Keçid linkləri

Volterin tam külliyatının onlarla cildini məktublar təşkil edir, Ceffersonda isə bu ədəd daha böyükdür. Əvvəllər, klassizm dövründə insanlar hətta məktublara çox ciddi yanaşır, epistolyar janrı az qala ədəbiyyata bərabər tuturdular.

İndi internet və qısa bildirişlər dövrüdür, əsrin sürəti elədir ki, insanlardan yüksək bədii səviyyədə məktublar gözləmək əbəsdir. Təsadüfi deyil ki, internentin inkişafına böyük töhfə vermiş insanlardan birinin əsəri « İşıq sürəti ilə biznes» adlanır. Bəli, indi hər şey sürətə hesablanıb, nəyisə tez çatdırmaq daha vacib hesab edilir.

Müasir Azərbaycan efiri sözün əsl mənasında yeni nadanlıq məktəbidir. İnsan üzünə «ağıllı» görkəm verməklə, hətta əcnəbi dildə danışmaqla mütərəqqi görünmür
Zövqlər haqqındakı bu yazını əbəs yerə məktublarla başlamadıq. Məktub insanın necə düşündüyünün və bunu necə ifadə etdiyinin göstəricisidir. Elə bunun özü də zövqlərə aiddir.

Zövqlər test kimidir, insanın şəxsiyyətinin göstəricisidir. İnsan nə oxuyur, nə dinləyir, hansı ədəbiyyatı və musiqini sevir, həyata münasibəti necədir - bu sualların cavabı kod kimidir. Bu kodları bilməklə həmin insan haqda tam təsəvvür yaratmaq olar. İndi dəyərlər haqda çox danışırlar. Amma unudurlar ki, dəyərlər haradasa zövqlərin ümumiləşdirilmiş məcmusudur.

Azərbaycan insanının zövqü necə formalaşır? Bu haqda nə demək olar? Bu prosesə nə təsir edir? Suallar, suallar... Hər dəfə adama elə gəlir ki, hansısa sualı gündəliyə gətirməklə, ona cavab tapmaqla müəyyən problemi həll etmiş olursan. Amma problemlər qalır. Səbəb də budur ki, hansısa problemi həll etmək üçün illərlə bundan danışmaq və danışmaq lazımdır.

Əsrin əvvəlində Mirzə Cəlil, Sabir, Nərimanov və başqaları elə hey savadsızlıqdan və nadanlıqdan yazırdı və bütün bu yazıların nəticəsini düz yüz il gözləmək lazım gəldi. İndi artıq klassik anlamda Danabaş kəndi yoxdur. Ancaq neoklassik anlamda yeni Danabaş kəndi yaranıb ki, biz bəzən özümüzü görməməzliyə vuraraq elə davranırıq ki, sanki belə bir şey yoxdur. Belədirmi?

AZƏRBAYCAN EFİRİ NADANLIQ MƏKTƏBİDİR


İnsan nə oxuyur, nə dinləyir, hansı ədəbiyyatı və musiqini sevir, həyata münasibəti necədir - bu sualların cavabı ilə həmin insan haqda tam təsəvvür yaratmaq olar
Şübhəsiz ki, bunun böyük rolu var. Müasir Azərbaycan efiri sözün əsl mənasında yeni nadanlıq məktəbidir. İnsan üzünə «ağıllı» görkəm verməklə, hətta əcnəbi dildə danışmaqla mütərəqqi görünmür. Təsəvvür edin, indi efirdə bircə dənə belə olsun siyasi tok- şou yoxdur. Bütün tənqid bələdiyyə və ən uzağı icra aparatları səviyyəsində cəmləşib. Kiçik bir tənqidi fikir söyləyən jurnalist bunun ətrafında azı on dəqiqə izahat verir, üzrxahlıq edir.

Bunu niyə görə deyirik? Məqsəd azad insanın zövqündən danışmaqdır. Qeyri – azad insanın zövqü və davranışı totalitar və yaxud dövlətin yuxarıdan aşağıya instruksiyalar şəklində elan etdiyi göstərişlər əsasında formalaşır. Sovetlər vaxtında kommunizm qurucusunun əxlaq kodeksi yadınızdadırmı? Hətta əxlaqı da «yuxarılar» müəyyənləşdirirdi.

Natamam ictimai mövqe, daha doğrusu mövqesizlik, zövqsüz ədəbiyyat, zövqsüz musiqi – efir budur. Arabir adamın beynindən qəribə fikirlər keçir.

Bəlkə, biz televiziyalardan çox şey umuruq? Bəlkə, televiziyaları birdəfəlik şou-menlərin, yüngül və ucuz musiqi, ədəbiyyat həvəskarlarının, zövqsüz əyləncə adamlarının öhdəsinə buraxmaq lazımdır? Ciddi tamaşanı teatrlarda, ciddi ədəbiyatı kitablarda, ciddi kinonu kinoteatrlarda, ciddi musiqini konsert salonlarında, ciddi siyasəti isə siyasi partiyalarda və etiraz aksiyalarında axtarmağın vaxtı yetişməyibmi?

UMMASAN, KÜSMƏZSƏN

Deyirlər ki, uman yerdən küsərlər. Bəlkə, çıxış yolu elə ummamaqdır? Onda küsmək də olmur.

Bir çox kanallarda belə bir veriliş var: «özü özünün rejissoru».

İnsan da özünün rejissoru olmalıdır. Gözləmək lazım deyil ki, televiziya hazır şəkildə hər şeyi bizə təqdim edəcək, hətta bizi formalaşdıracaq, tərbiyə edəcək. İnsanlar zövqlərini özləri formalaşdırmalıdırlar. Bir qədər qəribə səsləndi, deyilmi? Axı hər insan buna hazır olmur. Buna heç etiyac da yoxdur.

Deyilənə görə, Sokrat günün günorta çağı əlində şam Afinananın meydan və küçələrində insan axtarırmış. Efirin tele - kütləyə çevirdiyi hissə həmişə olacaq, çünki telemaniya deyilən bir fenomen var. Avtoritar və totalitar rejimlərdə efir də psixi hücum və təsir elementi olur. Amma efirdən ayrılanlar – məhz bunlar millətin ən rasional hissəsini təkil edirlər. Normal dövlətlərdə insanlar biliklərini televiziya vasitəsilə artırmağa utanırlar, çünki bu, qeyri- ciddi səslənir. Eyni sözləri ədəbiyyat və musiqi haqda da demək olar.

Müasir fizika demək olmaz ki, bir mühit kimi efiri atdı, amma ona ehtiyac duymadı - bu, faktdır. Müasir insan da belə olmalıdır. Qoy efir qalsın, sadəcə ondan çox şey ummaq lazım deyil...

Şərhləri göstər

XS
SM
MD
LG