Keçid linkləri

Təcili xəbərlər

Niyə hamı susmağı sevir?


Daşqınlar ancaq bu səviyyəyə çatandan sonra «Daxili suların idarə olunması haqda» konsepsiyanın işlənib hazırlanmasının zəruriliyindən danışmağa başladılar
Daşqınlar ancaq bu səviyyəyə çatandan sonra «Daxili suların idarə olunması haqda» konsepsiyanın işlənib hazırlanmasının zəruriliyindən danışmağa başladılar
Niyə hamı susmağa üstünlük verirdi? Bəlkə doğrudan da susmaq qızıldır? İndi hər gün, hər saat səslənən informasiyaların fonunda bu suallardan yaxa qurtarmaq mümkün deyil. «Kürün səviyyəsi qalxmaqda davam edir!».

Doğrudanmı danışmaq üçün belə bir vəziyyətin yaranmasını gözləmək lazım idi?..

Bu dövlətin hökumətdən və parlamentdən savayı akademiyası, strateji tədqiqatlar mərkəzi, alimləri, su və meliorasiya idarələri, mütəxəssisləri var idi. Niyə görə daşqınlar ancaq bu səviyyəyə çatandan sonra «Daxili suların idarə olunması haqda» konsepsiyanın işlənib hazırlanmasının zəruriliyindən danışmağa başladılar?

Yox, məqsəd kimisə ittiham etmək deyil. Səbəb də çox sadədir. Bu dövlətdə fərdi təşəbbüslər stimullaşdırılmır, təşəbbüskarlıq boğulur. Bu da adekvat psixologiya yaradır. İnsanlar sakit və məsuliyyətsiz həyata üstünlük verir, özlərini çətinə salmaq istəmirlər. Alimlər ancaq indi danışmağa başlayıblar.

Çox maraqlıdır. On illər ərzində akademiya cəmi bir dəfə təşəbbüs göstərib, parlamentə familiyaların dəyişdirilməsi ilə bağlı təklif göndərib. Vəssalam.

Elə məmurlar və hökumət haqqında eyni sözləri demək mümkündür. Olaya müxtəlif insanlar tərəfindən iki qiymət verildi: «Daşan sular deyil, korrupsiyanın səviyyəsidir», «Daşan məmurların məsuliyyətsizliyinin səviyyəsidir».

Yazının girişi daha çox daşqınlar haqqında oldu. Amma əslində, bu yazı itaətkarlıq psixologiyası, bir də təşəbbüskarlığın boğulması haqdadır. Bunların hər ikisi biri-biri ilə bağlıdır, hətta biri-birinin nəticəsidir – təşəbbüskarlıq olmayan yerdə kortəbii itaətkarlıq olur, kortəbii itaətkarlıq olan yerdə isə təşəbbüskarlıqdan danışmaq olmur.

HAMININ ƏVƏZİNƏ İLHAM ƏLİYEV FİKİRLƏŞİR

Sovetlər çağında insanlar deyirdi ki, bizə heç nə ola bilməz, bizim əvəzimizə yoldaş Stalin fikirləşir. Bu psixologiya eynilə indiki Azərbaycan gerçəkliyinə köçürülüb: hamının əvəzinə İlham Əliyev düşünür! Əcəba, İlham Əliyevdə haradandır bu qüdrət ki, o, doqquz milyon əhalinin hamısından nəyin lazım olduğunu, nə etmək lazım gəldiyini daha yaxşı bilir?!

Ya da deyirlər ki, dövlətimiz çox güclüdür, vəziyyətə nəzarət edir. Yenə də sual yaranır. Ərazisinin 20 faizi işğal altında olan bir dövlətə güclü dövlət demək mümkündürmü?..

BAŞQA NƏSNƏLƏR KİMİ PROQNOZLAŞDIRMA DA YOXDUR

Hakimiyyət situasiyanı proqnozlaşdırmaq iqtidarında olmalıdır. Çox az sayda hadisə proqnozdan kənarda olur. İqlim dəyişikliyi indi dünyada ən çox müzakirə olunan problemdir. Elə bu səbəbdən daşqınlar ölkə üçün «sürpriz» olmamalı idi.

Ancaq bu hakimiyyət proqnozlaşdırmanın ancaq bir istiqamətində, növündə ixtisaslaşıb. Bu da müxalifətin davranışını proqnozlaşdırmaq məsələsidir. Aksiyalar zamanı polislərin sayı aksiya iştirakçılarının sayından çox olur.

Düzdür, bütün dünyada siyasi planlaşdırma da var. Amma bu, təkcə müxalifət ilə məhdudlaşmamalıdır axı!.. Xarici siyasəti və diplomatiyanı da proqnozlaşdırmağa çalışsınlar ki, indiki kimi kritik vəziyyət yaranmasın!..

BİR DAHA PSİXOLOGİYA HAQDA


Filosoflardan biri yazırdı ki, xalq kəmiyyət deyil, keyfiyyətdir. Həqiqətən də hələ doqquz milyon olmaq heç nə demək deyil. Daşqınlardan əziyyət çəkən insanları göstərirlər. Hamısı hökumətə və dövlətə minnətdarlıq edir, tələb yox səviyyəsindədir. Bu nə psixologiyadır? Adi bir itaətkarlıq psixologiyası. Bir çinli filosof deyirdi ki, nəsnələrə öz adlarını qaytarın, onda hər şey öz məzmununu tapacaq. Doğrudan da belədir. İyirmi il bu xalqa « böyük türk», «Koroğlunun, Çingizxanın nəvələri» kimi epitetlər yapışdırıldı. Amma heç nə dəyişmədi. «Babəkin, Koroğlunun nəvələri» torpaqların 20 faizini və öz azadlıqlarını qoruyub saxlaya bilmədilər. Nəticə budur. Deməli, adları dəyişməklə məzmun dəyişmir, hər şey gec–tez özünün əsl adını və məzmununu tapır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG