Keçid linkləri

«Azərbaycanla ABŞ arasında münasibətlər dostluq, strateji müttəfiqlik münasibətləridir. Bu münasibətlərdə nə vaxtsa çatların yaranacağı, sərinləşmə ola bilməz. Bu, yaxşı münasibətlərdir və mən bunu digər dövlətlərə də arzu edirəm».

Bu sitat YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin aprelin 3-də «Bizim Yol» qəzetinə verdiyi müsahibədəndir: «ABŞ şirkətləri 36 milyon tondan çox neft aparıblar, milyardlarla dollar qazanıblar. Amma qazandıqları pulları Ermənistana, Dağlıq Qarabağ ermənilərinə paylayır, onlara yardım edirlər. Hesab edirəm ki, Azərbaycan ABŞ şirkətlərinin neft payına yenidən baxmalıdır, bu şirkətlərlə əməkdaşlığa xitam verməlidir».

Bu sitat isə aprelin 20-də Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının çıxışından götürülüb. Fəzail bəyə YAP-çı deputatlar Əli Əhmədov Siyavuş Novruzov da qatılaraq ABŞ-ı Qarabağ münaqişəsinə dair birtərəfli mövqe tutmaqda suçlayıblar. Bu çıxışlardan bir neçə gün əvvəl isə aprelin 15-18-i arası Prezident Administrasiyasından Əli Həsənov müxtəlif çıxışlar edərək əvvəlcə ABŞ-a xəbərdarlıqlar edib, sonra isə ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxmaq hədələrini dilə gətirib. Nə baş verir?

QARABAĞ KARTI


Hakimiyyət dairələri anti-Amerika kampaniyasına start veriblər və xalqı inandırmağa çalışırlar ki, Azərbaycan Qarabağ uğrunda ölüm-dirim savaşına girib, özü də Ermənistanla yox, onu silahlandıran Rusiya ilə yox, məhz ABŞ-la.

İnsafən ABŞ-dakı erməni lobbisi daim bu ölkənin Qarabağ münaqişəsinin həllində erməni tərəfə daha çox üstünlük verməsini təmin edib. Lakin bu vəziyyət 17 ildir ki, davam edir və bu müddət ərzində Fəzail bəy demişkən ABŞ-ın ermənipərəst mövqeyi onun ölkədən «36 milyon ton neft aparmasına» mane olmayıb. Bir də axı, ABŞ Minsk qrupundakı digər həmsədr dövlətlərdən, konkret, Rusiya və Fransadan daha çox ermənipərəst deyil. Hələ ki, Azərbaycan ABŞ-dan daha çox hərbi yardım alır, nəinki Ermənistan. Eyni şeyi Rusiya və Fransa ilə bağlı demək olmaz.

Daha bir uyğunsuzluq ondadır ki, Azərbaycan hələ ki, Qarabağ məsələsində Minsk qrupu həmsədrlərinin, o cümlədən ABŞ-ın təklif etdiyi plana heç bir ciddi etiraz etməyib. Son təkliflər Madrid prinsipləridir ki, bu prinsiplərdə Qarabağın «öz müqəddəratını referendum yolu ilə təyin etməsi» məsələsi də öz əksini tapıb və...

Azərbaycan bir tərəfdən deyir ki, referenduma razılıq verməyib amma digər tərəfdən Madrid prinsiplərini qəbul etdiyini söyləyir. Hanı Qarabağ məsələsində ABŞ və Azərbaycan arasında ciddi fikir ayrılığı? Yoxdur belə bir şey. Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinin isə ABŞ-a birbaşa dəxli yoxdur, Türkiyə isə deyir ki, Qarabağ münaqişəsi həll olunanadək sərhədləri açmayacaq. Yəni ortada real olaraq sərhədlərin açılıb-bağlanması məsələsi də yoxdur. Bəs elə isə ABŞ-Azərbaycan münasibətlərində Azərbaycan rəsmilərinin elan etdiyi böhran nədən yaranıb?

«VAŞİNQTON POST» SKANDALI

Azərbaycan bir tərəfdən deyir ki, referenduma razılıq verməyib amma digər tərəfdən Madrid prinsiplərini qəbul etdiyini söyləyir. Hanı Qarabağ məsələsində ABŞ və Azərbaycan arasında ciddi fikir ayrılığı?
ABŞ-da anti-Azərbaycan hökuməti ritorikasının tarixi o qədər də qədim deyil. Hər şey «Vaşinqton Post» qəzetinin martın 5-də dərc etdiyi Dubay villaları reportajından başlayıb. Həmin məqalədən sonra eyni qəzet aprelin 2-də Əli Kərimlinin məqaləsini dərc etməklə Azərbaycandakı iqtidarı daha ağır tənqidlərə məruz qoydu. Aprelin 16-da isə ABŞ-ın Dövlət katibinin keçmiş köməkçisi Devid Kramer Azərbaycanı Qırğızıstan hadisələrindən ibrət alıb insan haqlarına sayğı ilə yanaşmağa çağırdı.

ABŞ tərəfdən gələn mesajların heç birində Qarabağ məsələsinə istinad yoxdur. Azərbaycan hökumətinə edilən ictimai («Vaşinqton Post» dövlət nəzarətində deyil) və siyasi basqılar ona yönəlib ki, Azərbaycan hökuməti demokratiya əleyhinə apardığı siyasəti yenidən nəzərdən keçirsin və lazımi islahatları aparsın. Bəs ABŞ bu demokratiya təzyiqinə niyə əl atıb?

AMERİKADA DƏYİŞƏNLƏR

İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ-dakı yeni administrasiya neft lobbisi ilə ən az əlaqələri olan administrasiyalardandır. Bütün stavkalarını Buş administrasiyasına və oradakı neft lobbisinə bağlayan Azərbaycan hökuməti indi əvvəlki siyasi xəttinin fəsadları ilə üz-üzə qalıb.

İkincisi, ABŞ-da siyasi keçid dövrü yaşananda – 2008-2009-cu illərdə Azərbaycan hökuməti «zirək» tərpənərək ABŞ-ın başının öz daxili siyasi məsələlərinə qarışmasından sui-istifadə edib və Azərbaycandakı status-kvoda ciddi dəyişikliklər edib. Bu müddət ərzində Azərbaycan hökuməti faktiki olaraq alternativsiz prezident seçkiləri keçirib, konstitusiyaya dəyişikliklər edib prezidentliyə olan limiti aradan qaldırıb, müxalifət partiyalarının sərbəst toplaşma azadlığını praktiki olaraq ləğv edib, müxalif partiyaları və müstəqil qəzetlərə açıq müharibə elan edib, siyasətə az dəxli olan bloqqerləri belə həbs edərək ölkədə indiyəcən görünməmiş siyasi xof yaradıb, ABŞ-ın iki radiostansiyasını FM tezliklərdən qovub, Rusiyaya tərəf açıq meyl edərək Qərb üçün strateji «Nabucco» qaz kəmərinin taleyini sual altına qoyub. İndi ABŞ hökuməti oturuşub və Azərbaycan hökumətindən 2008-2009-da baş verənlərin hesabını sormağa başlayıb.

Ən əsas səbəb isə odur ki, İlham Əliyev hökuməti ABŞ-ın gözləntilərini tam iflasa uğradıb. 2003-cü ildə İlham Əliyevi hakimiyyətə gətirən qüvvələr ABŞ-ı inandırmışdılar ki, Azərbaycan müxalifətinin ciddi təcrübəsizlik problemi var və ali təhsilli, bir neçə Qərb dilində danışan İlham Əliyev tələb olunan demokratik islahatları inqilabsız-filansız həyata keçirə biləcək. Yeddi il arxada qalıb. Bu müddət ərzində isə Azərbaycan Heydər Əliyev dövrünə nəzərən belə ciddi gerimələrə məruz qalıb. Azərbaycanın isə ABŞ-ın gözləri qarşısında Orta Asiya diktaturasına çevrilməsi ABŞ-ın milli maraqlarına ziddir.

ABŞ Azərbaycanı heç vaxt Yaxın Şərq, yaxud Orta Asiya diktaturaları ilə bir sıraya qoymayıb və bu ölkənin demokratik potensialının tədricən də olsa realaşmasına ümid edib və bu işə vəsait xərcləyib. ABŞ demokratiyaya Rusiya və İranla qonşuluğu olan Azərbaycanın stabil Qərb oriyentasiyasının qarantı kimi baxıb və baxır. Azərbaycanda demokratiya azaldıqca bu ölkənin daha çox Rusiyaya meyllənməsi faktı isə ABŞ-dakı nigarançılığı bir qədər də artırır. Hazırda ABŞ siyasi dairələrində belə bir qorxu var ki, Azərbaycandakı demokratik islahatlar bir az da ləngisə, ölkə Rusiyanın tam nəzarətinə keçəcək. Bu isə regionda Rusiyanı ciddi enerji inhisarçısına çevirib bütün Avrasiyanın geopolitik kofiqurasiyasının dəyişməsi ilə nəticələnə bilər. Bu səbəbdən ABŞ Azərbaycana demokratik islahatlar tələblərini ciddiləşdirir və bu prosesin artan xətt üzrə davam edəcəyi gözlənilir.

ABŞ-AZƏRBAYCAN QARŞIDURMASININ PERSPEKTİVİ

1994-cü ildə ildə neft müqavilələrini imzalayan Heydər Əliyev Azərbaycan hakimiyyəti üçün bir neçə tərəfli sipər yaratdı. Ölkədəki hakimiyyətin əsas qarantı Avropa dövlətləri və ABŞ idi, regional dəstək Türkiyə tərəfindən təmin olunurdu, Rusiya isə qismən ölkədəki ruspərəst siyasi qüvvələrin neytrallaşdırılması ilə, qismən də bu ölkənin neft gəlirlərinə aid iqtisadi maraqlarını təmin etməklə sakitləşdirilirdi. Bu balans o qədər möhkəm qurulmuşdu ki, Azərbaycan müxalifəti hər dəfə ölkə hakimiyyətini dəyişməyə cəhd edəndə təkcə iqtidara qarşı deyil, həm də Rusiya, ABŞ, Avropa və Türkiyə ilə qarşı-qaşıya gəlməli olurdu.

1994-cü ildən bəri ilk dəfədir ki, Azərbaycan iqtidarı ancaq bir ölkənin – Rusiayanın xarici siyasi dəstəyinə arxalanır və hətta bu dəstək də birmənalı deyil, çünki Rusiyanın Azərbaycandan bütün tələb etdiklərini hətta İlham Əliyev hökuməti belə ona tam verməyə hazır deyil. Azərbaycan müxalifətinin demokratiya tələblərinin Qərbdən indikidən daha çox dəstək alacağı dövrü təsəvvür etmək çox çətindir. Qırğızıstandakı proseslərin Azərbaycanda təkrarlanacağı təqdirdə isə Avropa, ABŞ və hətta Türkiyənin belə indiki iqtidarı 2003, yaxud 2005-ci ildə olduğu kimi dəstəkləyəcəyi ciddi sual altındadır. Azərbaycan hökuməti ABŞ-la qarşıdurmanı artırdıqca, bu konturlar daha aydın cızılmağa başlayacaq.

Azərbaycanın anti-Amerika ritorikasına ABŞ nisbətən təmkinlə cavab verir. Azərbaycanda isə deyəsən özlərini inandırıblar ki, Azərbaycan «analoqu olmayan» bir ölkədir
Tərəflərin resursları xeyli dərəcədə qeyri-mütənasibdir. ABŞ-ın təkcə bir qəzeti ikicə məqalə ilə Azərbaycanda siyasi böhran yarada bilir. Azərbaycan hökumətinin nəzarətində olan media isə beynəlxalq radarda ümumiyyətlə yoxdur. Hələ ki, Azərbaycanda çapılıb-talanan pullarla alınan bir neçə villanın sorağı gəlir. Qloballaşan dünyamızda isə gizli heç nə yoxdur. Azərbaycan rəsmilərinin varidatına dair digər məlumatların yayılması, qeyri-qanuni yolarla yığılmış həmin vəsaitlərin banklarda dondurulması resursları ilə hələ arsenaldadır. Azərbaycan hökumətinin heç bir Amerika rəsmisi üzərində eyni ölçülü təzyiq vasitəsi yoxdur.

Azərbaycan hökuməti təzə bir yol icad etməyib. İndiyə qədər bir sıra neft dövlətlərinin pullanandan sonra düşdüyü eyforiyanı yaşayır. Bu eyforiya real gücə əsaslanmır. Belə ki, bu, dövlət rəsmilərinin yığıb güvəndiyi pullar Qərb banklarındadır. Xalqın dəstəyinin olmamasını da bura əlavə etsən Azərbaycan hakimiyyətinin mövqeyinin nə qədər zərif olduğu görünür. Bütün avtoritar dövlətlərin zəif yeri eynidir. Xalqa arxalanmadıqlarından çox vaxt iri dövlətlərin iradəsindən asılı olurlar.

Azərbaycanın anti-Amerika ritorikasına ABŞ nisbətən təmkinlə cavab verir. Azərbaycanda isə deyəsən özlərini inandırıblar ki, Azərbaycan «analoqu olmayan» bir ölkədir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

MƏSƏLƏYƏ MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRİN
XS
SM
MD
LG