Keçid linkləri

Bir də görürsən deyirlər ki, bu ölkədə hələ dəyərlər formalaşmayıb, köhnə dəyərlər sıradan çıxıb, yeniləri isə hələ yaranmayıb. Doğrudanmı belədir? Yox, bu ölkədə, bəlkə də, pozitiv – mütərəqqi dəyərlər formalaşmayıb, amma neqativ dəyərlər necə var oturuşub. İnanmırsınız?

İnanmırsınızsa, gənc blogger Adnan Hacızadənin son məhkəmə prosesi ilə maraqlanın. Onun vaxtından əvvəl azad olunmaq haqqında müraciətinə maraqlı cavab verildi: «O, hələ peşman olduğunu bildirməyib».

Bircə anlığa bütün digər detalları bir tərəfə qoyaq, zənn edək ki, gənc blogger, həqiqətən də, ona qarşı irəli sürülən ittihama görə həbs edilib. O, nədən peşman olmalıdır?

Axı vətənpərvərlik təkcə lirik anlayış deyil, təkcə «yanıram, a dağlar!» demək deyil, vətənpərvərlik həm də siyasi, hüqüqi, iqtisadi və sosial məzmun kəsb edən anlayışdır.
Döydüyü iddia edilən adamları necə var, yaxşıca döymədiyinə görəmi? Axı hətta vizual müşahidə kifayətdir ki, bu iki gənc bloggerin fiziki zorakılıq üçün yararsız olduğuna əmin olasan. Amma nə fayda? Mitinqə çıxmış müxalifət liderinin cibində qumbara olduğunu iddia edən, hələ mitinqlərdən əvvəl insanları həbs edən hüquq – mühafizə orqanlarının məntiqini başa düşmək mümkündürmü?

CƏHƏNNƏMİN ƏN İSTİ YERİ

Bəli, bütün yaxşılıqlara, yüksək hisslərə görə peşmançılıq! Yaxşı olduğuna, pisləşmək istəmədiyinə və yaxud pisləşməyə hələ macal tapmadığna görə peşmançılıq! Haqq sözünü dediyinə, haqsızlığa və eybəcərliyə dözə bilmədiyinə, hər şeyə gənclik paklığı ilə yanaşdığına görə peşmançılıq!..

Bəli, peşmançılıq, peşmançılıq və yenə də peşmançılıq!.. Onlardan bu tələb olunur. O qədər qəribə səslənir ki, adam inana da bilmir. Amma bu, real bir həqiqətdir. Özü də təkcə onlardan yox, hamıdan bu, tələb olunur. Görün cəmiyyəti hansı səviyyəyə gətirib çıxarıblar? Bundan sonra yenə də hamı oturub deyəcək ki, hələ dəyərlər formalaşmayıb?

Dante yazırdı ki, böyük əxlaq böhranı zamanı neytral qalanlar və oturub sakitcə ətrafı seyr edənlər üçün cəhənnəmin ən isti guşələri hazırlanıb. «Böyük əxlaq böhranı»! Bu ölkədə bunu hiss etmirsinizmi?

MƏHKƏMƏLƏR GƏNCLƏRİN MƏNƏVİYYATINI KORLAYIR

Bu ölkədə deyirlər ki, yol böyüyündür, söz böyüyündür, böyüyə hörmət et, böyük danışanda sus və dinlə! Bəs böyük yalan danışırsa, hansısa minnətə, tapşırığa görə gənclərin taleyinin üstündən xətt çəkirsə, haqsızlıq edirsə, doğru əməl sahibi deyilsə, onda necə olsun? Savada və dünyagörüşünə görə bir çox yaşlılardan irəlidə olsalar da hər halda Eynulla Fətullayev də, Adnan Hacızadə də, Emin Milli də gəncdirlər. Onlar bu məhkəmələrdən, haqsızlıqlardan hansı nəticə çıxarsınlar?

Məhkəmələrin gedişini izləyəndə, proseslər haqda qəzetlərdəki reportajları oxuyanda yaşlılar əlacsızlıqdan gülürlər. Bəs gənclər nə etsin? Axı bütün bunlar onlar üçün heç də gülməli deyil. Bütün bunlardan sonra onlara necə demək olar ki, haqq tərəfdarı ol, rüşvət alma, vicdanlı hakim və yaxud prokuror ol?! Çətindir, deyilmi? Özü də bunu təkcə məhkəmələr haqda demək olarmı? Parlament də, eləcə də digər dövlət qurumları da bu gündə deyilmi?

NƏDƏN İSLAH OLUNSUNLAR?

«Peşəkar olun!». «İslah olun!». Nə qədər bunu eşitmək olar? Axı insanlar nədən islah olunmalıdır? İslah olunmaq müəyyən mənada kriminal aləmə xas anlayışdır – adətən oğrunun, narkomanın və yaxud qatilin islah olunmasından danışarlar. Jurnalistika bir tərəfə, ləyaqətli vətəndaş nədən islah olmalıdır? Bunun əvəzində açıq şəkildə «Ölkədəki siyasi rejimə, şərə, haqsızlığa, yalana, talana qarşı loyal olun!» - desəydilər, insanlardan bütün bunlara qarşı «loyallıq iltizamı» alsaydılar daha yaxşı olardı...

VƏTƏNPƏRVƏRLİK «YANIRAM, A DAĞLAR? »DIR?

İnsanları elə bir səviyyə gətirib çıxarırlar ki, onlar nəyə görəsə deyil, bu ölkədə yaşamağa, bu ölkənin vətəndaşı olmağa görə peşmançılıq çəkirlər. Bundan sonra hansı vətənpərvərlikdən danışmaq olar? Axı vətənpərvərlik təkcə lirik anlayış deyil, təkcə «yanıram, a dağlar!» demək deyil, vətənpərvərlik həm də siyasi, hüqüqi, iqtisadi və sosial məzmun kəsb edən anlayışdır.

İnsanlar bu ölkəni necə sevsinlər? Axı ölkəni sevdirmək lazımdır! Əsrlərdən bəri «gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı!» - deyilib.

Doğrudanmı, bu ölkə, bu diyar ancaq ölmək üçün yararlıdır, ancaq ölmək üçündür?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG