Keçid linkləri

«Deyirəm eşitmirlər, göstərirəm görmürlər, yazıram oxumurlar»! Həsən bəy Zərdabinin bu məşhur gileyinin arxasında «fəqət, başqa yol da yoxdur!» sözləri olmasaydı, bəlkə də, yaşamağa və işləməyə dəyməzdi.

Bəli, başqa yol da yoxdur – demək, göstərmək və yazmaq lazımdır və inanmaq lazımdır ki, bütün bunlar nə vaxtsa nəticə verəcək.

Mətbuat günündə bu sözləri təsadüfən xatırlamadıq. Bu ölkədə vərəsəlik təkcə pulu, malı və sərvəti əhatə etmir – hətta problemlər də bir nəsildən başqasına ötürülür, insanı ruhdan salan, üzən də elə budur. Mətbuatın 135 illik tarixinin 64 ilini müstəqil mətbuat dövrü kimi qəbul etmək olar. Amma 135 ili hər halda milli mətbuatın yaşı kimi səciyyələndirmək mümkündür. Bu illər ərzində nə dəyişib?

135 İLDƏN SONRA

Azərbaycanda «şərəf və ləyaqət» predmetli məhkəmələrdə dövlət məmurları bundan üç – dörd dəfə çox təzminat tələbi qoyurlar və çox qəribədir ki, məhkəmələr belə tələbləri təsdiq edirlər. Belə çıxır ki, dövlətə qarşı 20 min, ancaq qəzetə qarşı 100 min manat?
Zərdabi «Əkinçi» qəzetini təsis etmək üçün yeddi il vaxt sərf edib. İndi qəzet təsis etmək xeyli asanlaşıb. O qədər asanlaşıb ki, YAP funkisionerləri hətta bunu da dəyişmək, prosedurları bir qədər çətinləşdirmək istəyirlər. Belə narahatlıq təkcə mətbuatın təsisi ilə bağlı deyil – vaxtilə beynəlxalq təşkilatların təzyiqi ilə qəbul edilən bir çox müsbət qanunları dəyişmək, bir az sərtləşdirmək indi çox dəbdədir.

Bəli, hələ ki qəzet təsis etmək problem deyil. Ancaq təkcə təsislə iş bitirmi? Yarım ilin statistikası maraqlı detallar aşkar edir. Altı ayda mediaya qarşı 60 iddia qaldırılıb, ümumilikdə, 680 min manat təzminat tələb edilib. Yarım ilin «göstəriciləri» budur. 680 min manatı nəinki jurnalistlər, hətta bütöv qəzet kollektivləri təsəvvür belə etmək gücündə deyillər – ölkənin bütün mətbu orqanlarını bir yerə toplasan, bu qədər vəsaiti ödəmək iqtidarında deyillər.

QƏZETƏ QOYULAN TƏZMİNATIN HƏCMİNİ PSİXİATR ARAŞDIRSIN

Bir qəzet redaktoru maraqlı hadisə danışmışdı. Onun redaktoru olduğu qəzeti məhkəməyə verən bir nəfər məmur o qədər böyük məbləğdə təzminat qoyubmuş ki, redaktor məcbur olur məhkəməyə müraciət etsin ki, həmin adamın ruhi sağlamlığı yoxlanılsın. Bir qədər gülüş doğura biləcək hadisə əslində ürək ağrıdır. Təzminatlar, ümumiyyətlə bir ayrıca mükəmməl söhbətin mövzusu olmağa layiqdir.

Dünya praktikasında təzminatlar bir qayda olaraq simvolik xarakter daşıyır, çünki orada məqsəd hansısa mətbu orqanını bağlatdırmaq deyil, həqiqəti üzə çıxarmaqdır.

Avropa İnsan Haqları Məhkəməsi dövlətə qarşı 10 min, 20 min manat təzminat müəyyən edir.

Amma Azərbaycanda «şərəf və ləyaqət» predmetli məhkəmələrdə dövlət məmurları bundan üç – dörd dəfə çox təzminat tələbi qoyurlar və çox qəribədir ki, məhkəmələr belə tələbləri təsdiq edirlər. Belə çıxır ki, dövlətə qarşı 20 min, ancaq qəzetə qarşı 100 min manat? Sağlam məntiq hara yoxa çıxır? Axı məhkəmənin qərarları qanuni, ədalətli və məntiqli olmalıdır.

Bizə elə gəlir ki, məhkəmə qərarlarına təkcə məhkəmələr, vəkillər və bir də aidiyyatı olan insanlar baxır. Amma elə məhkəmə qərarları var ki, onlar, necə deyərlər, tarixə düşür – məsələn, Avropa İnsan Haqları Məhkəməsində bütün proseslərin nəticələri sistemləşdirilir və qorunur, bunlar presedent kimi istifadə edilir.

MİRZƏ CƏLİL OLA BİLMƏSƏK DƏ...

Bu ölkədə vətəndaş mövqeyinin ifadəsinə görə tədqiqatlar aparılsaydı, çox güman ki, jurnalistlər ilk yeri tutardılar. Təbii ki, hamı tarixdə qalmır, hamı Həsən bəy Zərdabi, Mirzə Cəlil ola bilmir. Amma məqsəd budurmu? Xeyr. Bir yazıçının maraqlı fikri vardı:

«Cavanlığımda məni daha çox qəhrəmanlıq motivləri düşündürürdü, indi çalışıram elə yaşayım ki, sadəcə, utanmayım».

Bəli, utanmadan, ləyaqətli bir vətəndaş kimi yaşamağın özü də böyük işdir. Bu bayram günündə mübaliğəsiz demək olar ki, əksər Azərbaycan jurnalisti bunu bacarır və buna əməl edir.

KÜLƏYƏ QARŞI GEDƏNLƏR

Deyilənə görə, Nazim Hikmətin məzarının üstündə «küləyə qarşı gedən insan» sözləri yazılıb. Məhbəsdəki jurnalistlər də sözün əsl mənasında küləyə qarşı gedənlərdir. Bəzən deyirlər ki, niyə jurnalistlər üçün istisna olmalıdır, məgər başqa peşələrin nümayəndələri tutulmur? Məsələ də elə bundadır ki, həkimi təkcə həkimlik fəaliyyətinə, mühəndisi mühəndislik fəaliyyətinə görə həbs etmirlər, ya da bu, çox nadir hallarda baş verir. Günün tələbi də budur ki, jurnalistlər peşə fəaliyyətinə görə tutulmasınlar. Axı bu, sadəcə yazıdır, məgər yazıya görə insanı azadlıqdan məhrum edərlər? 135 illik yubiley münasibətilə çoxlu tədbirlər nəzərdə tutulub. Amma bütün bunların hamısındansa «Diffamasiya haqqında qanun»un qəbulu və bir də məhbəsdəki jurnalistlərin əfv edilməsi daha yaxşı olardı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG