Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan - Qafqazda Belarus?


Səlis və ya qeyri – səlis olmasından asılı olmayaraq məntiq yaxşı predmet hesab edilir. Gərəkdir ki, hər şeydə bir məntiq olsun. Amma Azərbaycanda son vaxtlar qəribəliklərlə dolu bir dövr yaşanır, baş verənlər heç bir məntiq çərçivəsinə sığışmır. Bəlkə, bu da təsadüfi deyil, çoxdandır ki, hamı özünü kiçik bir qrupun məntiqinə, həyata və siyasətə baxışına, dünyagörüşünə, zövqünə və ən başlıcası iradəsinə tabe edib. Onlar danışanlar, adi insanlar isə eşidənlərdir, onlar buyuranlar, adi insanlar isə icra edənlərdir. Onlar idarə etdiklərinə baxıb özlərini – sözlərini korrektə etmirlər, idarə olunanlar onlara baxıb davranışlarına korrektələr edirlər. Reallıq budur, anologiyalı və anologiyasız!..

İndi ölkədə bir «soyuq müharibə» dövrü yaşanır. Ona görə «soyuq müharibə» deyirik ki, yarım əsr bu müharibə ABŞ-la SSRİ arasında cərəyan etmişdi. İndi SSRİ yoxdur. Böyük siyasi müharibə də çoxdan bitib. Belə nəticə hasil olur ki, indi «kiçik soyuq» müharibələrin dövrüdür. Nə baş verir? Bu vaxta qədər strateji müttəfiq adlandırılan ölkə ilə münasibətlər niyə soyuyub? «Böyük neft strategiyası»nın mühüm komponenti hesab edilən ABŞ ölkə rəsmiləri tərəfindən niyə «tənqid» atəşinə tutulur?

PROBLEM ABŞ-DIR, YOXSA RUSİYA?

Qəribə vəziyyət deyəndə bunu nəzərdə tuturduq. Azərbaycanın problemləri Rusiya ilə bağlıdır, çünki məhz Rusiya Ermənistana müstəqil iradəsini ortaya qoymağa imkan vermir, onu təmin edir, silahlandırır, regionda separatist və militarist siyasət yürütməyə təhrik edir. Amma Azərbaycan buna rəğmən ABŞ-la «savaş» açır. Qarabağ probleminin bütün mahiyyəti müxtəlif dövrdə müxtəlif siyasətçilər, özü də rusiyalı siyasətçilər tərəfindən açıqlanıb, indi burada qaranlıq məsələ yoxdur. Vaxt da kifayət qədər keçib. Artıq proses özünün üçüncü on illiyinə adlayıb. Bu müddət ərzində hələ də aydın olmayan məqamlar qalıbmı?..

Gürcüstanda maraqlı bir dönəm yaşandı. Gürcülər öz torpaqlarını azad edə bilmədilər, amma problemi öz adı ilə adlandırdılar. İndi bütün Gürcüstan etiraf edir ki, torpaqların işğalının arxasında Rusiya dayanıb, onlar günahı haradasa ABŞ-da və ya başqa ölkədə axtarmırlar. Bunun özü də bir irəliləyişdir...

Deyirlər ki, ABŞ Dağlıq Qarabağa və Ermənistana yardım edir. Düzdür. Amma hər il bu yardımın miqdarı açıqlanır. Bu yardımlar hərbi məqsədlər üçün sərf edilə bilən həcmdə deyillər, çox kiçikdirlər. Bəs Rusiya necə, Ermənistana yardım etmirmi? Edir, özü də çox böyük məbləğdə. Ancaq nədənsə Azərbaycan rəsmiləri bu haqda susurlar...

ABŞ-a münasibətdə soyuqluq Azərbaycana müsbət heç nə gətirməyəcək. Hətta bu iki dövləti müqayisə etmək belə mümkün deyil. ABŞ-ın bir illik hərbi büdcəsi Azərbaycanın neftdən bütün istismar müddəti ərzində götürəcəyi gəlirlərdən müqayisə olunmaz dərəcədə böyükdür. Özü də bir illik hərbi büdcə!.. Belə olan təqdirdə hansısa bir neçə milyard dollarlıq neft gəlirlərinin təsirindən reallıq hissini itirməyə dəyərmi?..

AH, BELARUS, BELARUS...

Demokratik Avropanın ortasında bir totalitar ada var. Adına da Belarus deyirlər. Burada neçə ildir ki, diktatura hökm sürür. Hamını pisləyirlər, təkcə Rusiya ilə ünsiyyət saxlayırlar. Azərbaycanı Qafqazda bu aqibətmi gözləyir?

Belə getsə, bu, bir reallıq olacaq. Amma «Belarus sindromu» deyilən anlayış da var. Belarusun rəhbərliyi daim öz mövqelərini, baxışlarını əsaslandırmağa çalışır, özgələrini təftiş etməyə, ən başlıcası isə özlərinə bəraət qazandırmağa cəhd edir, daim bəraət axtarırlar. Zahirən donuq görənən bu ölkədə problemsiz rəhbərlərin bir problemi var- bəraət axtarmaq. Bunun səbəbi güman odur ki, onlar özlərinin həqiqət tərəfdarları olmadıqlarını, mövqelərinin zəif olduğunu dərk edirlər...

Azərbaycanda da eyni sindrom yaşanır. Siyasət iflasa uğradıqca rəhbərlər daha çox danışmağa, başqalarını pisləməyə, özlərinə bəraət axtarmağa çalışırlar. Artıq bu sindrom özünü hiss etdirir. Bu siyasətdə tərəddüdlərin başlanğıcı, pərdələrin götürülməsi deməkdir. Daha əvvəlki «inam və əminlik» yoxdur. Bir həqiqəti unutmağa dəyməz – «yuxarılar» tərəddüd edəndə, «aşağılar», ümumiyyətlə «yox» deyirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG