Keçid linkləri

Təcili xəbərlər

Gülən adam


Mailə Muradxanlı
Mailə Muradxanlı
Mən bu peşəni seçmək qərarına gələndə, o artıq tanınmış jurnalist idi. Radioda çalışırdı. Maraqlı soyadı vardı. O dövrdə belə soyadlar elə də yayğın deyildi. Əlahəzrət Zaman bu məsələyə də öz damğasını basmışdı. İnsanlar kimi soyadlar da repressiya olunmuşdu…

MAİLƏ MURADXANLI…

Amma Mailə xanım özünə çox gözəl soyad seçmişdi, deyilmi?
Daha doğrusu, seçməmişdi. Muradxanov onun ata-baba soyadı idi.
Muradxanovlar Salyanda sayılıb-seçilən nəsil idi. Yurdun Cənubundan—Ərdəbildən köç etmişdilər Salyana.
Atasının əmisi Əsədulla bəy Rusiya Dövlət Dumasının deputatı olmuşdu.
Sovet repressiyaları başlayanda, Əsədulla bəyin bütün qohumları Cümhuriyyətçi damğası ilə repressiya olundular.
Mailə xanımın atası Balabəy rus dili müəllimi idi. onu məhz sənətinə görə (rus dili dərsi dediyi üçün) gedər-gəlməzə yollamamışdılar.
Anası Zabitə xanım da əsilli-nəsilli ailədən çıxmışdı.
Mailə xanım anasının türk şairlərindən dediyi şeirlərlə böyümüşdü.
Sonralar Balabəy müəllimi Bakıya göndərmişdilər.
Maştağada işləməyə başlamışdı.
Mailə birinci sinfə elə orda getmişdi.
Jurnalist sənətini seçəndə, soyadından «ovu» özü atmışdı. Olmuşdu—Muradxanlı.

MURADXANLI İLKLƏRDƏNDİ

Sovet Azərbaycanında qadın jurnalistlər qıt idi. Mailə xanımın bu sənəti seçdiyi vaxtlarda təzə-təzə yaranırdı.
Muradxanlı ilklərdəndi…
1962-ci il idi. Mailə xanım bu ildə universiteti bitirdi. İlıqlaşmanın yetişdirdiyi yeni bir nəsil yaranırdı. Ədəbiyyatda, jurnalistikada bu nəslin ilk rüşeymləri cücərirdi. Sonralar bu nəslə «60-cılar» deyəcəkdilər.
Qorxudan, ürküdən, xofdan, sürgündən, həbslərdən bir az aralanmış, özünə təzə-təzə inanan nəsil…

SADƏ BİR HƏYAT YAŞADI

Mailə xanım belə bir zamanda jurnalistikaya gəldi, tezliklə seçildi, oxundu, dinlənildi, məşhurlaşdı.
Azərbaycan efirinin ən önəmli isimlərindən birinə çevrildi.
Arada hətta kinostudiyada çalışdı. Daha yaxşı yaşamaq üçün jurnalistikanın az qala bütün janrlarına əl atdı.
Bu ölkədə əsl jurnalistika ilə məşğul olub da, qayğısız, təmin olunmuş həyat yaşamaq mümkündürmü? Əgər kimsə bunun əksini sübut etmək fikrindədirsə, mənasız işə girişməsin.
Mailə xanım da yüzlərlə Azərbaycan jurnalisti kimi, sadədən-sadə bir həyat yaşadı. Halbuki başqa bir ölkədə doğulmuş olsaydı, ömrünü birotaqlı mənzildə başa vurmazdı…
Ahıl çağlarında işdən çıxarılmazdı.
Mənəvi sarsıntılar keçirməzdi.
Bu yaşlarında özünü ifadə etmək üçün başqa bir kanala sığınmazdı.
Bütün ata-analar kimi, öz böyümüş, ev-eşik sahibi olmuş balalarına kömək etmək məcburiyyətində qalmazdı.
Və daha nələr…

«TI MOY DOROQOY…»


Təsadüf elə gətirdi ki, təxminən 20-25 il öncə mən Mailə xanımı bir toyda gördüm. Tələbə yoldaşının (aramızdan vaxtsız getmiş Tofiq Rüstəmovun) oğlunun toyunda söz demək üçün mikrofona çağrılmışdı. Sən demə, Mailə xanım sevimli tələbə yoldaşına həmişə «ti moy doroqoy» deyə müraciət edirmiş. Onun gözəl Azərbaycan türkcəsində, «tı moy doroqoy» müraciəti ilə etdiyi həmin toy nitqi mənim uzun illərdir ki yadımdan çıxmır. Hələ onun çıxışdan sonra oynaması…

MAİLƏ XANIM İŞIQLI ADAM İDİ

Onun sifətindən nur tökülürdü.
Yaxınları ölümündən sonra onun ciddi şəklini tapa bilməyiblər. Mailə xanım bütün şəkillərdə gülürmüş.
Möcüzədir! Bu xanım ölümü ayaqüstə qarşıladı.
Ciddi (özü də çox qorxulu) xəstə olduğunu bilmədi.
Diaqnozla ölümün arası cəmi 1-2 gün çəkdi.

MAİLƏ XANIM QUŞ KİMİ UÇUB GETDİ…

Neçə gündür bu sözləri aramsız təkrarlayıram.
O həqiqətən həyatının sonunda bir quş timsalında idi.
Sanki birdən-birə uçub getdi.
Bizi—həmkarlarını, iki boynubükük balasını--əzizlərini, iş yoldaşlarını—ANS-çiləri, hamını-- tamaşaçılarını Yerdə buraxıb uçdu.
Əbədiyyətə…

P.S. Bir də Mailə xanım sanki heç dəyişmirdi. 40 il öncə onu necə görmüşdüm, o cür də qalmışdı. Mailə xanım cavanlığından müdrik idi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG