Keçid linkləri

Azərbaycanın bir çox dəyərli yazarları dəfələrlə qeyd ediblər ki, Azərbaycan sürrealist bir ölkədir. Zaman-zaman bu fikir ən məyusedici formalarda təkrar-təkrar özünü təsdiq edir. Ölkənin içində sanki hamı bir xüsusi eynək taxıb və reallıqları ya görmür, ya da çox təhrif olunmuş formada görür.

Gəlin, ölkədəki indiki durumu bir neçə sadələşdirilmiş faktlarla təhlil edək:

SİYASİ QÜVVƏLƏRİN SÜRREALİST KONFRONTASİYALARI

Rəsmi məlumatlara görə ölkənin 40-a qədər rayonu subasma təhlükəsi ilə üzləşib (ölkə rayonlarının yarısı deməkdir bu rəqəm); rəsmi rəqəmlərlə görə 20 min ev su altında qalıb ki, bu da az qala 100 min adamı ölkədə qaçqın vəziyyətinə salıb; ciddi dartışma mövzusu deyil ki, bu daşqınların ən azı əsas səbəblərindən biri Kürün lildən təmizlənməsi işinin lazımi qaydada aparılmamasıdır; parlamentdəki müzakirələrdə o da üzə çıxdı ki, son illər ərzində Kür çayının nəzarətdə saxlanılmasına ayrılan pul sovet dövründə eyni işə ayrılan vəsaitdən dəfələrlə çox olub, amma iş görülməyib. Ortada korrupsiyanın doğurduğu fəsadlar və minlərlə ev-eşiyini itirmiş insan var. Bu camaat hökumətdən bir diqqət görmür. Hökumət «Gül bayramı», «Eurovision», və s. bu kimi layihələrlə baş girləyir və arabir erməniləri də müharibə ilə hədələyir. Müxalifət düşərgəsinin reaksiyası isə normal cəmiyyətlərdə olan mövqedən xeyli fərqli görünür. Hökuməti divara dirəyib ondan cavab istəmək əvəzinə, bu siyasi qüvvələr sürrealist siyasi konfrontasiyalar burulğanında üzməkdədirlər. Camaat sanki havada qalıb.

SİYASİ ZƏLZƏLƏ

Azad xalq özünə yiyə axtarmalı deyil. Amma siyasi seçimlərin məhdud olduğu bir ölkədə əhali onların dərdlərini azacıq da olsa duyan, anlayan bir siyasi qüvvə və siyasi liderlə əlaqəyə cəhd edir
Deyək ki, hökumətdəkilər indiki hərc-mərcliyin yaratdığı korrupsiya imkanlarından bəhrələndiklərinə görə susurlar. Bəs müxalifət? İndiki durum istənilən normal ölkədə siyasi zəlzələ yaratmışdı. Azərbaycanda isə siyasi qüvvələr parlament seçkilərini gözləyirlər. Öz aralarında dairələri bölüşdürürlər, namizədlər siyahısı tuturlar və s. Bəylər, məgər kiminsə şübhəsi var ki, seçki nəticələri əvvəlki komissiyalar tərəfindən əvvəlki qaydada elan ediləcək? O hansı siyasi şəraitdir ki, indiki hökumətlə mübarizə aparmaq üçün noyabr ayında indikindən daha əlverişli olacaq?

Təsəvvür edin ki, belə bir durumda müxalif partiyalardan biri çox kiçik bir siyasi etriaz təşkilinə cəhd edir, digəri daşqını əsas gətirərək (!) planlaşdırdığı etiraz nümayişini təxirə salır, üçüncüsünun rəsmisi isə deyir ki, indiki məqamda küçə etirazlarına sosial sifariş yoxdur.

XALQ ƏKSİNİ QƏZETDƏ NİYƏ GÖRMÜR?

Azərbaycan xalqının passivliyini çox təhlil ediblər. Bəzən hətta bu işdə bir az da ifrata vararaq deyiblər ki, bu xalqda nəsə çatışmır, hər şeyə dözür, heç nəyə etiraz etmək istəmir. Vəziyyət isə göründüyü qədər sadədir. Xalq uğrunda ciddi mübarizə aparan siyasi qüvvə görmür və siyasəti siyasətçilərin öhdəsinə buraxıb kənara çəkilib. Siyasətlə aktiv məşğul olanlara bu fikrin doğruluğunu isbat etmək üçün bir təklifim var: Götürün istənilən siyasi qəzeti və həmin sayda işıqlandırılan mövzulara baxın. Sadəcə başlıqlara diqqət edin və hər dəfə də özünüzdən soruşun ki, oxuduğunuz xəbər, təhlil, reportaj, müsahibə sadə azərbaycanlıların problemlərini nə dərəcədə əks etdirir.

Bu fikirlərə etiraz edib demək olar ki, filan siyasətçi bu barədə nəsə deyib, ya yazıb. Məgər siyasi xadimin ictimai funksiyası ölkədə baş verən hadisələrə kənar ekspert kimi rəy verməkdənmi ibarətdir? Normal siyasi proses xalqı narahat edən məsələlər ətrafında getməli ikən Azərbaycanda siyasət fəlsəfi bir kateqoriyaya «özündə şey»-ə çevrilib. Xalqın tanımadığı siyasi partiya nümayəndələri kimlərəsə siyasi təkliflər edirlər; xalqın tanıdığı siyasi partiyalar bu «partiyaların» təkliflərinə reaksiya verirlər; bu partiyaların hamısı qəzet səhifələrində dalaşırlar, sonra barışırlar və təbii ki, yenidən dalaşırlar. Sanki futbol meydanının kənarında bir qrup futbolçu kos qovur. Meydan isə boşdur, hakimiyyət kimi. İndi hakimiyyət yerdə qalıb, Azərbaycan xalqının özü kimi. Meydana girmək kimin ağlına gəlsə, hər şeyə sahib olacaq. Ona görə yox ki, həmin siyasi qüvvə normal siyasi mübarizədə qalib çıxacaq, ona görə ki ortada olanı o olacaq.

«YİYƏSİZ QALMIŞIQ»

Azərbaycanda dara düşən insanların sevimli bir deyimi var: «Yiyəsiz qalmışıq». Etiraf edim ki, bu deyim məndə həmişə bir qıcıq oyadıb. Axı azad xalq özünə yiyə axtarmalı deyil. Amma bir məqam da var. Siyasi seçimlərin məhdud olduğu bir ölkədə əhali onların dərdlərini azacıq da olsa duyan, anlayan bir siyasi qüvvə və siyasi liderlə əlaqəyə cəhd edir. Bu da Şərq insanının məsuliyyətli hökumət axtarışı cəhdidir. Qərb modeli ilə müqayisədə xeyli naqislikləri olsa da, mahiyyəti eynidir. Xalq onu düşünənlərin arxasınca getmək istəyir. Əgər ortada belələri yoxdursa, xalqı passivlikdə ittiham etməyə nə hacət?

Şərhləri göstər

XS
SM
MD
LG