Keçid linkləri

Təcili xəbərlər

İkili standartlar söhbəti


İlham Əliyevə seçkilərdə dəstək yürüşü, 13 oktyabr 2008
İlham Əliyevə seçkilərdə dəstək yürüşü, 13 oktyabr 2008
«Qərbi ancaq neft düşündürür». «Həlledici məqamda hakimiyyətlə hansısa bir məsələdə razılaşıb demokratiyanı yenə satacaqlar, 2003-cü ildəki kimi». «Hakimiyyəti demokratiya-demokratiya deyib sıxırlar ki, hökuməti Qarabağı verməyə məcbur etsinlər». «Bu necə demokratiyadır ki, ABŞ erməniləri müdafiə edir?»

Az qala folklora çevrilmiş bu iradlar Azərbaycanda həm siyasətçilərin, həm də sadə xalq nümayəndələrinin dilindən tez-tez səsləndirilir və Azərbaycanda ümidsizlik sindromunun yaranmasında əhəmiyyətli rol oynayır.

Bütün bu fikirləri təhlil etmək üçün ilkin bu suallara cavab vermək lazımdır: Nədir demokratiya? Demokratiya xarici siyasətdə başqa maraqların yoxluğu iləmi ölçülür? Bir sözlə, demokratiyanın bərqərar olduğu ölkə aydan arı, sudan duru olmalıdırmı? Zatən bu sualları vermək artıq onların cavablarını aydın edir və ortada olan demaqogiya dumanını dağıdır.

Demokratiya xalqın öz hökumətini təşkil edib onu idarə etməsinə əsaslanan effektiv idarəçilik üsuludur. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələri demokratiyanın bərqərar olduğu ölkələrdən ibarətdir. Artıq bunun özü inkişaf etmək istəyən hər bir xalqa bir işarə olmalıdır. Lakin həmin demokratik ölkələr yalnız öz xalqlarının qarşısında məsuliyyət daşıyırlar və Əfqanıstan, İraq, lap elə Azərbaycan qarşısında üzərilərinə heç bir öhdəlik götürməyiblər. Zaman-zaman demokratik dövlətlər başqa dövlətlərin axmaqcasına radikal (İraq və Əfqanıstanın keçmiş hökumətləri), yaxud xalqı düşünməyən hökumətləri olan ölkələrin (bütün avtoritar dövlətlər bu sıraya aiddir) «güzəştcil» siyasətlərindən faydalanıb öz maraqlarını təmin ediblər və edəcəklər. Ancaq bütün bunların demokratiyaya nə dəxli? Əgər ABŞ Əfqanıstanı bombalayırsa, İraqa qoşun yeridirsə, yaxud Azərbaycandan ən müxtəlif sahələrdə güzəştlər qoparırsa, bütün bunlar Azərbaycanda seçki saxtakarlığına, məmur özbaşınalığına, aşkar avtoritarizmə necə haqq qazandıra bilər?

QƏRBDƏN KÖMƏK UMMAĞIN FƏLSƏFƏSİ

Hələ bizim eradan əvvəl IV əsrdə Aristotel yazırdı ki, eyni idarəçilik üsulları olan ölkələr bir-biri ilə yaxınlaşır, ziddiyyətli idarəçilik üsulları olan dövlətlər bir-biri ilə yola getmir. Məsələ ondadır ki, ölkələr arasında siyasi münasibətlər vakuumda qurulmur. Dəyərləri, dünyabaxışı eyni olan xalqlar, ölkələr və həm də hökumətlər daha rahat anlaşırlar. Baxın, Azərbaycan hökuməti Rusiya rəsmiləri ilə münasibətlərdə özünü necə rahat hiss edir? Yaxud İranla? Və əksinə, Norveç hökuməti ilə Azərbaycan hökumətinin münasibətlərini nahamar edən nədir? Neft də verirlər bu norveçlilərə, amma onlar yenə də tənqidlərindən çəkinmirlər. Bir norveçli həbsə düşən Azərbaycan jurnalistindən film çəkmək üçün Bakıya gəlir.
Dəyərləri, dünyabaxışı eyni olan xalqlar, ölkələr və həm də hökumətlər daha rahat anlaşırlar.
Digərləri mükafat təsis edib demokratik fikirli Azərbaycan jurnalistlərini ödülləndirirlər. Yaxud, ABŞ-ı götürək. Ən ümidsiz illərdə belə demokratik təsisatların inkişafına milyonlarla pul xərcləyirlər, QHT-lərə, müstəqil mediaya dayaq dururlar, Azərbaycan və onun kimi digər ölkələrdən tələbələr aparıb öz hesablarına oxudurlar və s. Niyə ABŞ Azərbaycan hökumətinə Rusiya hökuməti kimi yaxınlaşa bilmir? Özünü çox sıxanda Azərbaycandakı seçkilərə «bir addım irəli» deyə bilir, ondan o tərəfə heç cür gedə bilmir. Öz vətəndaşları və öz mediası Amerika rəsmilərini topa tutmağa başlayır. Bütün Qərb dövlətlərində Azərbaycan demokratlarına kömək etmək düzgün iş tutmaq kimi dəyərləndirilir. Hamı bunu açıq edir və bu işlə fəxr edir. Avtoritarizmə yardım isə ən zəruri dövlət maraqlarına görə belə ediləndə, bağlı qapılar arxasında edilir. Qərb cəmiyyəti bu işlərə ikrah hissi ilə baxdığından o cəmiyyətlərin hökumətləri də ictimai basqıdan çəkinə-çəkinə yaxınlaşırlar avtoritar liderlərə. Bu reallığı Qərbə təklif edilən heç bir neft, qaz, Qarabağ güzəşti dəyişə bilməz. Ortada fundamental dəyərlər ziddiyyəti var.

Rusiyanın isə belə problemi yoxdur. Hər seçki ilində Azərbaycana nümayəndə heyəti göndərib deyirlər ki, Azərbaycandakı seçkilər par-par parıldayır. Azərbaycan da Rusiyaya imkanı olanda eyni məqsədli nümayəndə heyəti göndərib eyni romantik qiymətləndirməni verir.

Bu gün Rusiya, İran və bu dövlətlərdəkinə oxşar rejimi olan bütün dövlətlər Azərbaycan hökumətinin təbii müttəfiqləridir. Qərb dövlətləri və ABŞ da eyni dərəcədə Azərbaycandakı demokratik qüvvələrin təbii müttəfiqləridir. Azərbaycanda gedən dəyərlər savaşında bu iki tərəf arasındakı ayırıcı xətti görməmək mümkün deyil. Bu gün Azərbaycan hökuməti bir dənə də olsun Qərb dövlətindən, yaxud ciddi Qərb strukturundan dəstək uma bilmir. Azərbaycanın demokratik müxalifəti isə istəsə də Rusiya, yaxud İranla ciddi əlaqələr qura bilməz, Qərbdən isə bu dəstək daim umulub, gözlənilib və ara-sıra alınıb.

RESURS FAKTORU VƏ QISAMÜDDƏTLİ MARAQLAR ALVERİ

Təbii ki, hökumətin resursları daim daha çox olur. Xalqın milli maraqları güdülməyəndə isə bu resurslar bir az da çoxalır. Zaman-zaman quyruğu sıxılanda, Azərbaycan hökuməti ortaya güzəştə gedə biləcəyi məsələləri atıb və atır. Neft, qaz, İraqa müdaxilədə yardım, ABŞ-a Qafqazda platsdarm, «Nabukko» qaz layihəsi və s. Qərbə uzadılan konfetlərdən bəziləridir. Belədə Qərb dövlətləri seçim edəsi olurlar: Uzunmüddətli maraqları düşünərək Azərbaycanda demokratik islahatların keçirilməsində israr etmək, ya da qısamüddətli maraqları üstün tutub konkret iqtisadi və siyasi qazanclar əldə edib demokratiya məsələsini sonraya saxlamaq. Bu «bazarlıqda» Azərbaycan hökumətinin resursları tükənə-tükənə gedir (gəlib Qarabağa dirəniblər), Qərb dövlətlərinin ən Makiavellist hökumətləri isə heç vaxt demokratiya məsələsini Rusiya, yaxud İran kimi birdəfəlik unuda bilmirlər.
Hər şey Qərbin nə zaman və necə dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət şanslı demokratiya mübarizəsi qoymasından asılıdır
Ən biganə Qərb ölkəsində belə daim hökumətdən demokratik dəyərlərə sadiqlik tələb edən ciddi bir təbəqə olur və onların təzyiqlərinə tab gətirmək elə də asan iş olmur. Bəlkə də Toni Bler Azərbaycana gəlib bir leksiya üçün bir az qazanıb öz ölkəsinə qayıtmaq istəyər. Lakin Britaniya mediası onu rahat buraxacaqmı? Çətin.

Uzunmüddətli planda Qərb Azərbaycan demokratlarına dəstək vermək xəttindən əl çəkməyəcək, necə ki, Rusiya, hətta Heydər Əliyev «Əsrin müqaviləsi»ni imzalayanda belə, onu yıxıb, deyək ki, Müsavat, yaxud AXCP-nin hakimiyyətə gəlməsinə dəstək vermək fikrinə düşmürdü. Lakin Azərbaycan hökuməti ortaya konfet atıb qısamüddətli planda suları bulandırmağa cəhd edə bilər. Yekunda Azərbaycanda demokratiya ilə anti-demokratiya arasında gedən mübarizənin dinamikası bu ölkədə demokratiya qurmaq istəyənlərin dirəniş gücünə bağlıdır. Əgər azərbaycanlılar demokratiyanı Azərbaycanda özləri üçün yox, Qərbə minnət qoyaraq qururlarsa, onda Qərbi daim hansısa bir xəyanətdə suçlayıb avtoritarizmə boyun əyməyə bir səbəb tapacaqlar. Yox, əgər demokratiya Azərbaycan xalqının sosial sifarişidirsə, onda məntiqlə bu mübarizədə Qərbdən alına biləcək hər cür dəstək alınmalı, onun edə biləcəyi hər bir xəyanətə isə hazır olub yola davam etmək lazımdır.

Bütün hallarda, bir şey aydındır: Azərbaycan xalqı ciddiliklə demokratiya tələb etsə, Rusiyadan fərqli olaraq, Qərbin Azərbaycandakı rejimi nəyin bahasına olursa olsun dəstəkləmək üçün heç bir səbəbi olmayacaq. Deməli, hər şey Qərbin nə zaman və necə dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət şanslı demokratiya mübarizəsi qoymasından asılıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG