Keçid linkləri

Təcili xəbərlər

Hüquq və imtiyaz


Necə olur ki, hakimiyyətə sərf edən anlarda aksiya keçirməyə icazə verilir, sərf etməyən anlarda isə yox?...
Necə olur ki, hakimiyyətə sərf edən anlarda aksiya keçirməyə icazə verilir, sərf etməyən anlarda isə yox?...
Sərbəst toplaşmaq hüquqdur, yoxsa imtiyaz? Mülkiyyət hüquqdur, yoxsa imtiyaz?... Sıranı davam etdirmək olar. Amma buna ehtiyac varmı? Onsuz da bu ölkədə hüquq qədər dolaşıq anlayış yoxdur. Qanun daha çox qadağadır, Konstitusiya daha çox deklarasiya. Belə siyasi cəngəllikdə yaşamaq da çox müşkül!... Bəlkə də sərbəst toplaşmaq hüququ ilə mülkiyyət hüququ bir sırada bir o qədər də uyuşmur. Amma ölkədə son vaxtlar baş verən olaylar vaxtı onlar bir cərgələndi. Elə hüquqla imtiyaz da o qədər də qoşalaşmır. Amma nə edəsən ki, bu ölkədə onlar çulğalaşıb. Bütün dünyada imtiyazların azaldılması prosesi baş verir. Dünya təbəqələşməni sevmir. Hüquqlar bərabərləşdirilir. Burada isə əksinə, imtiyazlı təbəqə gündən-günə daha qabarıq görünür, onunla adi vətəndaşlar arasındakı fərq daha bariz nəzərə çarpır. Söhbət də elə bu haqdadır.

BİR AKSİYA HAQQINDA

ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı açıqlanandan sonra hakimiyyət ABŞ səfirliyi qarşısında gənclərin aksiyasını keçirdi. Buna zərrə qədər də şübhə yoxdur ki, aksiya hakimiyyətin xeyir-duası ilə təşkil olunmuşdu. Ona görə ki, bu ölkədə siyasi aksiyalara çoxdan son qoyulub.

Heç kimə aksiya keçirməyə icazə verilmir. Bu detal səfirliyin reaksiyasında da nəzərə çarpırdı. Səfirliyin diqqətini cəlb edən daha çox gənclərin etirazı yox, onlara bu etirazı ifadə etmək üçün verilən icazə idi. Səfirlik gənclərin öz etirazlarını bildirmək hüququnun gerçəkləşməsinə çox yüksək qiymət verdi. Amma bir sual öz cavabını tapmadı və bu sual da səfirliyə yox, hökumətə ünvanlanmalı idi. Necə olur ki, gənclərin bir hissəsinə aksiya keçirməyə icazə verilir, digər hissəsinə isə yox? Necə olur ki, hakimiyyətə sərf edən anlarda aksiya keçirməyə icazə verilir, sərf etməyən anlarda isə yox?... Bu kiçik detal özü bir daha sübut edir ki, bu ölkədə hüquqdan yox, imtiyazdan danışmaq lazımdır. İmtiyazlar və imtiyazlar!

Bir detalı da qeyd etmək yerinə düşər. Bu il parlament seçkisi ilidir. Artıq indidən bəzi partiyalar siyasi aksiyalara başlayacaqlarını bildirirlər. Amma onlara icazə veriləcəkmi? Çətin. Güman ki, müxalifət partiyaları icazə əvəzinə «yox» yazılmış cavablar alacaqlar.

MÜLKİYYƏT HAMININ HÜQUQUDURMU?

Formal olaraq hamının hüquqdur. Bu hətta Konstitusiyada da təsbit olunub. Amma ABŞ qəzetlərinin mülklər haqqında yazdığı məqaləyə cavablar çox maraqlı oldu. Əvvəla, heç kim bunu təkzib etmədi. Daha sonra isə bildirildi ki, prezidentin mülkə sahib olmaq hüququ var. Yenə də hüquq və imtiyaz məsələsi yada düşdü. Görən, bu mülklər hansı vəsaitə ərsəyə gəlib? Bunu deyən olmadı. Gözümüzün önündə bir daha imtiyazlı təbəqə dayandı. Onlar ilə bizim aramızdakı fərq ondadır ki, onlar «yuxarı»da, biz isə «aşağıda»yıq.

Qanun onlar üçün imtiyaz, bizim üçün isə qadağadır. Qanun kiminə yaşıl işıq, kiminə də qırmızı işıq yandırır. Azərbaycanlıların bərabərliyindən danışmaq isə azərbaycanlı kosmonavtın sabah uzaq Marsa uçmasından danışmaq kimidir. Realdırmı? Çətin!!!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG