Keçid linkləri

Molla, allah kərimdir!

İslam təlimində allaha verilmiş adlar çoxdur. Məsələn, xaliq – yaradan, aqil – bilən və s. Bunlardan biri də «kərim»dir. Allah – kərimdir. Kərim – yəni bəxş edən, verən, əvəzsiz paylayan, heç kimi darda qoymayan, bütün canlıların ruzisini yetirən, bir sözlə, qeydə qalan, muğayat olan deməkdir.

Molla Nəsrəddinin belə bir lətifəsi var: Bir gün Molla gəmi ilə harasa gedirmiş, birdən fırtına gəmini cənginə alır və Molla çox bərk qorxmağa başlayır. Yanındakılar ona ürək-dirək verirlər:

– Molla əmi, qorxma, allah kərimdir!

Mollanın cavabı dahiyanədir:

– Elə kərim olduğuna görə qorxuram də, birdən balıqların qeydinə qaldı, onda nətər olacaq?!

Sosial etirazsızlığımızın dini səbəbi


Azərbaycanlının şüurunda Allah nə edir?

Bütün həyati məsələlərin hamısında işə qarışır, nə edirsə O edir. Amma nə edirsə etsin, O Xeyirdir, qəsdən pis olsun deyə heç nə etmir, bizim üçün ən yaxşısını seçir, bir sözlə, O «özü bilən məsləhətdir», «allah kərimdir». Belə «düşünən» insanı siz qiyama qaldıra bilərsinizmi?!
Cəmiyyətdə hər addımbaşı nələrlə qarşılaşdığımızı sadalamağa ehtiyac varmı? Amma azərbaycanlı ilahi hökmün son nəticədə ədalətli olacağına arxayıncasına inanır və bunu «qismət» adlandırır. Qismət nədir? Riyaziyyatdakı kimi bölgü, amma ilahi bölgü. Allahın öz nemətlərini ədalətlə, hər bir canlının qeydinə qalaraq, kəramətlə bölüşdürəcəyinə inam! Belə ki, quldarlıq quruluşundan qalma qədim ilahiyyatçı şüur heç kəsi heç bir sosial problem üçün ayağa qalxmağa qoymur.

Qərb filosofları təkcə dinin yerini cəmiyyətdə yenidən müəyyənləşdirmədilər, eyni zamanda allahın fərdi şüurlardakı mənasını dəyişdirdilər. Qərb insanı başa düşdü ki, qarğışla, nəzirlə, allaha tapşırmaqla, «allah kərimdir!» deməklə, nicatı göydən gözləməklə həyat mübarizəsini udmaq olmaz, kriminallaşmış siyasi hakimiyyəti dəyişmək olmaz, həyat şəraitini yüksəltmək olmaz və s. Bəzən heç bir Qərb sosiologiyası ilə biz öz müsəlman cəmiyyətimizi izah edə bilməyəndə azərbaycanlının «kərim allah»ın möcüzəsinə olan ümidini nəzərə almalıyıq.

Azərbaycanlının arxayınlığında, tənbəlliyində, nikbinliyində, etirazsızlığında, fağırlığında, kəsə getmək həvəsində, ağ atlı oğlan intizarında, möcüzə eşqində dinilik gizlənib. Canımızda din var. Azərbaycanlının işi allaha qalıb, çünki o, özü işini daim allaha tapşırır. Azərbaycanlı əməyə yox, möcüzəyə inanır.
Bax, burada Mollanın kafiranə sualı yerindədi: birdən balıqların qeydinə qaldı, onda nətər olacaq?!.

Homo Azerbaycanius est homo islamicus

Lütfən, bəzi oxucular bu iki nüansa diqqət yetirsinlər:

Birincisi,
mən bloq yazılarımda hansısa terminin, o cümlədən dini bir terminin konseptual-ensiklopedik mənasından danışmıram, mən o anlayışın azərbaycanlıların şüurundakı real, işlək, aktual mənasından danışıram!

Bu, çox ciddi fərqdir. Məsələn, alimlərimizin əzbərçiləri Azərbaycan kulturasını kitablarda axtarıb tapırlar. Onlar tarixçidirlər, kulturoloq yox, kulturamızın tarixi keçmişini araşdırırlar, real indisini yox, tapdıqları da sür-sümükdür. Mən isə canlı kulturanı görmək, yaşayan azərbaycanlını tanımaq istərdim. Mənim üçün maraqlı olan kitablardakı Azərbaycan kulturası deyil, real həyatımızda – bazarda, iş yerində, ictimai tualetlərdə, ailədə, bir sözlə, cəmiyyətdə aktual, yaşayan, işləyən kulturadır.

Yəni bir var soruşursan ki, məsələn, «din» ümumiyyətlə nədir və başlayırsan ensiklopedik tərifləri bir-bir yağdırmağa, bir də var araşdırırsan ki, «burada və indi» (hic et nunc) ictimai şüur forması kimi müsəlmançılıq real həyatımıza necə təsir edir, nə iş görür? Beləliklə, məni bu yazılarımda «allah qoysa»nın, «allah kərimdir»in, «ya qismət!»in, «rəhmətə getməy»in və s. ensiklopedik dini mənaları maraqlandırmır, mənim üçün maraqlı olan qadınların ancaq arxasına baxan polisin, «kərpici» bığları ilə ikrah oyadan manısın, oturuşunun ifadəsindən «əcəb eləyirəm!» mənası çıxan prezidentin, elmdən başqa hər şeydən danışan «alim»lərimizin, müxtəlif yerlərini qaşımaq üçün çeçələ barmağının kirli dırnağını uzadan gəncin, dişlərini yumağa vaxt tapmayan kəndçinin və s. şüurunun içi maraqlıdır. Bu yazılarımda predmetim birbaşa din deyil!

İkincisi, din tənqidlərimə tez-tez etiraz edilir ki, bəyəm Azərbaycanda islam və yaxud müsəlman var ki, bu halımızın səbəbkarı da din olsun? Belə düşünənlər elə bilirlər ki, mən dini ibadətlə, dindarları da namaz qılıb, oruc tutanlarla eyniləşdirirəm. Əsla! Söhbət şüurun, hətta şüuraltının dindarlığından gedir, öyrəncəli olduğumuz düşüncə tərzinin, dünyabaxışının dindarlığından! Elmdə buna kriptoteoloqizm (gizli dinilik) deyilir. Allaha inanmayan da dini düşünə bilər.

Gəlin, bir anlığa özümüzə sual verək: Bu torpaqlarda islamdan savayı hansı mentalitet hakim ola bilərdi? Azərbaycanlının düşüncə tərzi islamdan savayı hansı təlimlə formalaşmış ola bilər? Unutmayaq ki, azərbaycanlılar bir etnos kimi, Azərbaycandili müstəqil bir dil kimi, hətta «Azərbaycan» adı da Orta əsrlərin sonlarında (XII əsrdə) formalaşıb tamamlanıb ki, bu, islam təliminin bu torpaqlarda bərqərar olub qurtardığı tarixdir!

«Azərbaycanlı» kulturoloji və mental anlamda «müsəlman» deməkdir: Homo Azerbaycanius est homo islamicus! Mən, bu mənada, azərbaycanlı deyiləm!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG