Keçid linkləri

«Düzünü bilmək asanca və birbaşa düzünü etməyə gətirib çıxarır». Bu düstur adi şüurun və ya adi bilincin inanışlarındandır. Ona görə də özündə bu inanışı gəzdirən kəslər görəndə ki, əxlaq professoru alçağın biridir çaş qalırlar.

Belənçi faktlar «düzünü bilmək düzünü etməkdir» düsturunu səbəbin qaçılmaz nəticə verməsi ilə çox da bağlamamağa çağırır və bu zaman belə bir soru çıxır: necə etmək, hansı mexanizmləri düzüb-qoşmaq ki, düzgün bildiyin düzgün etdiyinə çevrilsin?

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ DİAQNOZ

Mədəniyyət həm də düzgün bilmək və düzgün etmək üçün yüzlərlə mexanizm icad edən «makina», «maşın» olmalıdır. Bax, bunu aydınlaşdıra-aydınlaşdıra əldə olunan biliklərdən Azərbaycan mədəniyyətinə diaqnoz qoymaq olar.

Hələlik yalnız baxaq düzgün bilmək məsələsinə. Karl Popper adında filosof söyləmişdi ki, rasional bilik yüksək dərəcədə heç cürə bir başda, bir şüurda doğmur. Bilikdə rasionallığın artması üçün bu biliklə bağlı səviyyəli adamların diskussiyaları olmalıdır. Deməli, rasionallıq bilinclərin, şüurların dartışmasında ortaya çıxa bilir, yəni diskussiya edən başların arasında peyda olur. Bu başların arası isə mədəniyyətin verdiyi məkandır.

Bax, bundan sonra gəlin, baxaq bizim milli mədəniyyətə. Deyə bilərikmi ki, Prezident aparatında, Milli Məclisdə problemləri tanımaq, çözməklə bağlı qərarları hazırlayan dəstələr intensiv diskussiyalarda bulunurlar? Deyə bilərikmi Azərbaycan Mediasında ölkə poblemləri üzrə dartışmalar üçün geniş meydan verilib? Yox, deyə bilmərik. Deyə bilərikmi Azərbaycan milli gələnyində nəzakət və utancaqlıq etiketləri daban-dabana zidd baxışların mədəni diskussiyasına şərait yaratmaq üçüın «ixtisaslaşıb»? Bunu da deyə bilmərik.

Bizdə qanunların, qərarların, proqramların böyük qismi «dünya təcrübəsindən» köçürmək, götürmək əsasında hazırlanr, az qismi isə ayrı-ayrı ekspertlərin şəxsi bacarığı sayəsində. Ancaq Azərbaycanda siyasət, iqtisadiyyat, sosial problemlərlə bağlı gur yaradıcılıq əsasında icadlar azdır, onların da bir kəsimi «qanunu necə etmək ki, camaatdan pul qoparmaq olsun» icadlarıdır.

Əgər bir sahədə rasionallıq yoxdursa, deməli, orada miflər, fantomlar, mövhumat, illüziyalar, aldanışlar dumanı var. Ona görə də demək olar ki, Azərbaycanda toplumun problemlərini çözməklə bağlı qeyri-rasional dumanın qalınlığı çox böyükdür. İnsanlıq həmişə irrasionallığın dumanı arasından əslində olanlara baxışını zilləməyə çalışır. Bu, Batıda da belədir, Doğuda da. Ancaq Batının, Çinin, Türkiyənin, Sinqapurun texnoloji, siyasi uğurları göstərir ki, İran kimi ölkələrə baxanda həmin dumanı gerçəkliyə doğru daha uğurla, daha çox yara bilirlər.

AXMAQ BİR DUMAN

Pul çox sağlam bir şeydir. Güc, iradə də sağlam bir şeydir. Ancaq Azərbaycan kimi ölkələrdə hakimiyyət yetkililəri pulu, iradəni, gücü qeyri-sağlam, mistik bir şeyə çevirib özlərini də, bizi də axmaq bir dumana bürüyüblər. Azərbaycanda hakimiyyətin bütün pillələrində «niyə bu cür oldun?», «niyə belə etdin?»in motivləri pula, iradəyə, yəni istədiyini yeritməyə çatmaqla formalaşır. Ancaq Azərbaycanda pul psixolojisi xəstədirsə, üstün olmaq, üstdə olmaq istəyi atavistikdirsə, deməli, rasionallıqdan uzaqdırlar.

Mən rasionallığın qorxularını ağıllı adamlardan çox oxumuşam. Mən ağıllı adamlardan irrasionallığın da insan üçün gərəyini çox oxumuşam. Ancaq onu da bilirəm ki, qazanc və üstdə durmaq motivlərini mədəniyyət irrasonallıq dumanından arındırmayanda iyrənc mühit yaranır və hamı-hamıdan narazı olur. «Pul əl çirkidir», «İsgəndərə də qalmayan dünya» deyimləri bu məqsədlər üçün ortaya çıxsalar da artıq yaxşı işləmirlər. Bəs onda nə edək?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG