Keçid linkləri

Təcili xəbərlər

«Azərkimya»nı əvəzləyəcək Sumqayıt texnoparkı


2010-cu ilin mayında «Azərkimya» Dövlət Şirkətinın hüquqi baxımdan ləvğ edilməsi gözlənilir. Bu, o zaman baş verəcək ki, dövlət başçısı Fərmanla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni Nizamnaməsini və Strukturunu təsdiq edəcək.

Xatırladım ki, aprelin 2-də rezident İlham Əliyevin Sərəncamı ilə «Azərkimya» ləvğ edilərək SOCAR-ın tabeçiliyinə verilib.

«Azərkimya»nın SOCAR-ın tabeçiliyinə keçirilməsindən sonra bəyan edildi ki, bəs buradakı işçilər narahat olmasınlar, onların iş yerləri qorunub saxlanılacaq və aparılan yenidənqurma işlərindən sonra hətta yeni iş yerləri də açılacaq. Bəs reallıqda vəziyyət necədir və yaxın gələcəkdə keçmiş «Azərkimya» müəssisələrinin perspektivləri necədir?

Əvvəla, onu qeyd edim ki, «Azərkimya» Dövlət Şirkətinə 5 iri müəssisə - «Etilen-Propilen» zavodu, «Sintez-Kauçuk» zavodu, «Orqsintez» zavodu, Səthi – fəal maddələr zavodu, Mexaniki-təmir zavodu və 1 Dövlət elmi-layihələndirmə institutu daxildir. «Azərkimya»nın tabeçiliyində olan müəssisələrdə nə az, nə çox – düz 7 min nəfərin ştatda olduğu bildirilir.

İŞÇİLƏRİN GƏLƏCƏYİ NƏ VƏD EDİR?

Bəs bu insanların yaxın gələcəyi (söhbət onların işindən gedir) nə vəd edir?

Doğrudanmı, 7 min nəfər Sumqayıt sakini heç bir narahatlıq hissi keçirmədən elə öz işləri ilə məşğul olmaq imkanını qoruyub saxlayacaqlar? Bax, bu məsələlərə yavaş-yavaş «işıq» düşməyə başlayır. Və bununla bağlı ilk təəssüratlarını mətbuatla SOCAR-ın vitse-prezidenti Muxtar Babayev bölüşüb (SOCAR prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə kimya sahəsinin kurasiyası ona həvalə edilib).

Babayevin sözlərinə görə, hazırda «Azərikimya»nın müəssisələrində avadanlıqların inventarlaşması aparılır, buradakı qurğuların çoxu istismar müddətini başa vurub, bir hissəsi ümumiyyətlə işləmir və təbii ki, onlar ləğv olunmalıdır. Amma lazımi qurğular saxlanılaraq onlardan istifadə olunacaq. Babayev həmçinin qeyd edib ki, Qaradağ rayonu ərazisində yaradılacaq yeni neft-kimya kompleksi «Azərikimya»nın keçmiş müəssisələri ilə əlaqələndiriləcək.

Ancaq bu, o deməkdirmi ki, «Azərikimya»nın istehsala yaralı olan müəssisələri öz fəaliyyətlərini qoruyub saxlayacaqlar? Məncə, bu, reallıqda Qaradağ rayonu ərazisində inşa ediləcək yeni neft-kimya kompleksi işə düşənədək – yəni 2015-ci ilədək (bu tarixi jurnalistlərə SOCAR-ın neft emalı üzrə vitse-prezidenti Davud Məmədov açıqlayıb) davam edə bilər. Axı yeni neft-kimya kompleksi ona görə Qaradağ rayonu ərazisinə köçürülür ki, burada neft və qaz emalı da aparılacaq və bunun nəticəsində kimya müəssisələrinə xammalın verilməsi vahid istehsal prosesində həyata keçiriləcək. Yeni texnologiyaların tətbiqi isə məhsulun maya dəyərinin azaldılmasına və keyfiyyətin yüksəldilməsinə gətirib çıxartmalıdır. Yəni belə olan tərzdə, hazırda Sumqayıtda fəaliyyətdə olan zavodların bəzilərinin saxlanmasına da ehtiyac duyulmayacaq, çünki onların müasir tələblərə cavab verməməsi həmin istehsal obyektlərini gündəmdən çıxaran əsas amildir.
İkinci bir tərəfdən, insanların məşğulluğudur. Yeni neft-kimya kompleksinin artıq yeri müəyyənləşib: Sanqaçal neft terminalından şimal-qərbdə dağların düz ətəyində. Bu yer ona görə seçilib ki, birincisi, buraya neft və qazın nəqli üçün bahalı infrastruktur yaradılmasına ehtiyac yoxdur, ikincisi, bura yaşayış massivi yoxdur və yarımsəhra tipli landşaft mövcuddur ki, ətraf mühitə təsirləri kifayət qədər minimallaşdırır, üçüncüsü isə hazır məhsulun və ya xammalın dəmir yolu ilə bazarlara çıxarılması üçün əlverişlı coğrafi mövqeyə malikdir. Yeni kompleksin kimya sektorunda maksimum 2-,2,5 min iş yeri olacaq. Bu qənaətə analoji müasir komplekslerin insan resurslarına dair materialları ilə tanış olduqdan sonra gəlmək olar. Belə ki, insan sağlamlığı üçün təhlükə törədə biləcək istehsal sahələrinin avtomat və robotlaşdırılması insan əməyini məhdudlaşdırır. Demək, keçmiş «Azərkimya» işçilərinin yenineft-kimya kompleksində işlə təmin olunma ehtimalı azdır. Bundan başqa yeni yaradılacaq obyektlər Sumqayıt şəhərindən 80 km cənubda yerləşəcək. Bu isə hətta şəxsi avtomobillə Azərbaycan reallığında ən azı 1 saatlıq yoldur. Ona görə tamamilə obyektiv səbəblərdən müəyyən qrup kimyaçılar Qaradağ rayonundakı yeni obyektlərdə işləməkdən könüllü imtina edəcəklər. Bundan əlavə, hətta 2,5 min insanı belə yalnız Sumqayıtdan Qaradağa hər gün aparıb-gətirmək üçün SOCAR-a 60-dan çox iritutumlu avtobusa ehtiyac olacaq.

SUMQAYITIN ŞİMALI DƏYİŞƏCƏK

Ancaq yaddan çıxarmayaq ki, dövlət başçısı SOCAR qarşısında ciddi tapşırıq qoyub: Sumqayıt sakinlərinin işlə təminatı məsələsi. Ona görə də SOCAR bu amili nəzərə alaraq yeni təkliflər hazırlayır: kimya müəssisələrində çalışanların böyük hissəsi Sumqayıtdakı «texnoparklarda» fəaliyyətlərini davam etdirə biləcəklər. Bu məsələyə toxunan Muxtar babayev bildirib ki, hazırda «Azərikimya»nın istehsal etdiyi məhsulun xammal şəklində xaricə ixrac olunur, sonradan isə hazır məhsullar şəklində yenidən Azərbaycana gətirilir. Nədir bu məhsullar? Plastmas qapı-pəncərədən tutmuş, məişət üçün geniş çeşidli şeylərdən ta birdəfəli plastmas qab-qaşığadək. Ona görə də, SOCAR təklif edir ki, Qaradağdakı kompleksdən kimyəvi xammal Sumqayıtdakı müəssisələrə göndərilməli və burada əsasən ölkədaxili bazara yönəlik çoxçeşidli məhsulların istehsalı yaradılmalıdır. Bununla bağlı artıq SOCAR-la İqtisadi İnkişaf Nazirliyi arasında da danışıqlar başlayıb. Maraqlısı isə budur ki, Sumqayıtda kimya sənayesindən yaralanacaq bu müəssisələrin nə dövlətə, nə SOCAR-a aidiyyatı olmayacaq. Hər halda SOCAR vitse-prezidenti belə deyib:

«Onlar özəl müəssisələrdən ibarət olmalıdır, xarici sahibkarlarla birgə müəssisələr də ola bilər. Məqsəd rentabelli kiçik və orta müəssisələrin inkişafını və sahibkarların istehsala cəlb edilməsinə şərait yaratmaqdır».

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, yaxın 5 ildə Sumqayıtın şimal hissəsi öz simasını tamamilə dəyişəcək, daha 10 kilometrlərlə uzanan əyri-üyrü, çürümüş borular demontaj olunacaq, «Azərkimya»nın ekoloji təhlükə mənbəyi olan müəssisələri gündəmdən çıxacaq (ilahi, görün nə qədər boş sahə «alqı-satqı» predmetinə çevriləcək) və çoxdandır ki, TEXNOPARK deyə hakimiyyətin reklam etdiyi layihə reallaşmağa başlayacaq. Hər halda ideya kimi mütərəqqi bir plandır, nəticəsini isə növbəti beşillikdə həmin əraziləri və Sumqayıt əhlinin gün-güzəranını seyr edəndən sonra deyə bilərik.
XS
SM
MD
LG