Keçid linkləri

Hər dəfə 28 May – Respublika günü haqqında yazanda nədənsə yadıma hansısa başqa sənəd, müraciət və bəyanat deyil, məhz Avraam Linkolnun məşhur Gettrisburq müraciətindən bircə cümlə düşür. Səbəbini indi izah edəcəyəm.

Əvvəlcə isə adı çəkilən müraciət haqqında. Müraciətin lap ilk cümləsində deyilir:

«Səksən il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün insanların bərabər yaşayışı prinsipinə bağlanmış yeni millət yaratmışlar».

İndi isə səbəb haqqında. Axı yazını elə Azərbaycanın özünün İstiqlaliyyət Bəyannaməsindən hansısa cümlə ilə də başlamaq olardı. Qeyd edək ki, hər iki sənəd müəyyən qədər səsləşir. Elə Azərbaycanın da İstiqlaliyyət Bəyannaməsində deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir, öz ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün geniş imkan verir.

Amma əsas səbəb bu deyil. 28 Mayda istər-istəməz adamın beynindən bir sual keçir. 1918-ci il 28 Mayda nə baş vermişdi? Bu günə qayıtsaq, 92 il bundan əvvəl nə olmuşdu?

ONLAR MİLLƏT VƏ DÖVLƏT YARATDILAR

Avraam Linkolnun müraciətində cəlbedici bir məqam var: «səksən il öncə millət yaratmışlar». Bu bəyanata müraciət etməyin də əsl səbəbi elə budur.

92 il bundan öncə Azərbaycan Cümhuriyyətinin baniləri məhz millət, özü də azad millət və dövlət yaratmağa cəhd etdilər. O vaxta qədər Azərbaycan və azərbaycanlı sözləri işlək deyildi, demək olar ki, istifadə olunmurdu. Elə bu səbəbdən indi bəziləri iddia edib soruşanda ki, cümhuriyyət ataları nə etdi, nə yapdılar, bu suala cavab vermək asandır. Bir daha qeyd edirik ki, onlar millət və dövlət yaratmağa cəhd etdilər.

Bu dövlətin ömru bir o qədər də uzun olmadı. Amma hətta rus işğalından sonra belə onun müəyyən atributları yaşadı. Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisi bəyan edilməmişdi, rus imperiyasının tərkibində ancaq qəzalar var idi. Eləcə də azərbaycanlılar təkcə dili, dini və mədəniyyəti eyni olan millət kimi deyil, həm də ümumi dövlətçilik əzmi nümayiş etdirən bir millət kimi özlərini tarix səhnəsinə təqdim etməmişdilər. 28 Mayda bunların hər ikisi baş verdi. Məgər bunlar azdırmı?

GÖRÜNÜR, KİMLƏRƏSƏ AZLIQ EDİR


Amma etiraf da etmək lazımdır. 9 May qələbə bayramı 28 Maydan daha təmətəraqla qeyd edilir. Bu, faktdır. Çağdaş Azərbaycanın xoşagəlməz faktlarından biri. Çox qəribədir ki, mayın 8-də Şuşa işğal olunub, ancaq hətta bu da 9 Mayın təntənə ilə qeyd olunmasına mane olmur. Hələ digər detalları demirik. Axı bu xalqın tarixində Ə.Fətəlibəyli – Düdənginski tək insanlar da olub. Gənc nəsil onları tanıyırmı?

TORPAĞA BASDIRILMIŞ BÜSTLƏR

Heç M. Ə. Rəsulzadəni yetərincə tanıtmağa imkan vermirlər, o ki qaldı başqaları ola. Bütün ölkəni Heydər Əliyev mərkəzləri bürüyüb. Həmin mərkəzləri təmin etmək üçün kifayət qədər sənəd və eksponat yoxdur, hamısı biri- birini təkrar edir. Amma M.Ə.Rəsulzadənin böyük irsi və müxtəlif ölkələrə səpələnmiş arxivləri var ki, neçə-neçə mərkəzi təmin etmək iqtidarındadır. Ancaq bu, heç kimi maraqlandırmır. Onun yerə basdırılmış, atılmış büstünü insanlar indi də tapıb üzə çıxarırlar...

Sovet dövründə o sevilməyən insan idi. İndi də bu tendensiya davam edir. Bəlkə, heç nə dəyişməyib? Azərbaycan Sovet Sosialist Respublikası hələ də qalır? Bəs onda 28 May nədir?.. Adam çaşıb qalır. Amma çaşmaq lazım deyil, çünki bütün bunların hamısı ötəridir, əbədi olan isə 28 Maydır. Elə bu səbəbdən anmaq lazımdır, bəli, öndə gedənləri – cümhuriyyət atalarını anmaq lazımdır.

Şərhləri göstər

XS
SM
MD
LG