Keçid linkləri

Təcili xəbərlər

Könüllü cahilliyimizin dini səbəbi


Ağalar Məmmədov
Ağalar Məmmədov
İslamın elmə olan xoş münasibətini nəzəri olaraq sübut etmək üçün dindarlar «Elm Çində də olsa dalısınca gedin» kimi hədislərdən və «Bilənlə bilməyən bir olarmı?» kimi ayələrdən tutalğac kimi istifadə edib, həm özlərini aldadırlar, həm də başqalarını. Bütün islam Şərqi isə yüz illərdir cəhalət içində çapalayır. Və islam Şərqində diktatorlar nəslinin kəsilməməsində bu cəhalət ana bətni rolunu oynayır. Bəs, görəsən, islam Şərqi nə üçün cahil qalır? Aydınlıq üçün başlayaq Hind dünyagörüşündən.

HİNDUİZMDƏ CƏHALƏT GÜNAHDIR

Amma hansı cəhalət?

Hindlilərin müqəddəs saydıqları Veda kitablarına görə, iki cür həqiqət var: Brahma və Maya, vahid həqiqətin özü və üzü. Brahma dinin həqiqətidir, Maya real dünyanın, elmin. İki cür də biliksizlik, ərəbcə desək, cəhalət var, biri Maya adlanır, digəri Avidya.

Maya ən dəruni həqiqətin (Brahma-nın) üzdən görünüşüdür. Mayanı bilmək sözləri bilmək, şəkilləri tanımaqdır. Maya dilə, «şərhi-bəyan»a sığa biləni, görünə, göstərilə biləni bilməkdir.

Mayanın dərki də bilikdir, amma Brahma baxımından o, cahillikdir, üzü öz saymaq naşılığıdır.

Maya cəhaləti ümumbəşəri cəhalətdir. Yəni o, nəinki günah deyil, əksinə, təbiidir, normaldır.

Brahma ilə Mayanı, özlə üzü ayırd edə bilməmək, yəni Mayanı əsl həqiqət saymaq isə Avidya cəhaləti adlanır. Avidya A-vidyadır, Vedasızlıqdır, Veda kitablarından, yəni dindən bixəbərlikdir deməkdir.

Avidya Mayadan fərqli olaraq ümumbəşəri yox, fərdi cəhalətdir və günahdır.

Bir sözlə, Hind dünyagörüşündə dinin (Brahmanın) cahili olmaqdır günah olan, real dünyanın (Mayanın) cahili olmaq yox. İslamda da belədir.

İSLAMDA CƏHALƏT QURANDAN BİXƏBƏRLİK DEMƏKDİR

İslam terminologiyasında «cahil(iyyə)» dedikdə Qurandan, islamdan bixəbərlik nəzərdə tutulur. Biz isə Azərbaycan dilində bu sözün mənasını genişləndirib, dünya haqqında elmi təsəvvürləri olmayan, təhsilsiz adama da cahil dediyimiz üçün «Elm Çində də olsa dalısınca gedin», «Bilənlə bilməyən bir olarmı?» kimi hədis və ayələri bu dinin guya müasir elmə xoş münasibəti kimi başa düşür və beləliklə çaş-baş qalırıq.

İslama görə də zahiri olana aldanmaq cahillikdir. Və Allahın zatı, ruhun mahiyyəti, axirət kimi mövzular ümumbəşəri qapalı sirlərdir (Maya cəhaləti), insan daim bu dəruni həqiqətlərin cahili qalacaqdır, qalmalıdır! Amma bu cür mətləblərin bilinməzliyini bilməmək cahilliyi, yəni Qurandan xəbərsizlik (Avidya cəhaləti) günahdır!

İslamçılar adama nifrətlə «Savadsızdır!» deyəndə, nəyi nəzərdə tuturlar? Nitsşe fəlsəfəsindən xəbərsizliyi, Davkinsin mem nəzəriyyəsindən xəbərsizliyi, M.F.Axundzadədən xəbərsizliyi, Zoroastrizmdən xəbərsizliyi, bəlkə Darvindən xəbərsizliyi? Əlbəttə ki, yox! Dindən, Qurandan, şəriətdən xəbərsizliyi!

Üstəlik, dinlər real dünya haqqında biliklənmək və bilikləndirməkdən də daim qorxublar. Məsələn, yəhudilərin müqəddəs kitabı Torada yazılıb: «Kitablar çoxaldı, həqiqət itdi».

BİZ ELMƏ İNANMIRIQ!

Qərb kulturası dinsiz və elmi kultura sayılır. Bu qoşalıq təsadüfidirmi?

Unutmayaq, Qərbdə real dünyanın araşdırılması, yəni elmi-fəlsəfi tərəqqi ilə dini geriləmə tarixən daim paralel olmuşdur. Və əksinə, eyni proses Şərdə tərsinə getmişdir.

Toplayıcı-əkinçi şərqli azərbaycanlının dünyanı öyrənmək istəməməyində dindar femininlik, dünyanı incitməmək aqressiyasızlığı (hindlilərdə ahimsa), ilahi iradəyə təslimiyyət (islam), səmavi qismətə arxayınlıq var, «Allah kərimdir» möcüzəsinə ümid var.

«Allah»ı öldürüb, onun kəramətindən ümidini üzmüş Qərb insanı isə özünü tənha hiss edir, cürbəcür depressiyalardan əziyyət çəkir və s. Amma o, insan ağlına, elmə güvənir, çarəni dünyanı öyrənməkdə görür. Qərb insanının dünyanı öyrənmək arzusunda onun ovçu xislətindən gələn maskulinlik və aqressiya var.

Qərbdə bəşər ağlının nailiyyətlərinə görə cürbəcür mükafatlar təsis edilir. Şərqdə isə imamların, seyidlərin xatirəsini əziz tutan pirlər, ocaqlar inşa edilib.

Cahilliyimiz könüllüdür. Azərbaycanlının dünyanın cahili qalmaq istəməyində könüllülük var. O, ürəyinin dərinliyində əslində elmsiz də keçinə biləcəyinə inanır. Təki allah «o dünyasını versin»!

Ən təhsilsiz azərbaycanlı valideynlər də indi uşaqlarının təhsilli olmasını istəyirlər. Amma bu, heç də Sabirin dediyi «Oxutmuram, əl çəkin!»dən bizim əl çəkdiyimizi göstərmir. Çünki valideynlər övladlarının diplomlu (yəni gələcəkdə işli, pullu, vəzifəli, hörmətli və s.) olmasına çalışırlar əslində, heç də insanın dəyərini və cəmiyyətin gələcəyini elmi savadda, fəlsəfi yaradıcılıqda, texniki inkişafda gördükləri üçün yox! Universitet tələbəsi olan övladının ibadətə də başlamasından məmnun olmayan valideyn ölkəmizdə hələ ki, yoxdur!

Ölkəmizdə liseylər, universitetlər, Elmlər Akademiyası var, amma elm hələ ki, kulturamızın hərəkətverici qüvvəsi, şüurumuzun güvənc yeri deyil. Biz elmlə düşünmürük, dünyaya elmi yanaşmırıq. Biz elmə inanmırıq!

Cahilliyimiz kultural-milli-dini problemimizdir.

İndi aydındırmı ki, əsl elmilikdən danışırıqsa islamı orta məktəblərə nə üçün soxmaq olmaz? İndi az da olsa aydındırmı ki, təhsil sistemimizdə islahatlar necə köklü aparılmalıdır?
XS
SM
MD
LG