Keçid linkləri

Alman və fransızlar söhbət situasiyasında

Beş-on il bundan qabaq ağlıma belə bir düstur gəlmişdi ki, mədəniyyətləri onların məkanında nələrdən söhbət edilməsinə, necə söhbət edilməsinə görə ölçmək olar.

Fransızlarla almanları ölçək. Şair Arndt 18-ci yüzilin axırında demişdi: Biz həddən artıq düşüncələr yürüdürük, fransızlarsa danışmağı sevirlər. Özü də söhbətdə dərinə getmək onlarlıq deyil. Almanların dərin söhbətləri fransızlar üçün əsl əzabdır. Şopenhauer isə yazmışdı: Fransızlar hətta deməyə bir şey olmasa belə, danışmalıdırlar, çünki onların məclisində bir dəqiqəlik susqunluq, sükut da ədəbsizlik sayılır.

Söhbət özəlliyi məsələsində bizimkilərə keçəndə

Çətin deyil görmək ki, bu tutuşdurmalarda azərbaycanlı söhbətbazlığı fransızlarınkına yaxındır. Ancaq bu üzdə belə görünür. İçdə isə Azərbaycan insanlarında fransızlardakı söhbət manyerizmi, dünyadan şirin-şirin, yastı-yastı danışmaq yoxdur. Bizim söhbət mədəniyyəti həm dil, həm mövzu baxımından heç də dörd yanımıza örnək ola bilməz. Bakılı sükutdan lap fransızlar kimi qorxur. Deyəsən, ona elə gəlir ki, bir şey deməsə, elə görünəcək ki, başı boşdur, ona görə dili başından heç nə çıxarammır. Və ya dili köntöydür, ona görə bir düşüncə deyəmmir.

Ancaq o da var ki, bakılıdan və fransızdan fərqli olaraq bizim bölgələrdə tez-tez rast gəlmək olar ki, çayxanada iki nəfər oturub çay içirlər, hərəsi də bir yana baxır.

Azərbaycanı və azərbaycanlılığı yırtıb, didmək (əlləşdirmək, türklər demişkən, «eleşdirmek?») hər yazana elit bir əda verdiyi üçün mən də fürsətdən istifadə edib söhbət məsələsində özümüzü «didmək» istədim. Məsələn, demək istədim ki, bizim romanlarda hələ də qızla oğlanın flirt (mazaq?!) dolu sözlə oynaya-onaya bir-biri ilə oynaması (mazaqlaşması?) yoxdur, bircə Anarın Təhminəsi ilə Zaurundan başqa. Bizim romanlarda hələ də alim, intellektual kimi verilən iki nəfərin düşüncəli söhbəti yoxdur.

Dünya üçün söhbət problemi

(Bizdə bəzi söhbətlərin laqqırtı adlandırılması da ilgincdir. Nədir bu laqqırtı? Boş-boş danışanların danışığının musiqisinin olmaması? Ona görə də bir az uzağa yayılanda laq-luq səslərində itməsi?)

Beləcə, mən istədim elit bir əda qazanaq üçün Azərbaycanı və azərbaycanlıları söhbət böhranında, söhbət mədəniyyətsizliyində suçlayım. Ancaq bu zaman ağlıma gəldi ki, bütün dünyanı söhbət böhranında, söhbət mədəniyyətini itirməkdə suçlamaq olar. Bəlkə də sevənlər üz-üzə oturanda əsas ləzzətli «söhbət» baxışlarda gedir. Ancaq iki-üç nəfər gözlərdən yox, sözlərdən elə bir dünya yarada bilər ki, ulduzlu göy qübbəsi olar. Belə söhbətlər isə bütün dünyada çətin çatılan bir haldır.

Nitsşe zarafat etmişdi: Çox az adam tapılar ki, söhbət zamanı materialın qıtlığından dostunun sirrini danışmasın. Azərbaycan və dünya söhbətlərində söhbəti ləzzətli etməyin çətinliyində dada dostların sirri çatır. Bunları danışanda gərəkli dramatikliyi, marıtlayan baxışları əldə edirdilər. Bir də dalca danışanda. Mədəniyyətimizdə dalca danışmağın yasağında «nə olar-nə olmaz» aydınlığı olmadığı üçün hər danışıq dalca danışıq kimi damğalana bilər.

Rezyume:

İndi sonda nə deyim? Onsuz da mənim yazdıqlarımın kodunda çaş-baş qalan oxucular var ki, sevgidən yox, hirslərindən şərhlərində mənə «sən» deyib deyinirlər.

Mən isə demək istəyirəm:

a) mədəniyyətdə söhbət kültürünün nə halda, nə necəlikdə olması onun sağlamlığı, xəstəliyi, düzlüyü-əyriliy haqqında simptomlar olaraq diaqnoza əsas verir;

b) bütün dünyada söhbət böhranı var, yüksək tok-şoular, realiti-şoular, müğənnilər haqqında dedi-qodular, Maykl Ceksonun fanatları dəstəsində toplaşmaq, TV-lərdə yemək-mətbəx məsləhətləri «nədən danışaq» məsələsində adamların dadına çatmaq üçündür;

c) gözəl şeirlərin, romanların, hekayələrin bir dəyəri də mədəniyyəti ağıllı söhbətlərlə təmin etməkdir.

Bütün bu a-b-c-dəki parametrlərdən Azərbaycanda «söhbətə bəhanələr» məsələsinə çıxsaq, görərik ki, problemimiz çoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.

Şərhləri göstər

XS
SM
MD
LG