Keçid linkləri

Təcili xəbərlər

Neft və qaz qoxuyan siyasət


Soyuq müharibə bitəndən sonra geopolitika erasının da yekunlaşması haqda fikirlər səsləndi. Güman edilirdi ki, həmin andan başlayaraq beynəlxalq siyasətin humanitar məzmunu daha da artacaq. Amma zaman göstərdi ki, dünya siyasəti hələ uzun müddət «milli güc», «milli maraqlar» və «nüfuz sferası» kimi anlayışlardan nəinki qurtulmayacaq, əksinə onları daha da aktuallaşdıracaq, «enerji təhlükəsizliyi», «kommunikasiya imkanları» kimi maraqlar önə kecəçək. Zaman bir neçə məsələyə də aydınlıq gətirdi. Məlum oldu ki, kiçik dövlətlər üçün «əlverişli geopolitik vəziyyət» olmur, müxtəlif maraqların düyün nöqtəsində yerləşmək onlar üçün çətinlik və mürəkkəblik yaradır. Üstəlik, böyük dövlətlər arasında böyük razılaşmaların daha tez baş tutması da hamıya aydın oldu. O cümlədən də MDB «sakinləri»nə də. Ona görə «sakin»lər yazırıq ki, Birliyə üzv olan dövlətlər nə qədər çalışsalar da, bu «geopolitik mənzil»i tərk edib yeni «mənzillərinə» köçə bilmədilər. Lap bu yaxınlarda Rusiyanın siyasi revanşı başlandı. Əvvəlcə Gürcüstandan başladılar. Xoşbəxtlikdən alınmadı. Amma Ukraynanın problemini sakitcə həll etdilər. V. Yanukoviç gəldi və Rusiyanın Ukraynadakı hərbi donanmasının «ömrünü» bir az da uzatdı. Əvəzində qaz ixracı ilə bağlı güzəşt əldə olundu. Bu da yenilik deyil. Rusiyanın siyasəti çoxdandır ki, neft və qaz qoxuyur. Elə dünya siyasəti də həmçinin. Maraqlıdır ki, V.Yanukoviç dərhal ABŞ-dakı nüvə sammitinə dəvət aldı. Bu nə deməkdir? Bəlkə ABŞ-la Rusiya arasında qlobal bir anlaşma var? Dərin bir anlaşmanın mövcudluğunu güman etmirik. Bəs onda problem nədədir?

ABŞ-IN PROBLEMLƏRİ KİFAYƏT QƏDƏRDİR

Hər şey çox sadədir. ABŞ üçün Əfqanıstan, İraq və İran problemləri var. Elə bu səbəbdən ABŞ Rusiyanın MDB məkanındakı siyasətinə bir qədər sakit yanaşır. Digər bir detal da var. ABŞ və ümumiyyətlə Qərb dövlətləri qapını heç kimin üzünə bağlamırlar, hansısa siyasətçiyə rusiyameylli siyasətçi deyib, onunla əlaqəni kəsmirlər. Adını çəkdiyimiz Yanukoviç də Rusiya ilə tez bir zamanda anlaşmaya gəlsə də, ilk səfərini Brüsselə etmişdi. Bu da kiçik bir jest idi. İndi elə vəziyyətdir ki, Qərb izafi problemlərlə özünü yükləmək istəmir. Rusiyanın «qaz təzyiqi»nə onlar da məruz qalırlar. Ona görə də şimal ölkəsi ilə münasibətləri korlamaq istəmirlər. Burada bir psixoloji detalı da qeyd etmək lazımdır. Böyük dövlətlər kiçiklərə o qədər də etibarla yanaşmırlar, onlar daha böyük dövlətlərin nəzarətində olanda özlərini daha rahat hiss edirlər. Bu da bir çox qlobal problemlərlə bağlıdır. Dünyada kiçik dövlətlərin böyük ambisiyalarla yaşaması, narkotik alveri, terrorizm kimi problemlər var. Belə qlobal problemləri yoluna qoymaq üçün kiçik dövlətlər o qədər də əlverişli tərəfdaş deyillər. Böyük dövlətlər özlərini daha rahat dünyada hiss etmək istəyirlər. Rahatlığı isə öz nəzarətlərində tapırlar.

BƏS FİNAL NECƏ OLACAQ?

Ən azı alternativ enerji mənbəyi tapılana və yaxud mövcud enerci mənbələri tükənənə qədər sərt və mürəkkəb siyasət davam edəcək. Rusiya ilə bağlı bunu əminliklə demək mümkündür. Burada bir detalı da qeyd etmək vacibdir. MDB üzvləri olan kiçik dövlətlər tarixi şansı əldən verdilər. Vaxt var idi ki, Rusiya zəifləmişdi, daha çox öz problemləri ilə məşğul idi. Həmin anlar tarixi anlar idi. Amma Rusiya özünün geosiyasi ambisiyalarını sığortalamışdı, keçmiş respublikaları, demək olar ki, hamısının ərazisində separatist rejimlər yaratmışdı. O vaxt rusiyalı analitiklər açıq şəkildə yazırdılar ki, nə qədər ki Rusiya öz problemlərini həll etməyib, keçmiş SSRİ məkanında etnik münaqişələr davam etməlidir. İndi artıq Rusiya böhrandan çıxıb, keçmiş SSRİ respublikalarının qazı və nefti hesabına yenidən güclənməyə başlayıb. Düzdür, indi də nəsə etmək mümkündür. Amma bunu çox istəmək lazımdır, lap çox! Tarixi təcrübə də göstərir ki, bir xalq azadlıq eşqi ilə yaşayanda gec-tez ona nail olur. Amma bunu çox istəmək lazımdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG