Keçid linkləri

Təcili xəbərlər

Sözün sonunda


Ağalar Məmmədov
Sözün qurtardığı vaxtlar olur. Təkcə eşidilmədiyi vaxtlar yox, eşidilib qurtardığı vaxtlar, artıq gərəksiz olduğu vaxtlar. Zehinlərin sözlə dolduğu, daşdığı vaxtlar.

Qulaqlarım mənə deyir ki, insanlarımız son vaxtlar küçədə, ictimai nəqliyyatda, hətta bazarda da az danışmağa başlayıblar. Diqqət yetirmisinizmi, söhbət səsi azalıb, hətta mübahisələr də azalıb, əvəzində qətllər, intiharlar çoxalıb, insanlarımız azdanışan olub. Təkcə azoxuyan yox.

Cəmiyyətin kitaba, sözə olan marağının azalmasında, hətta az qala yoxa çıxmasında nəsə produktiv, sevindirici, ümidverici bir üfüq ola bilməzmi?
Bir sosial mühit üçün sözün qurtarması sözün öz kəsərini, funksiyasını, dəyişdiricilik gücünü itirməsi deməkdir, sözlük bir şeyin qalmasına daha inanmamaq deməkdir.

Şeirə, fəlsəfəyə, qalın romanlara, ümumiyyətlə kitab oxumağa marağın azaldığını hamımız görürük. Bunun özü sözün sonu deyilmi azəri mühitində? Məncə, sonudur. Bütövlükdə sözün sonu!

SÖZÜN SONU NƏ DEYİR BİZƏ?

Razılaşıram ki, sözün sonu cəmiyyət üçün ekstremal haldır. Məsələn, müharibə sözün sonudur. Terror sözün sonudur. Dava-dalaş da sözün sonudur. Təhqir də, söyüş də son sözdür, sona çatmağa hazırlaşan sözdür.

Ümumiyyətlə, görəsən, Şərqdə nə üçün ta qədimdən bəri pafoslu, poetik, musiqili, başa düşülməyən, amma ürəyəyatımlı söz daha çox dinləyici toplayır, düşündürücü, dəyişdirici, qaşdüyünlədən söz az?

Həmsöhbətlər arasında söz qurtaranda onlar ya vaxtında bir-birlərindən aralaşmırlar, ya da birlikdə susmağı, susuşmağı bacarmırlar deyə, aralarında söz-söhbətlər yaranır. Sözün zərərverici olduğu vaxtlar da olur. Gərək, söz qurtaranda susmağa dözəsən...

Qarabağ danışıqları nə üçün nəticə vermir? Çünki tərəflər arasında söz faktik olaraq sona çatıb əslində.

Hal-hazırda cəmiyyətin böyük bir hissəsi mat-məəttəl, təəccüblə dayanıb baxmaqla məşğuldur (apofaziya), danışqan narazılar da xorla nəqərat oxumaqdadırlar (katafaziya). Hər iki hal iflic halıdır.

Ya da təsəvvür edin, teatrdasınız, pərdə enib, pərdənin arxasından isə yenə əvvəlki pərdənin danışıqları səsi gəlir, təzə pərdə isə qalxmır ki, qalxmır. Bunu şahmat dili ilə belə adlandırmaq olar: Pat. İctimai şüur pat vəziyyətində donub. Yeni mərhələyə sözlə keçilə bilməz! Azərbaycanın məhdud reallığı üçün belə bir möcüzəvi söz qalmayıb. Mənim tezisim budur.

Dostlarım inciməsin, müxalifət mətbuatı hələ də özlüyündə guya siyasi maarifləndirmə ilə məşğul olmağa davam edir. Aksiyaya xidmət etməyən, aksiyaya gəlib çıxmayan və gətirib çıxarmayan söz zəhlətökən deyingənlikdən başqa bir şey deyil.

Ölkəmizdə yalan söz var, mənasız, dayaz söz var, analitik, elmi söz var, hətta doğru söz də var, amma xalis ideoloji-aksioloji söz yoxdur.

MÜXALİFƏTİN SİYASİ ZİKRİ HAMIMIZI YORDU

Siyasi hakimiyyətin Qarabağ danışıqları kimi, müxalifətin də siyasi zikri hamımızı yordu, hətta bezdirdi artıq. Mən də daxil, kiməsə elə gələ bilər ki, onun deməyə hələ sözü qalıb, amma başa düşmək lazımdır ki, ölkədə sözün özü qurtarıb artıq, sözün görəcəyi iş qalmayıb! Hamı hər şeyi başa düşüb. Ona görə yox ki, bütün həqiqətlər deyilib, gizli məqamların hamısı ifşa edilib, yox, əsla yox; ona görə ki, daha heç kim üçün təzə heç nə maraqlı deyil.

Məsələn, mən «Dövlət başçımız vaxtilə Moskvada universitetdən qovulduğu üçün sonralar öz siyasi bioqrafiyasına əl gəzdirmiş, məcbur qalaraq yaşını azaltmışdır» desəm, bu, çox adamda təəccüb doğurmaz. Çünki xalq hətta bunu da Ondan gözləyərdi. Amma müqayisə üçün, məsələn, islam təliminin banisi ərəb Məhəmməd haqqında dindarların gizlətdiyi hansısa bir yalanı ifşa etsəm (belə yalanlar o qədər çoxdur ki), bu daha cəlbedici olardı. Görəsən, nə üçün?

Şəxsən mən qəzet oxumaqdansa karikaturaya baxmaq istərdim. Elə isə, söz öz sonunu anlasın artıq! Söz hərəkətin surroqatına çevrilərək, hərəkəti əvəzləməsin.

Gənclərdən və onların təşkilatlarından narazı qalmaq üçün xeyli səbəblər var: Onlar çox ağıllı, az dəlidirlər; çox ənənəçi, az inkarçıdırlar; çox milli, az asosialdırlar. Halbuki, indi inkarçı, nihilist, sözdinləməz, sözbilməz, amma meydan oxuyan gənclərə böyük ehtiyacımız var. Onlar isə bir-bir yazmağa qurşanırlar. Çatan-çatan əlinə qələm götürür, sanki bütün problemlərimizi qələmlə həll etmək mümkünmüş. Söz mübarizənin kompensatoruna və təsəllisinə çevrilir. Bu, təhlükəli infeksiyadır.

Qarşınızdakı kardır, siz hətta qışqırsanız da o sizi eşitməyəcək. İndi gənclərin mövqeyi belə olmalıdır: «İstəmirəm, inkar edirəm, rədd edirəm!»
Şəxsən mən bu xalqın rasionallığına yox, irrasionallığına ümid içindəyəm. Məsələn, gənclərin çılğınlığına, məntiqlə düşünülməmiş arzuların selinə.
Hər şeyi sözlə etmək olmaz. Susaq artıq!.. / Sentyabr, 2009-cu il /

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG