Keçid linkləri

İlkin məlimatlata görə qatı dumanda təyyarə aviadispetçerlərin əmrlərinə məhəl qoymayaraq 4 dəfə yerə enmək cəhdi göstərib.

Mütəxəssislərin fikrincə adətən 2-ci uğursuz cəhddən sonra təyyarələr başqa, ehtiyyat aeroporta üz tuturlar. Xəbərlərdə həmçinin deyilir ki, qəzaya uğrayan təyyarə 2009-cu ilin dekarında əsaslı təmirdən çıxmış, yeni mühərrik, elektronik və naviqasiya sistemləri ilə təhciz edilmişdi.

Amma təyyarə özü 26 il əvvəl, sovetlər birliyində istehsal olunmuşdu. O vaxtlar ki, hamı sovetlərin "Aeroflotun təyyarələri ilə uçun" reklam çağırışlarına gülümsəyirdi. Axı bazarda başqa, alternativ aviaşirkət yox idi, bu reklamın isə "Hava ilə nəfəs alın" fikrindən heç bir fərqi yox idi.

Belə vəziyyət təkcə aviasiyaya aid deyildi. Yer kürəsinin sovetlərin nəzarəti altında olan bütün ərazilərində bütün sahələr belə idi - alternativsiz. Taleyin hökmü ilə həmin illər mərhum Lex Kaçinskinin bütün səyləri sovetsayağı həmkarlara alternativ - "Solidarnost" Azad Həmkərlar təşkilatının yaradılmasına yönəlmişdi.

Məlumatçün xatırladım ki, sovet hökuməti özünü fəhlə-kəndli sinfinin hakimiyyəti adlandırırdı və o zaman Polşada alternativ fəhlə təşkilatı yaratmaq, indiki İranda və ya Səudiyyə Ərəbstanında alternativ İslam yaratmaq kimi ümidsiz bir iş sayıla bilərdi.

Amma zamanın öz hökmü var.

Alternativsiz sovetlər dağıldı, alternativi siyasətin əsası sayan Lex Kaçinski isə öz təşkilatının daxilində, Varşava meri və parlament seçkilərində bərkiyərək Polşanın növbəti prezidenti seçildi. Qismən ona görə bacarıqlı siyasətçi idi, amma qismən də çünki Polşa bir cəmiyyət kimi alternativsizlikdən imtina etmişdi.

Alternativi olan ölkələrin isə bir xüsusiyyəti var: ölkə başçısı "Xalq məni dəstəkləyir" şüarı ilə istədiyini edə bilmir. Onun hər addımı, qazandığı hər qəpik, xərclədiyi hər manat aza qala mikroskopla gözdən keçirilir.

Odur ki, Lex Kaçinski özünə müasir Boenq və ya heç olmasa kiçik Cesna təyyarəsi ala bilmədi. Polşanın pulu nə gəzir. Həm də Polşa üçün örnək olan Qərbi Avropa ölkələrinin çoxunda heç monarxların da şəxsi təyyarələri yoxdur, lazım gələndə ən yüksək rütbəli şəxslər belə avişirkətlərdən bilet alırlar.

Əlqərəz demokratiyası yuxarı, əli aşağı olan Polşa da məcbur idi prezidentini səfərlərə nuh əyyamından qalma təyyarədə göndərsin. Özü də alternativsiz bir ölkədə istehsal olunan birisində.

Bu da sizə demokratiya... Allah rəhmət eləsin!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG