Keçid linkləri

Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov AzadliqRadiosunun ingilis dilli səhifəsi üçün ABŞ-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətinə dair öz təhlilini göndərib. Həmin təhlili təqdim edirik.

Bugünlər ABŞ Türkiyə ilə Ermənistan arasında əlaqələrin bərpa olunması üçün cəhdlərini intensivləşdirib. Türkiyə Ermənistanla sərhədini 1993-cü ildə Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğal edilməsinə cavab olaraq bağlayıb. Son zamanlar ABŞ rəsmiləri Türkiyəni çağırırlar ki, Ermənistanın davam edən işğalçılığını gözardı edərək onunla sərhədini açsın. Vaşinqton burada məqsədinin regionda sabitliyin və inkişafın təmin edilməsi olduğunu bildirir. Amma reallıqda bu siyasət getdikcə daha çox Ermənistanın müdafiəsinə və Azərbaycanın təcrid edilməsinə çevrilir.

BİR GÜLLƏ İLƏ İKİ DÖVŞAN

Vaşinqton hesab edir ki, Türkiyə-Ermənistan yaxınlaşması bir güllə ilə iki dövşan vurmaq kimi bir şey olacaq. Birincisi, bəlkə də bu, ermənilərin soyqırımı iddialarına görə ABŞ-Türkiyə əlaqələrində yaranan çətinliklərin həllinə müvəqqəti bir dövr üçün yardımçı ola bilər.

İkincisi, bəzi ABŞ rəsmilərinin arqumentinə görə, Ermənistan-Türkiyə normallaşması əvvəl-axır Dağlıq Qarabağ münaqişəsinin həllinə də kömək edəcək. Onlar hesab edirlər ki, əlaqələrin inkişaf etdirilməsi Ermənistanın siyasətini yumşalda, bu da Qarabağ məsələsində yeni ideyalara yol aça bilər.

Amma bu arqumentlərlə razılaşmaq mümkün deyil. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğalda saxlamaqda davam edir. Özlərinin 20-ci əsrin ilk soyqırımı qurbanları olduqlarını deyən adamların əsrin ən böyük etnik təmizləməsini aparması olduqca ironik bir reallıqdır. Həmin kampaniya nəticəsində minlərlə adam həlak olub, bir milyona yaxın azərbaycanlı evlərindən qovulub.

Ermənistan siyasi elitasında əksəriyyət, o cümlədən də prezident Serj Sarkisyan məhz Dağlıq Qarabağ müharibəsində birbaşa iştiraklarına görə siyasətdə irəliləyib. Onlar bu müharibəni Ermənistan siyasətini öz əllərində saxlamaq üçün bir vasitə kimi istifadə edirlər. Ona görə, həmin insanların sülh danışıqlarında qeyri-konstruktiv olmaları təəccüblü deyil.

Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət statusu təklif edir və sülh razılaşması əldə edilən kimi regionun inkişafına iri məbləğdə investisiyalar cəlb edilməsini planlaşdırır. Bakı bu münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu ilə yaxından əməkdaşlıq edir. Amma Ermənistan israrlarında davam edir. Bu da şübhələr yaradır ki, Yerevan əslində münaqişəni həll edilməmiş şəkildə saxlamaqla özünün işğalçılığına haqq qazandırmağa çalışır.

ERMƏNİSTAN QƏRBDƏN OLDUQCA ÇOX YARDIMLAR ALIB


Bu mənada, sərhədin bağlı qalması Yerevanı münaqişənin həllinə daha ciddi yanaşmağa məcbur etmək üçün əsas təsir formasıdır. Onun açılması ilə Ermənistanın güzəştlərə hazır olacağına inanmaq üçün heç bir səbəb yoxdur. Əksinə, bu cür təzyiq altından çıxmış Ermənistan Qarabağ məsələsində indiki status-kvonun saxlanmasına daha çox meyl edəcək.

Biz başa düşürük ki, Ermənistanın güclü diasporası var və ədaləti gözləmək heç də həmişə əsas şərt olmur. Son 15 ildə qonşusunun ərazilərini işğal altında saxlamasına baxmayaraq, Ermənistan Qərbdən olduqca çox yardımlar alıb. Bu da reallıqda Azərbaycanın təzyiqlərə məruz qalması demək idi. Azadlığı Müdafiə Aktına edilmiş və Azərbaycana yardımları qadağan edən bədnam 907-ci düzəliş bunun ən bariz nümunələrindəndir. Ermənistanın təcavüzkarlığı nəticəsində bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə Qərb dövlətləri və mediası gözünün yumub. Bu da Azərbaycan ictimaiyyətində belə fikirlər formalaşdırıb ki, Qərbin demokratiya və insan haqları haqqında dedikləri öz maraqlarının təmin etmək üçün ayrı-ayrı ünvanlara göndərdiyi mesajlardan başqa bir şey deyildir.

İndi ABŞ və Avropanın ədalətli mövqe nümayiş etdirməsi üçün əsl zamandır. Bununla onlar ədalətdən uzaq və öz milli maraqları ilə uzlaşmayan erməni lobbisinin dar maraqlarından yaxa qurtara bilərlər. Azərbaycandan vaz keçməsi üçün Ankaraya təzyiqlər göstərmək əbəsdir və mütləq ona görə əks təsir olacaq.

ABŞ ƏN VACİB VƏ ETİBARLI TƏRƏFDAŞINI ÖZÜNDƏN UZAQLAŞDIRMAQ RİSKİ QARŞISINDA QALA BİLƏR

Azərbaycanla Türkiyə dərin tarixi əlaqələrə bağlı strateji müttəfiqlərdir. Azərbaycanın Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığında Türkiyə vacib rol oynayır. Xəzərin enerji ehtiyatlarının istifadə edilməsinə Qərb şirkətlərinin cəlb edilməsində Azərbaycan birinci olub. Bakı əsas enerji kəmərlərinin Gürcüstan və Türkiyədən keçməsinə israr edib və buna nail olub.

Bakı həm də ABŞ-ın təhlükəsizlik sahəsində təşəbbüslərinə səmimiyyətlə qoşulub və özünün hərbi hissələrini Kosovoya, İraqa, Əfqanıstana göndərib. Azərbaycan həmçinin NATO-nun Əfqanıstandakı əməliyyatlarına təchizat, nəqliyyat sarıdan dəstək verir. Regionu bilən adamlara məlumdur ki, hansı ciddi risklərə baxmayaraq, Azərbaycan Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir.

Regionun strateji cəhətdən ən vacib ölkəsini təcrid etmək və təcavüzkarlığı himayə etməklə Cənubi Qafqazda uzunmüddətli sülh və əlaqələrin normallaşması mümkün deyil. Azərbaycanın maraqlarından vaz keçməsi üçün Türkiyəyə təzyiqlər etməklə ABŞ dünyanın bu həssas bölgəsində özünün ən vacib və etibarlı tərəfdaşını özündən uzaqlaşdırmaq riski qarşısında qala bilər.


MƏQALƏNİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG