Keçid linkləri

Təcili xəbərlər

Misir Mərdanov: «Meydanda tək qalmışam»


«Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir.

Ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamların heç biri bu hücumlara qarşı heç nə demir. Respublika rəhbərliyində də, dünyada da belə fikir yaranır ki, deyilənlər düzdür. Mən buna çox təəssüflənirəm».

APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiyada bildirib.

O, Azərbaycanda yüksək təhsil almış kifayət qədər qabiliyyətli şəxslərin olduğunu deyib:

«Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub. Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını təkzib edirəm və bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var».

Nazirin sözlərinə görə, hazırda azərbaycanlı tələbələr ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alırlar. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var:

«Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Yerdən bitib? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu görməməzliklərə qarşı çıxdığını görmədim. 15 ildir biz hamımız bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri prezidentin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar. İmkan verməyin ki, kimsə, təhsilin səviyyəsi barədə həqiqətə uyğun olmayan fikirləri həqiqət kimi ictimaiyyətə təqdim etsin. Demək olar meydanda tək qalmışam, heç kəs təhsilə qara yaxanlara cavab vermir».
XS
SM
MD
LG