Keçid linkləri

Ötən həftə Rusiyanın qaz monopoliyasının rəhbəri Aleksey Miller jurnalistlərin suallarını cavablandırarkən maraqlı təkliflə çıxış edib. O deyib ki, «Qazprom» Azərbaycanın «Şah-dəniz» yatağında iştirakla bağlı təklifi hər an müzakirə etməyə hazırdır. Düzdür, «Qazprom» rəhbəri bildirib ki, hələ belə bir təkliflə onlara müraciət daxil olmayıb, ancaq şirkət bu cür layihələrə biganə də deyil.

CƏNAB MİLLERİN ARZULARI

Miller bu mövzuya o zaman toxunub ki, Avropanın neft və qaz nəhəngi olan BP-nin («Şah-dəniz» layihəsinin operatoru) səhmləri növbəti dəfə ucuzlaşaraq hər səhm üçün $27 səviyyəsinə enib və Britaniya şirkətinin kapitalizasiyası (gündəlik bazar dəyəri) «Qazprom»unkundan geridə qalıb. Bunun nəticəsində Qərb mətbuatında belə bir fikirlər səslənməyə başlayıb ki, bəs BP Meksika körfəzindəki ekoloji fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı ABŞ hökuməti qarşısında götürdüyü öhdəlikləri ($20 mlrd dəyərində olacaq fondun maliyyələşdirilməsi tamamilə BP-nin üzərinə qoyulub) ödəmək üçün özünün bir-sıra aktivlərini satışa çıxara bilər. Bunların arasında ilk növbədə səhmdarlar üçün cəlbedici layihələr olmalıdır ki, gündən-günə ucuzlaşan səhmlərin müqabilində bu sövdələşmədən yaxşı qazanc əldə etmək mümkün olsun. Təbii ki, BP-nin dünya üzrə layihələrini nəzərdən keçirsək, burada «uzunömürlülər» içərisində Azərbaycandakı 3 layihə diqqəti çəkir:

- «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi (2029-cu ilin dekabrında layihə başa çatacaq);
- Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi (40 illik layihə, 2042-ci ilin 1 avqustunadək qüvvədədir);
- «Şah-dəniz» qaz-kondensat yatağının işlənməsi (2036-cı ilin 17 oktyabrınadək hüquqi qüvvəsi mümkündür). Bu layihəyə həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərinin fəaliyyəti də daxildir.

Göründüyü kimi, BP-nin Azərbaycandakı aktivləri həqiqətən çox cəlbedicidirlər, özü də təkcə «Qazprom» üçün yox. Ancaq məsələ burasındadır ki, BP bu layihələrdəki səhmlərini satmağa razı olarmı?

BP AZƏRBAYCANI TƏRK EDƏ BİLƏRMİ?


BP Meksika körfəzindəki ekoloji fəlakətin fəsadlarını aradan qaldırmaq üçün özünün bir-sıra aktivlərini satışa çıxara bilər
«BP-Azerbaijan» şirkətinin rəsmiləri mənimlə söhbətdə narahatçılıq üçün heç bir əsas olmadığını bildirirlər: $20 milyard və hətta bundan da çox vəsaitə görə BP hasilat və ya infrastruktur layihələrindən imtina etmək fikrində deyil, ona görə ki:

- birincisi, şirkətin illik dövriyyəsi və mənfəəti o qədər böyükdür ki, sözügedən vəsaitin ödənməsi üçün problem yaranmayacaq;

- ikincisi, Azərbaycandakı layihələr mənfəət dərəcəsi yüksək olan layihələrə aid edilir və strateji baxımdan şirkət üçün çox əhəmiyyətlidir (BP faktiki olaraq Xəzər regionunda yalnız Azərbaycandakı layihələri ilə gündəmdədir);

- üçüncüsü, BP-nin dünya üzrə ən məhsuldar 10 quyudan 4-ü Azərbaycandadır və şirkət nə yaxın, nə də orta perspektivdə onları öz aktivindən çıxarmaq fikrində deyil.

Digər tərəfdən, şirkət 2010-cu il üçün özünün xərclərini planlaşdırarkən neftin orta qiyməti hazırda dünya bazarlarındakı qiymətdən 30% aşağı idi. Məhz bu səbəbdən də BP-nin Meksika körfəzindəki uğursuzluğunun aradan qaldırılmasına sərf ediləcək vəsaitin əsas hissəsi neftin planlaşdırılmış qiymətinin artıq hissəsindən əldə edilən gəlir hesabına ödənilməlidir.

Mənim fikrimcə, nə hazırkı şəraitdə, nə də sonra BP-nin nə «Azəri-Çıraq-Günəşli», nə də «Şah-dəniz» layihəsindəki paylarını satışa çıxarmaq kimi proqnozlar praktikada baş verməyəcək. Çünki bunun maliyyə məsələsi ilə bağlılıq əmsalı çox aşağıdır. Digər tərəfdən, Azərbaycan tərəfi də qonşu Qazaxıstan və ya Rusiyada olduğu kimi, Britaniya şirkətinin üzərinə «şığıyaraq» onun payını əldə etmək siyasəti yürütmür və nəhayət, bu kimi məsələlərin «siyasi mahiyyəti» də var: Qərbdə çətin elə bir qüvvə tapıla ki, BP-nin «Qazprom» kimi mənfi imicə malik bir şirkətlə əvəz edilməsinə HƏ deyə. O baxımdan da, c-b Millerin arzusunun gerçəkləşməsi şirin yuxudan başqa bir şeyə bənzəmir, lap ortada «Dağlıq Qarabağın müqəddəratı» məsələsi olsa belə...

Şərhləri göstər

XS
SM
MD
LG