Keçid linkləri

Təcili xəbərlər

Təvazökar diktatorlar


Bütün diktaturalar eyni bir müəllifin təkrar-təkrar oynanılan tamaşasına bənzəyir, hər şey olduqca eyndir: süjet də, rollar da, aktyorlar da, bircə tamaşaçılar fərqlənir – bir halda tamaşaçılar açıq sifətli, bəyaz rəngli, digər halda lap qaradərili, başqa bir halda isə qıyqacı gözlü olurlar. Məzmun da eynidir – xoşbəxt həyat, təvazökar, heç vaxt şöhrətə və hakimiyyətə can atmayan diktator, millətin diktatora nəhayətsiz sevgisi və minnətdarlığı!...

Nursultan Nazarbayevin növbəti «təvazökar» addımı haqqında eşidəndə ağlımıza gələn ilk sətirlər bunlar oldu. Sən demə, Nursultan Nazarbayev heç də «ümummilli lider» olmaq istəmirmiş, sadəcə qazax xalqı bunu arzu edir, və diktatora özünün böyük sevgisini izhar etmək istəyirmiş.

Parlament və baş nazir məsuliyyəti öz üzərinə götürərək qərarı təsdiq edib, hətta hər iki palata yekdilliklə bu qərara səs verib. Nazarbayev isə təkid edirmiş ki, onsuz da məsələ konstitusiyada öz həllini tapıb, ancaq minnətdar qazax xalqı konstitusiya ilə kifayətlənmək istəməyib – axı konstitusiya nə olan şeydir ki?!

Doğrudan da qazax xalqı üçün konstitusiya nədir ki? Rəhbərin hüququ ayrıca, başqalarından fərqli qanunla təsbit olunmalıdır!

Tarixdə böyük hadisələrə imza atmış despotlar olub. Amma «kiçik diktatorları», sadəcə hakimiyyət və vəzifə düşkünlərini heç kim xatırlamır, çünki onlar hakimiyyəti o qədər kiçik məqsədlər üçün istifadə edirlər ki...
Yeni qanun rəhbəri hər hansı hüquqi təqibdən azad edir, ona qarşı cinayət işi açıla bilməz, o, məsuliyyətə cəlb edilə bilməz. Məsələ belədir. Həqiqətən də çox təvazökar qanundur.

İLHAM ƏLİYEVİN ŞƏKİL QƏRARI

Bu hadisə yadıma İlham Əliyevin öz şəkilləri ilə bağlı verdiyi qərarı saldı. O əmr etmişdi ki, onun şəkillərini şəhərdən yığışdırsınlar. Bir ara belə də etdilər. Amma şəhərdən yığışdırılan şəkillər kabinetlərə köç elədi – indi elə bir dövlət idarəsi tapmaq mümkün deyil ki, orada İlham Əliyevin şəkli olmasın.

Elə Heydər Əliyev də belə edirdi. O da həmişə deyirdi ki, bütün həyatı boyu heç vaxt vəzifəyə can atmayıb, heç 1993-cü ilin iyununda da vəzifə istəməyib, sadəcə hər dəfə xalq özü onu hakimiyyətə çağırıb.

Heydər Əliyevin vaxtında da rəhbərin hər təvazökar çıxışından sonra təriflərin, tele- süjetlərin və filmlərin sayı dayanmadan artırdı.

Bəlkə də qazaxlara elə gəlir ki, onlar Nursultan Nazarbayevə «ümummilli lider» statusu verməklə nəsə təzə bir şey tapıblar. Azərbaycanlılar artıq çoxdan bunu təcrübədən keçiriblər – Heydər Əliyevin adı çəkiləndə «ümummilli lider» və yaxud «ulu öndər» ifadələrindən birini işlətmək yazılmamış qanundur. Bəli, hər şey eyni bir filmdə və yaxud da tamaşada olduğu kimidir. Təzə heç nə yoxdur.

Nursultan Nazarbayev də bir gün dünyasını dəyişəcək, həkimiyyətə ya onun birbaşa varisi, ya da yaxın adamı gələcək. Hər şey olduğu kimi qalacaq, sadəcə filmin və yaxud tamaşanın baş rolunun ifaçısının adı dəyişəcək.

Azərbaycanlılar bunu artıq yaşayıb və heç bir nəticə çıxarmayıblar. Güman ki, qazaxlar da yaşayacaq və heç bir nəticə çıxarmayacaqlar. Ancaq sadə və səmimi insanlar belə zənn edirlər ki, guya insanlar tarixdən hansısa nəticələr çıxarırlar. Əsla belə deyil. Tarix özü də öyrədir ki, insanlar bir qayda olaraq ondan heç bir nəticə çıxarmırlar.

GƏNC DİKTATORLAR ÜÇÜN SORĞU KİTABI

Tarixdən nəticə çıxarılmasa da, tarixin özünün bir ironiyası var. Son əsrdəki diktatorların heç biri tarixin yaddaşında qalmayıb. Tarixin özü də bütün hallarda personajlarına selektiv yanaşır. Fikriniz makedoniyalı İsgəndərə, Çingizxana və yaxud Napoleona getməsin. Pinoçeti indi kim xatırlayır? Və yaxud Brejnevi kim anır? Bəlkə Türkmənbaşı yaddaşlardadır?

Yoxdur onlar. Bəli, tarixdə Sezarlar, Teymurlar var. Amma bunlar müəyyən mənada bəxti gətirmiş despotlardır.

Volter deyirdi ki, kralların tarixini yox, böyük hadisələrin tarixini yazmaq lazımdır. Bəli, tarixdə böyük hadisələrə imza atmış despotlar olub. Bunu inkar etmək olmaz. Nə tarix, nə də insanlar onları inkar etmir. Amma «kiçik diktatorları», sadəcə hakimiyyət və vəzifə düşkünlərini heç kim xatırlamır, çünki onlar hakimiyyəti o qədər kiçik məqsədlər üçün istifadə edirlər ki, adam V.Hüqonun ardınca bunlara «kiçik krallar» demək istəyir. Bəli, xırda və kiçik krallar...

Ən son yazılan

XS
SM
MD
LG