Keçid linkləri

Ötən həftə ATV-də «El içində»ki dartışmaya qatılanda bir daha gördüm ki, İslamla bağlı doqmatik olmayan düşüncələri söyləməyə gərək var. Doqmatizm hansısa düşüncə başlanğıclarını aksioma kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə ilgili bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmatizm çox pis xəstəlikdir. Teksti doqmatizm üstündə qurmaq rahatdır, ona görə də hamıya yoluxur, indi qorxuram mənə də yoluxsun.

HƏYAT «BARMAQ UCUNDA» DURMAQ KİMİDİR


Verilişdə aparıcı məndən soruşdu ki, insanlar nədən falçılara üz tuturlar? Cavabında Şopenhauerin yaşamla, həyatla bağlı düşüncəsini söylədim: Həyat anın qırnığı içində durub. Biz isə çox vaxt həyat deyəndə nəsə lent kimi uzanan prosesi görürük. Halbuki Avqustin adi bir nəsnəni açıb ağartmışdı: gələcək hələ yoxdur, keçmiş artıq yoxdur. İndi isə bır qırnıq andır ki, gələn kimi də gedir. Şopenhauerin dediyi yaşam, həyat, bax, bu anın üstündə «barmaq ucunda» durmaq kimidir. Verilişdə mənim əlavəm: bu yoxluqdan gəlib hər an yoxluğa axan həyata görün nə qədər viruslar, nə qədər mikroblar, kiflər, xəstəliklər, gözlənməz qəzalar, təhlükələr qənim kəsilib?! Onun üçün də həyatın efemerliyinə, kövrəkliyinə dözməyən insanların nəsə söykənc qazanmaq üçün falçıya üz tutması anlaşılandır.

Dalınca sual gəldi: fal və cadu fırıldaqdır, yoxsa gerçək əsası var?

Suala doqmatik cavabın güya elmi və güya dini variantları var. Dini cavab söyləyir ki, İslamda (və Xristianlıqda da elədir) qara magiya pislənir, şeytan əməli sayılır.

Mən isə söylədim ki, elə məsələlər var ki, onların rasional, ağıla söykənən doğru cavabı yoxdur. Fal, cadu, pirlərin, qutsal qayaların möcüzəli təsiri də o cürdür. Onları elmi anlamaq mümkün olmadığı üçün «doğru/yalan» kateqoriyasında düşünmək də mümkün deyil. Elə buna görə də o sahədə çoxlu fırıldaqçılar var, ancaq Nostradamus və Vanqa da var.

Düzdür, sonra doqmatik olmamaq üçün mən söylədim ki, ancaq falı düşüncə qaydalarında müdafiə edənlər belə bir suala cavabı tapmalıdırlar, onu mən tapa bilmirəm. Fal, öncəgörüm faktı ona söykənir ki, gələcəkdə olanların ssenarisi, proyekti, planı var və orada, tutalım, yazılıb ki, filankəs filan yerdə qəzaya düşməlidir, bunun üstündə ailəsi başsız qalmalıdır, başsız qaldığı üçün də kimsə onları aldadıb evlərini ələ keçirməlidir və daha sonra məhz buna görə el içində biabır olmalıdır. Anlayışına görə falçılıq Tanrının (ya hansısa Uca varlığın) bu ssenarisindən xəbər tutmaqdır, ona görə də öncədən bilməkdir. Belə ssenari olmasa, olacağı haradan «oxumaq» olar?! Ancaq əgər falçı adamı xəbərdar edirsə, o, qəzadan yayınır, bununla da filankəsin el içində biabır olması ssenarisi dağılır. Deməli, Tanrı həməncə elə «dönüş» etməlidir ki, o filankəs başqa ssenari zənciri ilə biabır olsun. Ancaq dünyanın, axı min yerində falçılar xəbərdarlıq edirlər (yəqin Onun razılığı ilə) və Tanrı hər an öz ssenarisinə düzəlişlər etməli olur. Hər nöqtəsində min cür redaktəyə məruz qalan isə artıq ssenari deyil. Belə isə ssenari yoxdur, yoxdursa, falçılığın da öncəgörüm əsası yoxdur.

DİNDƏ TƏRİQƏTLƏR NƏ QƏDƏR ÇOX OLSA...

Oxşar olaraq, biz dua edib Allahdan nəyisə istəyəndə ümid edirik ki, O öz ssenarisini dəyişib bizə planlaşdırmadığı yaxşılığı edəcək. Ancaq dünyada görün nə qədər Allaha yalvaran var və onların hansı kəsiminə isə Allah rəhm edir. Edirsə, deməli, yenə planlarını hər an dəyişməli olur. Bu necə plandır ki, hər nöqtəsində düzəlişlər edilir?! Əgər bu söylədiyim doğrudursa, o zaman necə Allaha yalvarıb Ondan nəsə istəmək olar?! Bax, mənim bilmədiyim bunlardır, ancaq bu bilmədiklərimə görə, doqmatizmə yol verib falı, duanı şübhə altına almıram. Hərçənd hansı falçısa məndə gülüş doğura bilər.

Dini doqmatik düşünənlərə və bundan çıxış edərək başqalarına İslama xəyanət etmiş və ya kafir kimi baxanlara belə hallar ibrətdir: heç vaxt səndəki inamı, İslama sevgini «yalnız mən düzəm» düşüncəsi ilə bağlama. Başqalarının ibadət və ya ateist işinə qarışma. Sevgin varsa, onun xoşbəxtliyində bulunmaqla yetərlən. Hər sahədə olduğu kimi İslamda da doqma, ideya monopoliyası qorxuludur. Monopoliyanın tərsi plüralizm, çoxculluqdur. Ona görə də mən İslamda nə qədər çox qruplaşmalar, təriqətlər olursa, bunu o qədər yaxşı sayıram. Təki hamısı «yalnız mən düzəm» xəstəliyinə tutulmasın, tutulub qan tökməsin. Hər dini dəstənin iki məsələyə ixtiyarı olmalıdır, birincisi, özünü çəkimli edib yeni üzvləri toplamağa, ikincisi, başqa dəstələrdə təhlükələr görəndə, xəbərdarlıq etməyə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG