Keçid linkləri

Totalitar və avtoritar rejimlərdə şəxsiyyət kimi mədəniyyətin də haçalanma prosesi baş verir, eyni bir məkanda rəsmi və alternativ, yəni qeyri–rəsmi mədəniyyət yaranır. Sonuncunu bəlkə də protest mədəniyyəti adlandırmaq daha düzgün olardı, çünki o, özündə onu əhatə edən gerçəkliyə qarşı bir etiraz ehtiva edir. İtaət və etiraz, sazişçilik və etiraz, susqunluq və etiraz – bunlar təkcə abstrakt antonimlər kimi özlərini büruzə vermirlər, həm də yeni yaranan mədəniyyətin özülünü təşkil edirlər. Etiraz edən şəxslər kimi bu mədəniyyət də təqib olunur, rəsmi etiraflardan məhrum olur, amma onun yayılma sfersası daha geniş olur. Protest mədəniyyətinə bütün xalqların tarixində təsadüf olunur. İndi əsl mədəniyyət kimi tanınan və hətta rəsmi status alan mədəniyyətlərin böyük əksəriyyəti vaxtilə məhz protest və etiraz mədəniyyəti kimi formalaşıb. Onların hətta adlarını da çəkmək olar. Dünya musiqisi, ədəbiyyatı, incəsənəti belə nümunələrlə zəngindir. Azərbaycanda nə baş verir? Bunun təzahürlərini sezmək mümkündürmü?

LOYAL MƏDƏNİYYƏT

Azərbaycandakı rejim özünün bir qədər qəribəliyi ilə seçilir. Burada güclü rəsmi ideologiya yoxdur. Əgər biz digər sərt rejimləri götürsək, məsələn, İranı və yaxud Şimali Koreyanı nəzərdən keçirsək, görərik ki, onlarda güclü rəsmi ideologiya var. Azərbaycandakı vəziyyət fərqlidir. Burada daha çox ona cəhd edilir ki, Heydər Əliyev ümummilli miqyasda tanınsın və həm də etiraf edilsin, hamı onu Azərbaycan dövlətçiliyinin banisi kimi qəbul etsin. Rəsmi ideologiyada daha çox buna aksent edilir. İlk baxışda belə təsəvvür yarana bilər ki, burada rejim mülayimdir. Amma belə deyil. Məsələ bundadır ki, rəsmi ideologiya qismində çıxış edən baxışlar sistemi daha çox hakimiyyətə qarşı loyallıq tələb edir. Hakimiyyətə qarşı loyallıq və itaət! Budur Azərbaycanda tələb olunan. Əgər bu olsa, onda rəsmi təltiflər də olacaq, ömürlük təqaüdlər də! Elm və sənət adamlarının böyük əksəriyyəti bu yolu seçib. Xalqın şairi və yaxud rəssamı olmaqdansa, hakimiyyətin adamı olmaq – budur rəsmi tələblər sistemi. İtaət müqabilində mükafat, susqunluq müqabilində mükafat və böyük əksəriyyət də bunu qəbul edir, amma istisnalar da var...

YENİ İDEYA VƏ YENİ İFADƏ TƏRZİ

Əsl yeni mədəniyyət üçün yeni ideya və yeni ifadə tərzi lazımdır. Yaxşı haldır ki, Azərbaycanda bunların hamısı var. İfadə formaları böyük bir sferanı əhatə edir. Bura ədəbiyyatdan tutmuş, müasir musiqiyə qədər müxtəlif formalar aiddir. Alternativ mədəniyyət axtarışları daha çox gənclər arasında güclüdür. Onlar mövcud gerçəkliklə barışmaq istəmir və yeni etiraz formaları axtarırlar. Alınırmı? Bəli, alınır. İki detalı qeyd etmək istərdik. Bunlardan biri milli kitab müsaqibəsidir. Çox maraqlıdır ki, bu müsabiqənin birinci onluğuna düşən şəxslərin hamısı yeni adlardır. Elə öz statuslarına görə də onlar saray yazıçıları deyillər. Hətta müsaqibənin əvvəlində bəzi münsiflər deyirdilər ki, yaşlı və tanınmış nəslin qalib gəlmək şansı daha böyükdür, ancaq belə olmadı... Digər detal «Qanun» jurnalının apardığı aylıq araşdırmadır. Jurnal ay ərzində satılan on kitabı müəyyənləşdirib. Məlum olub ki, ən çox satılan gənclərin kitablarıdır...

EPİLOQ


Vaxtilə aqil insanlar deyirdilər ki, siyasətdə qalib gələ bilmirsənsə, çalış mədəniyyətdə güclü ol, səslərə hakim ola bilmirsənsə, çalış zövnqlərə hakim ol. İndi Azərbaycanda ləng də olsa, bu proses baş verir və buna ancaq sevinmək olar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG