Keçid linkləri

HANSI MİLLİLƏŞMƏDƏN SÖHBƏT GEDİR?

Mən Məmmədovam, «ov»u əvəzlədim, bəs «Məmməd»i neyləyəcəyəm? Məgər Mə(hə)mməd «milli»dir?! Soyadlarımızda ərəb-fars kökünü saxlayıb rus şəkilçisini atmaqla nə dəyişəcək?! Yəni guya Əhmədov Əhmədoğlu, ya da Mustafa Mustafagil olanda yeni variantlar milli olacaq ki?!

SOYAD MÜZAKİRƏLƏRİNDƏ «UNUDULAN» MƏQAM

Təklif edirəm ki, «soy»adlarımızın özünü milliləşdirək, özümüzün olmayan soya necə birləşməyimizin şəklini, şəkilçisini yox. Hərkəs özünə sevdiyi təxəllüsü soy ad kimi götürsün
Azərbaycanda familiyanın (soyadın) tarixi XIX yüz ildən başlanır. Mirzə Fətəli (Axundov), Abbasqulu Ağa (Bakıxanov) kimi tək-tük şəxslər Çar Rusiyası dövründə dövlət qulluğuna girmək üçün soyad götürmək məcburiyyətində qalanda, özlərinə soyad kökü, yəni soyadın özünü «yaratmışlar». Və beləliklə də ilk «-ov»lananlar onlar olmuşlar. Bu proses Sovet dövründə kütləvi hal alaraq 1930-cu illərdə yekunlaşmışdır. Yəni təqribən yarım əsr ərzində biz Ruslar tərəfindən təkcə «-ov»lanmamışıq, «-yev»lənməmişik, əslində ilk dəfə olaraq familiyalanmışıq!

İndi elə bir mənzərə yaradılır ki, -ovlanmamışdan, -yevlənməmişdən qabaq bizim sanki xalis milli soyadlarımız mövcud olub və ruslar da bunu dəyişdirib. Halbuki -ovdan, -yevdən qabaq bizim heç ümumiyyətlə soyadımız olmayıb! Olsa-olsa təxəllüsümüz, ayamamız, ləqəbimiz olub.

Sovetin bu familiyalandırma (soyadlandırma) işində məqsədi çox sadə idi: əhalinin siyahıyaalınması. Beləliklə, hamı bir nəfər kimi babalarından birinin adından -ov, -yev vasitəsilə özünə familiya düzəltdirib. Yəni faktik olaraq bizim familiyalarımızın demək olar ki, heç biri heç hansı soyu-kökü, nəsəbi, nəsli-tayfanı və yaxud el-obanı bildirmir, sadəcə olaraq Sovetin vahid familiyalaşdırma mexanizminin nəticəsidir.

Əhalinin soyadlandırıb siyahıyaalınması XX əsrin 30-cu illərində tamamlanıbsa, hər soyad götürən də uzağı 3-4 nəsil keçmişə gedə bilərək, uzaqbaşı babasının babasını xatırlayıbsa, deməli, soyadlarımızın yaşı XIX əsrdən o yana adlamır. Belədə, sözün dolğun mənasında hansı soy adından, qədim kök adından, keçmişin hansı cazibədar, müəmmalı dərinliklərində itən başlanğıcdan danışmaq olar?! Aydındır ki, indiki halda bizim soy adlarımızın bizim üçün heç bir xatirəsi, heç bir tarixi izi yoxdur, heç hansı ənənəni bildirmir. Bu soyadlar əslində bizi keçmişimizdən ayırır və bizi heç yerə və heç nəyə bağlamır! Sovetin familiyalaşdırma mexanizminin verdiyi sərbəstlik nəticəsində bir çox nəsillər bir neçə qola bölünüblər, halbuki eyni ulu babaya bağlıdırlar, eyni nəsildirlər.

BABANIN ADINI DE...

Əslində Sovetlərin bu formada famiyalandırma (soyadvermə) mexanizmi həm də köksüzləşdirmək, kökündən qoparıb yenidən əkmək, sovet xalqı yaratmaq məqsədi güdürdü. Elə isə Sovetin -ovuna, -yevinə qarşı olmaqdansa, onun familiyalaşdırma mexanizminə qarşı olmaq lazımdır. Doğrudan da bu kimin ağlına gəlib görəsən? «Bizə xatırlaya bildiyin ya da istədiyin bir babanın adını söylə, sənə familiya düzəldək». Digər tərəfdən, bunu heç qınamalı da deyil, çünki əgər indinin özünəcən Azərbaycanda nəsil-kök tarixlərinin araşdırılması aparılmayıbsa, XX yüz illiyin 30-cu illərində buna vaxt hardaydı.

«SOY»ADLARIMIZIN ÖZÜNÜ MİLLİLƏŞDİRƏK

Soyadlarımızın az qala hamısı ərəbcə və farscadır. Təklif edirəm ki, «soy»adlarımızın özünü milliləşdirək, özümüzün olmayan soya necə birləşməyimizin şəklini, şəkilçisini yox. Hərkəs özünə sevdiyi təxəllüsü soy ad kimi götürsün. Amma bu təxəllüslər mütləq öz dilimizdə olsun.

Məsələn, mən «Mə(hə)mməd» soyadının özündən imtina etməklə soyumdan imtina etmiş oluram bəyəm?!

Gəlin, biz öz soyadlarımızı necə müəyyənləşdirəcəyimizi özümüz düşünüb tapaq. Başqa sözlə, soyadlarımızı avtonim təxəllüslərdən yaradaq. Soyadlar təklif edirəm: Günəş, Ağac, Çiçək, Yer, Göy, Su, Od, Torpaq, Dalğa, İldırım (əslində Ildırım), Ulduz, Yağış, Yağmur, Çiskin, Dolu, İşıq (əslində Işıq), Dağ, Çay, Bulud, Bulaq, Çən, Sel, Daşqın, Çiçək, Qönçə, Dəniz, Damla, Cığır, Yol, Yolçu, Yolağı, Qaya, Ay, Yarpaq, Budaq, Ağ, Qara, İz, Gündüz, Gecə, Axşam, Sıldırım, Meşə, Üfüq, Duman, Tufan, Düz, Çinar (əslində Çınar), Palıd kimi ağac adları, Qumru, Göyərçin, Durna kimi quş adları, Yamac, Çəmən, Yuva, Təpə, Qanad, Bar, Kölgə, Uçurum, Böyük, Uca, Yüksək, Sayalı, Çağ, Üz, Saç, Ürək, Umud, Yurd, Addım, Körpü, Ərk, Dərin, Qala, Halay, Haray, Ocaq, Uçuş, Ulu, Özül, Olsun, Olar, Yanar, Güc(lü), Ağrı, Yaxın, Uzaq, İç, Dilək, Söykək, Qonaq, Doğru, Sevər, Bilər, Alar, Aydın, Görk, Ülgü, Ayaz, Boran və s.

Sözdəyişdirici şəkilçilərlə bunların variantlarını da yaratmaq mümkündür. Hər xarakterə, hər ideala uyğun soyadlaşa biləcək sözümüz də var.

Soyadlarımız tamamilə şərti olaraq götürülübsə və bununla da nəsillərarası əlaqə iti(rilib)bsə, onda nə üçün indi Dağ, Qaya, Qönçə kimi soyadlar seçilə bilməsin və nəsildən-nəsilə ötürülməsi qanunvericiliklə tənzimlənə bilməsin? Elə isə, gəlin, indi başlayaq, indi doğulaq. Təsadüfi davamçıdan yaradıcı başlanğıca çevrilək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG