Keçid linkləri

Geoloji proseslər – daşqınlar və sürüşmələr haqqındakı informasiyaların geosiyasi hadisələri üstələdiyi vaxtda zahirən belə təəssürat yarana bilər ki, siyasət aləmində tam süstlükdür. Amma bu, zahirən belədir. Əslində isə həm regional, həm də subregional müstəvidə çox dinamik və mürəkkəb olaylar cərəyan edir. Bunlardan, təbii ki, ən maraqlısı və cəlbedicisi Türkiyə ilə Azərbayjan arasında formalaşmaqda olan yeni münasibətlər və bir də ki, indi də davam edən köhnə münasibətlərdir. Türkiyənin Baş naziri ölkəyə səfər etdi. Amma iki ölkə arasında cərəyan edən proseslər bir səfərin özündə ehtiva edə biləcəyi məzmundan daha zəngindir. Söhbət nədən gedir? Hansı proseslər nəzərdə tutulur?

BİR BƏYANATIN İZİ İLƏ

Bu yaxınlarda həmişə bir qayda olaraq daxili hadisələrə münasibət bildirən prezident administrasiyasının ictimai – siyasi şöbəsinin müdiri Əli Həsənov çox maraqlı bəyanatla çıxış etdi. Söhbət Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqdan gedirdi. Onu bu bəyanata sövq edən amillərin özü az maraq kəsb etmir. Əli Həsənov siyasi komanda adından bəyanatlarla çıxış edir. Amma qeyd etdiyimiz kimi bütün bunlar sırf daxili siyasətlə, ölkədə medianın, müxalifətin və demokratiyanın vəziyyəti ilə bağlı bəyanatlar olur. Bu dəfə isə o, daha ciddi məsələdən söz açdı. Bir tərəfdən, Əli Həsənov Türkiyəyə səfər edən hökumət heyətinin tərkibində olmuşdu. Bu, sözsüz , o deməkdir ki, o, hakimiyyət ierarxiyasında heç də axırıncı yeri tutmur. Amma başqa hal da ola bilər. Ola bilsin, belə bir bəyanatı Əli Həsənovun adından səsləndirməklə məhz ona ümid edilmişdi ki, Türkiyə tərəfi bunu ciddi qəbul etməyəcək və bu bəyanat da hərbi ritorika ilə zəngin digər çıxışlar kimi unudulub gedəcək. Amma belə olmadı. Türkiyə tərəfi bəyanata dərhal reaksiya verdi və onu təqdir etdi. Eləcə də Rusiyanın müdafiə naziri özünü dərhal Bakıya çatdırdı. Rusiyanın müdafiə nazirinin özünü Bakıya yetirməsi hamı tərəfindən birmənalı olaraq həmin bəyanatla bağlandı. Bəs bu bəyanat nə qədər ciddi rola malik ola bilər?

RİTORİKA BİR ŞEYDİR, SİYASƏT BAŞQA

Əgər Azərbaycan siyasətçilərinin bu vaxta qədər səsləndirdikləri ritorik bəyanatların hamısı özündə ciddi niyyətləri ehtiva etsəydi, Azərbaycanın təhlükəsizlik məsələsi və eləcə də Dağlıq Qarabağ problemi çoxdan öz həllini tapardı. Amma bu dəfə söhbət faktiki olaraq Azərbaycanın bir dövlət kimi hüquqlarının birindən gedir. Cənubi Qafqazda hərbi balans yoxdur. Bir ölkənin Rusiya ilə ciddi hərbi tərəfdaşlığı var, digər iki ölkə isə öz təhlükəsizliyini daha çox daxili resursları hesabına təmin etməyə çalışır. Vəziyyət belədir. Təbii ki, bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Amma Rusiyanı qeyzləndirməməyə çalışan, öz siyasi addımlarını bu ölkə ilə həmahəng atmağa çalışan Azərbaycan rəsmilərinin belə bir cəsarətli qərar qəbul edə bilməsi şübhə doğurur. Hələ də özünün hərbi doktrinasını qəbul etməyə cəsarət tapa bilməyən ölkənin ciddi hərbi diplomatiya ilə məşğul ola bilməsini söyləmək ancaq ironiya doğura bilər. Müqayisə üçün xatırladaq ki, Rusiya artıq özünün ikinci hərbi doktrinasını qəbul edib.

GƏLƏCƏK ÜÇÜN BİR NEÇƏ SÖZ

Əvvəllər də dəfələrlə qeyd edilmişdi ki, balanslaşdırılmış siyasət bir gün ola bilsin ki, çat verəcək. Nə qədər ki, Azərbaycan gənc dövlət idi və böyük dövlətlərin burada maraqları hələ özünün tam ifadəsini tapmamışdı, geosiyasi baxımdan cilalanmamışdı, balanslaşdırılmış siyasət müəyyən qədər özünü doğruldurdu. İndi artıq başqa vaxtdır. Balans faktiki olaraq gah bu, gah da başqa dövlətin hesabına pozulur və onu siyasi baxımdan tənzimləmək çətin olur. Türkiyə ilə sıx tərəfdaşlıq təkcə Azərbaycanın təhlükəsizliyinə təminat verməklə bitmir, o həm də ölkənin geosiyasi seçiminə təsir edə bilər, çünki Türkiyə ilə yaxınlıq həm də NATO ilə yaxınlıq deməkdir. Rəsmi Bakının bunu nə qədər qəbul etdiyini zaman göstərəcək.

Amma istənilən tərəqqi müəyyən çərçivələrlə, o cümlədən də zaman çərçivələri ilə məhduddur. Əgər kimsə öz ixtiyarındakı zamanın qeyri-məhdud olduğunu fikirləşirsə, o, hamıdan əvvəl yanılır...

Şərhləri göstər

XS
SM
MD
LG