Keçid linkləri

Təcili xəbərlər

BP (Qərb) və Azərbaycan kapitalı


QƏFİL BAKI SƏFƏRİ

Beləliklə, 6 iyul səhəri xəbər yayıldı ki, (məlumatı «Turan» agentliyi yaymışdı), BP şirkətlər qrupunun prezidenti Toni Heyvord işgüzar səfərlə Bakıya gəlib. Ancaq bununla bağlı şirkətin Londondakı baş ofisi əvvəlcədən heç bir məlumat yaymamışdı və «Turan»ın məlum xəbərindən sonra BP-Azerbaijan yalnız faktı təsdiqləməklə kifayətləndi.

Ancaq bir qədər sonra məlum oldu ki, Toni Heyvordu günün 1-ci yarısı Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Sonradan yayılan rəsmi məlumata görə, bu görüşdə BP rəhbəri Azərbaycanla Türkiyə arasında paket qaz sazişinin imzalanmasına görə İlham Əliyevi təbrik edib (Diqqət yetirin: təbrik faktın üstündən 1 ay sonra həyata keçirilib, baxmayaraq ki, bunu «Nabucco» və TAP qaz kəmərləri layihəsi iştirakçıları olan şirkətlər 8 iyunda elan etmişdilər) və dövlət başçısını əmin edib ki, BP «Şahdəniz» layihəsinin operatoru kimi onun tammiqyaslı işlənməsinin («Mərhələ-2» layihəsi nəzərdə tutulur – İ.Ş.) tezliklə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Günün 2-ci yarısı isə Toni Heyvord SOCAR rəhbərliyi ilə görüşüb və sonra Dövlət Neft Şirkəti ilə BP arasında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən «Asiman» və «Şəfəq» strukturlarının birgə kəşfiyyatı və işlənməsinə dair sazişin əsas kommersiya prinsiplərinin imzalanması mərasimində iştirak edib.

Yerli TV-lər və sonrakı gün işıq üzü görən çap mətbuatı BP rəhbərinin qəfil Bakı səfərinin məqsədinin faktiki olaraq elə SOCAR-dakı mərasimlə əlaqədar olduğunu qeyd etmişdilər. Ancaq bu heç də belə deyildi, ona görə ki, Bakıda imzalanan sənədin (xatırladım ki, bu müqavilə deyil, gələcəkdə imzalanması planlaşdırılan PSA tipli müqavilənin kommersiya prinsiplərinə dair razılaşmanı əks etdirən bir sənəddir) əhəmiyyəti BP kimi şirkətin birinci şəxsinin iştirakına adekvat deyildi. İndiyə qədər Azərbaycan praktikasında BP-dən aşağı səviyyəli şirkətlərlə hətta PSA tipli müqavilələrin imzalanma mərasimində belə ən yaxşı halda vitse-prezidentlər iştirak ediblər. Demək, burada ictimaiyyətə açıqlanan məlumatlar əslində BP rəhbərinin Bakı səfərinə sadəcə bir «don geyindirilməsi» xarakteri daşıyıb. Bəs əslində Heyvord niyə gəlmişdi Bakıya?

BP-NİN BAKI GİZLİNLƏRİ

Toni Heyvord
Bunu analiz etmək üçün bir sıra amillərə diqqət yetirmək lazımdır. Bunun ən başlıcası şirkətin mövcud durumu ilə bağlıdır. Yəni, Meksika körfəzindəki məlum fövqəladə vəziyyətin indiyə kimi aradan qaldırılmaması BP-nin səhmlərini gündən günə ucuzlaşdırır və şirkət kapitalizasiyasına (dəyərinə) görə artıq orta səviyyəli enerji şirkətləri ilə bir sırada yer tutmağa başlayıb.

Bu arada ABŞ rəhbərliyi tərəfindən kəskin tənqidə məruz qalan şirkətin işgüzar nüfuzu daha da büdrəyib. BP prezidentinin öz şəxsi yaxtasında evli bir qadınla istirahət etməsi faktının dünya mətbuatına ötürülməsi isə faktiki olaraq Toni Heyvordun tezliklə əvəz edilməsi məsələsini gündəmə gətirməyə dəlalət edir.

CNN İnternational isə artıq onu əvəzləyə biləcək mümkün şəxsin adını da açıqlayıb: bu, hazırda BP şirkətlər qrupunda böyük nüfuza malik olan Robert Dadlidir, hansı ki, Rusiyadakı müsbət fəaliyyətinə görə (o uzun müddət BP-TNK şirkətinə rəhbərlik edib və özünün Rusiya iqtisadiyyatının idarə edilməsi ilə bağlı tənqidi fikirlərinə görə Kreml tərəfindən arzuedilməz şəxs kimi ölkədən məlum «viza» problemi ilə xaric edilmişdi, hazırda BP özünün hasil etdiyi neftin 20%-ni məhz BP-TNK fəaliyyəti nəticəsində əldə edir) bütün Qərbdə tanınır. BP rəhbərinin Bakı səfərindən bir gün öncə isə Britaniya hökumətinin BP-nin gələcək taleyi ilə müxtəlif ssenarilər hazırladığı mətbuata sızdırılıb.

Belə ki, rəsmi London BP-nin müflis olma dərəcəsinədək pessimist ssenariləri də nəzərdən keçirib və qərara alınıb ki, adı British Petroleum olan bir şirkətin onun rəqibləri tərəfindən (xüsusən də Fransanın Total və Amerikanın ExxonMobil şirkətləri, o cümlədən Çinin enerji nəhəngləri) «udulmasına» heç çür imkan vermək olmaz. Bu həm də onunla əlaqədardır ki, BP-nin səhmlərinin 60%-ə yaxını hazırda Böyük Britaniyanın dövlət və özəl təqaüd fondlarına məxsusdur. Yəni BP-nin müflisləşməsi və ya onun nəzarət paketinin başqa dövlətin şirkətlərinə keçməsi birbaşa olaraq Britaniya vətəndaşlarının maraqları ilə (həmin fondlar BP-dəki paylarından divident almadıqları təqdirdə milyonlarla təqaüdçünün maddi vəziyyətinin pisləşməsi qaçılmazdır) toqquşur. Hətta BP-nin çıxılmaz vəziyyətdə milliləşdirilməsi məsələsi də nəzərə alınıb.

Təbii ki, belə bir şəraitdə Bakı səfərinin hansısa aralıq sənədin imzalanması ilə əlaqələndirilməsi həqiqətən də inandırıcı görünmür. Əslində, Heyvord BP qarşısında özünün son missiyasını yerinə yetirir. Əldə edilən məlumatlara görə, şirkətin strateqləri başqa şirkətlər tərəfindən «udulmamaq» planını hazırlayarkən belə bir ssenarinin onların maraqlarına daha çox cavab verə biləcəyini vurğulayıblar.

BP Meksika körfəzindəki fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı böyük miqdarda vəsaitə möhtacdır (minimum 20 milyard, maksimumu isə proqnoz etmək hələ də mümkün deyil, ona görə ki, neft hələ də açıq dənizə axmaqda davam edir). Bunu isə yalnız neft hasilatı və neftayırma fəaliyyəti ilə ödəmək mümkün deyil. Ona görə də şirkətin səhmlərinin bir qisminin (10-15%) satışına ehtiyac duyulacaq. Bəs kimə satmaq? Bunun üçün ən əlverişli variant kimi dünyadakı suveren fondların vəsaitlərinin cəlb edilməsi variantına baxılır. Belə ki, suveren fondlar qarşılarına məqsəd kimi əllərində olan vəsaitlərin müəyyən zaman kəsiyində maksimum artırılması kimi vəzifə qoyurlar. Bu baxımdan onlar indiki qiymətlərlə BP-nin müəyyən payına sahib ola bilər, sonrakı illərdə isə bunu daha baha qiymətə elə BP-nin özünə sata bilərlər.

NEFT FONDUNDAN BP-YƏ TRANSFERLƏR?

BP Meksika körfəzindəki fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı böyük miqdarda vəsaitə möhtacdır
Güman etmək olar ki, Bakıda prezident İlham Əliyevlə Toni Heyvordun görüşünün əsas mövzusu da elə bununla bağlı olub. Belə ki, Azərbaycan Neft Fondu bu halda BP-nin əsas donorlarından biri kimi çıxış edə bilər. Onsuz da Fondun gəlirlik dərəcəsi (söhbət Fondun vəsaitlərinin xarici menecerlər tərəfindən idarə edilməsindən gedir) ildə 3-4 faizdən çox deyil (hətta bundan da aşağı olan vaxtlar olub). Bu arada isə gəlirlik dərəcəsini hətta bir-neçə dəfə artırmaq imkanı qazanmaq olar. Niyə «olar» yazıram, ona görə ki, bu kimi proseslərdə kommersiya riskləri çox böyükdür.

Maraqlıdır ki, BP rəhbəri Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. Burada isə Abu-Dabidəki suveren ərəb fondları ilə qapalı danışıqlar keçirib. Elə bundan sonra dünya mətbuatında Küveytin və BƏƏ-nin suveren fondlarının BP-yə «qısamüddətli» yiyələnmə planı ilə bağlı məlumatlar yer almağa başlayıb.

Əgər rəsmi Bakı «hə» desə, çox güman ki, bu yaxınlarda çox şeyin şahidi olacağıq, axı söhbət real olaraq milyardlarla vəsait uğrunda dünya çarpışmasından gedir. Bakıda Amerika yəhudi lobbisi rəhbərlərinin lazımi vaxtda peyda olması da məncə təsadüf deyil...

Bir sözlə, Azərbaycanın nefdən bu günə əldə etdiyi kapital uğrunda da mübarizənin işartıları görünməkdədir. Axı, «Qazprom» dəli deyil ki, Azərbaycandan ən bahalı qaz (hazırda 100 kubmetri üçün 244,5 dollar – mənbə Rusiyanın «Kommersant» qəzeti) almağa belə sakitcə razılıq verir.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.
XS
SM
MD
LG