinin (Türkiyənin Dəyanət Vakfınındır) yerinin dəyişdiriləcəyi ilə bağlı məsələ yer aldı.

Bir sözlə, rəsmi Bakı özünə YENİ YOL axtarır ki, bundan sonra onun ÖZƏL YOLU olsun: ürəyindən keçən vaxt ondan istifadə edə bilsin və ən əsası oradakı hərəkət qaydalarını özü müəyyənləşdirsin (yəni Azərbaycan yollarındakı Dövlət Yol Polisinin apardığı siyasət kimi – kimi istəsələr tutub cərimə edə bilərlər, kimə istəsələr istənilən vaxt limitsiz sürətlə «yaşıl işıq» yandıra bilərlər).

Ancaq bu heç də o demək deyil ki, özəl yolu olan hər kəsin stabil, təhlükəsiz və uzunmüddətli nəql imkanı olur...

Şərhləri göstər

XS
SM
MD
LG