Keçid linkləri

Sizif və ləyaqətli insan


Daş hər dəfə geriyə dığırlananda Sizif də məyus olurdu, amma tərəddüd etmədən, məyus olmadan yenidən çiynini daşın altına verirdi

Daş hər dəfə geriyə dığırlananda Sizif də məyus olurdu, amma tərəddüd etmədən, məyus olmadan yenidən çiynini daşın altına verirdi

Axır vaxtlar onları hər şey təəccübləndirir. Beynəlxalq təşkilatların etiraz dolu bəyanatları, yerli insanların irad və gileyləri! Hər şey təəccüblüdür. Sanki hakimiyyətə gələndə hamı ilə – yerli və əcnəbi insanlarla, böyük təşkilatlarla saziş bağlayıblarmış ki, heç bir etiraz və irad olmayacaq, hamı onların ünvanına ancaq tərif söyləyəcək. Onlar ancaq tərif gözləyirlər.

Ona görə ki, özlərinin də işi budur: nə az, nə çox, düz on yeddi ildir ki, özünütəriflə məşğuldurlar.

Ancaq onların təəccübünün kökündə ciddi bir mətləb dayanır. Nədir bu? Söhbət nədən gedir?

LƏYAQƏTLİ İNSAN ZƏNG KİMİDİR

Dövlət rəsmilərinin əksəriyyəti belə hesab edir ki, istənilən adamı ya zorla, ya da şirnikləndirməklə susdurmaq olar. Ancaq unudurlar ki, insanın həm də ləyaqət hissi var

Konfutsi yazırdı ki, ləyaqətli insan zəng kimidir, toxunmasan səs çıxarmaz. Deməli, insanı danışdıran, etiraza səsləyən məhz ləyaqət hissidir.

Onları qeyzələndirən də budur. Bu qədər aşındırmadan və mənəvi deqradasiyadan sonra hələ də «zəng səsi» eşidilir.

Onların hesabına görə belə olmamalı idi, çünki bu ölkədə sükutun ancaq tərif halında pozulması üçün çox «iş» görülüb.

Total korrupsiya, sosial təbəqələşmə, işsizlik, şəxsiyyətə pərəstiş kimi fenomenlər fonunda rəsmi qələbə raportları.

Azərbaycan reallıqları içində belə təzahürlərin siyahısını nə qədər istəsən davam etdirmək olar. Ancaq buna lüzum varmı? Onsuz da, necə deyərlər, hamı hər şeyi bilir.

Elə indiki dövrün qəlizliyi də bundadır. Hamı hər şeyi bilir, tənqidi jurnalistika əhalini məlumatlandırmaqla deyil, aşkar həqiqətlərin sadəcə daha ifadəli formada əksi uğrunda rəqabət aparır.

DİL TAPMAQ SİYASƏTİ


Güman edirdilər ki, əcnəbilərin hamısı ilə dil tapacaqlar. Amma dünya təkcə həmişə realist olmağa və gerçəkliyi necə var elə qəbul etməyə məcbur olan siyasətçilərdən ibarət deyil, idealistlər, ümumiyyətlə, siyasətdən uzaq adamlar da var. Xaricdə yaşayan, bu hakimiyyətlə hər hansı bağlılığı olmayan, xüsusən də demokratik düşüncəli insanı «neft və təhlükəsizlik maraqları» ilə susdurmaq olarmı? Axı, dünyada belələri də var! Belələrinin olması bu hakimiyyət üçün sanki sürprizdir.

Bu hakimiyyətin maraqlı «psixoloji resepti» var. Dövlət rəsmilərinin demək olar ki, əksəriyyəti belə hesab edir ki, istənilən adamı ya zorla, ya da şirnikləndirməklə susdurmaq olar. Ancaq unudurlar ki, insanın həm də ləyaqət hissi var. Demokratiyanın şüarı nahaq yerə «hamı üçün ləyaqət!» kimi müəyyənləşməyib ki! Bu zəng insana rahatlıq vermir, o, bir müddət susur, dinmir, ancaq elə bir məqam çatır ki, artıq susa bilmir, etiraz edir.
Məhz bu etiraz anında insan yüksəlir, sözün əsl mənasında insan adına layiq olur.

BİR DAHA SİZİF HAQDA


A. Kamyunun sayəsində qədim yunan əfsanəsi təzə həyat və fəlsəfi məzmun kəsb etdi. Söhbət Sizif haqqında əfsanədən gedir. Allahlar Sizifə cəza vermişdilər. O, böyük bir daşı dağın başına dırmaşdırmaq məcburiyyətində qalımışdı. Amma hər dəfə dağın başına çatanda daş dığırlanıb geriyə qayıdırdı...

Adi, bir az da lirik bir əfsanədən yeni bir fəlsəfə və mübarizə ideologiyası yarandı – ümidsiz mübarizə ideologiyası. İndi ləyaqətli insanın çarpışması da Sizif əməyi kimidir. Ancaq bundan məyus olmağa dəyməz. Yenə də Konfutsiyə müraciət edək. O yazır ki, ləyaqətli kişinin mənəviyyatı küləyə, pis adamın mənəviyyatı isə ota bənzəyir, külək hansı tərəfə əsirsə, ot da həmin tərəfə əyilir... Ləyaqətli insanı bir çox hallarda nəticə maraqlandırır, o, öz ləyaqətinin təcəssümünü başqa insanlarda axtarır və bəzən onu tapmır. Ləyaqətli insan həmişə özünə bərabəri axatarır, hamıda ləyaqət hissini görmək istəyir. Tapmayanda məyus olur. Ancaq məyus olmağa dəyməz, çünki Kamyunun interpretasiyasında Sizif əfsanəsi var. Daş hər dəfə geriyə dığırlananda Sizif də məyus olurdu, amma tərəddüd etmədən, məyus olmadan yenidən çiynini daşın altına verirdi. Elə ən böyük ləyaqət də bundadır – ləyaqət özünün mövcudluğu üçün hansısa bəraət axtarmır, özünü elə özündə tapır.

Lap Sizif kimi...

Şərhləri göstər

XS
SM
MD
LG