Keçid linkləri

Azərbaycanın sıxılmış qazı


Azərbaycan sıxılmış qazın nəqlində tranzit ölkəyə çevrilməsi daha realdır, nəinki «Nabucco» qaz kəmərinin yaxın perspektivdə istismara verilməsi

Azərbaycan sıxılmış qazın nəqlində tranzit ölkəyə çevrilməsi daha realdır, nəinki «Nabucco» qaz kəmərinin yaxın perspektivdə istismara verilməsi

2010-cu il Azərbaycanın karbohidrogenləri üçün yeni bazar və yeni marşrutla başladı. Söz təbii ki, Azərbaycan mavi yanacağının dünya bazarına sıxılmış (CNG) halda çıxarılmasından gedir. Əvvəllər heç kəsin maraq göstərmədiyi təbii qazın bu halda nəqli hazırda o qədər cəlbedici olub ki, artıq Azərbaycana Qərbdən yeni bir mesaj gəlib – Azərbaycan sıxılmış qazın nəqlində tranzit ölkəyə çevrilməsi daha realdır, nəinki «Nabucco» qaz kəmərinin yaxın perspektivdə istismara verilməsi. Maraqlıdır ki, Xəzər dənizi vasitəsilə sıxılmış qazın üzü Azərbaycana doğru daşınması layihəsi gündəmə İtaliyadan – bu ölkənin enerji nəhəngi olan «Eni» şirkətlər qrupundan gəlib.

Doğrudan da, bu ilin əvvəlindən Azərbaycan müəyyən ehtiyatlarla öz qazının sıxılmış halda Qaradəniz üzərindən Avropaya (Rumıniyadan) ixracı məsələlərinə diqqət yetirdiyi zaman birdən-birə Bakıya daha cəlbedici təklifin gəlməsi, ümumiyyətlə, yaxın dövr üçün bölgənin qaz bazarında «inqilabi» dəyişikliklərə dəlalət edir.

Demək olar ki, son yarım ildə həm Azərbaycanda, həm də xaricdə ekspertlər səviyyəsində ən çox müzakirə olunan məsələ «Cənubi Qafqaz dəhlizi» ilə daşınan Azərbaycan qazının yeni bir marşrutla – Gürcüstandan tankerlərlə Avropaya ixracı idi. Rumıniya və Bolqarıstanın Azərbaycan qazının sıxılmış halda qəbuluna razılıq verməsi və bundan sonra Ukrayna hökumətinin də buna dəstək verməsi (onlar Odessada qaz terminalı tikməyin xərclərini belə ödəməyi dilə gətiriblər) ilk baxışdan mifik təsir bağışlayan bir layihənin praktikada mümkünlüyünə olan ümidləri daha da artırdı.

Ancaq «Eni»nin prezidenti Paolo Skaroninin Bakıya səfəri və şəxsən prezident İlham Əliyev üçün Türkmənistanın sıxılmış qazının Xəzər üzərindən tankerlərlə daşınmasını təqdim etməsi hazırda onu deməyə imkan verir ki, hər iki layihənin (Türkmənbaşı-Bakı və Bakı-Kulevi-Avropa) birləşdirilməsi sonda yeni bir qlobal qaz marşrutunun gündəmə gəlməsinə imkan açır.

YENİ LAYİHƏNİN ƏHƏMİYYƏTİ


Azərbaycan üçün: Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi regional layihələri 2006-cı ildə başa çatdırdıqdan sonra rəsmi Bakı sanki, Qərb üçün əvvəlki əhəmiyyətini itirmişdi. Gündəmdə olan «Nabucco»ya siyasi dəstəyin verilməsi isə rəsmi Brüsseldə belə Bakıya qarşı yeni «məhəbbət» doğurmağa qadir deyildi. Bundan başqa, Azərbaycanın Rusiya və İrana yönəlik qaz ixracı siyasəti Qərbdə rəsmi Bakıya qarşı bir inamsızlıq hisləri oyatmışdı. Hətta bəzi Qərb analitikləri Azərbaycanın türkmən qazının tranzitində maraqlı olmadığı və bunun qarşısının alınması üçün Bakı ilə Moskva arasında hansısa «centlmen razılaşmasının» olması haqda fikirlər belə söyləyirdilər. İndi isə yuxarıda qeyd edilən bir meqa-layihənin gündəmə gəlməsi və Azərbaycanın burada əsas fiqur kimi çıxış etməsi təbii ki, rəsmi Bakının nüfuz dairəsinin genişlənməsi, Brüsselin siyasi məsələlərdə onunla daha mülayim davranması və Azərbaycanın qaz siyasətində onun üçün çoxşaxəli manevr imkanları deməkdir.

İtaliya yeganə Qərb ölkəsidir ki, Rusiyanın onunla hansısa bir sahədə heç bir problemi yoxdur, o cümlədən siyasi məsələlərdə
Qərb üçün: bu layihənin gerçəkləşməsi rəsmi Brüsseli sanki öz cəmiyyəti qarşısında «üzüqara» olmaqdan xilas edir. Axı, 8 ildən artıqdır ki, Avropa İttifaqı özünün qaz idxalının diversifikasiyasından ağız dolusu danışır və gələcəyi hələ də dumanlı olan «Nabucco» layihəsini sözlə dəstəkləməkdən başqa real addımlar atmır (bu fikri bu yaxınlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayev söyləmişdi). Ona görə də Rusiyadan yan keçməklə həm Azərbaycan qazının, həm də Türkmənistan qazının yaxın perspektivdə Avropa bazarına daxil olması rəsmi Brüssel üçün gözəl bir fürsətdir. Özü də Xəzərin hüquqi statusunun həllini tapmadığı bir şəraitdə Mərkəzi Asiya qazının Avropaya stabil nəqli Qərb liderlərinin PR kampaniyası üçün sadəcə tapıntıdır.

Rusiya üçün: ilk baxışda Kreml bu layihədən hiddətlənməli və onun gerçəkləşməməsi üçün əlindən gələni etməlidir. Ancaq rəsmi Moskva italyanların gündəmə gətirdikləri layihəyə sanki sükutla cavab verməyi üstün tutublar. Hələ ki, nə siyasətçilər, nə də «Qazprom» rəhbərliyi Xəzər üzərindən sıxılmış qaz daşınması ilə bağlı məsələlərə münasibətlərini açıqlamayıblar. Bəs görəsən bu cür loyallığın səbəbi nədir? Yaddan çıxarmayaq ki, bu yaxınlarda Romaya səfər edən prezident Dmitri Medvedev bəyan etdi ki, İtaliya yeganə Qərb ölkəsidir ki, Rusiyanın onunla hansısa bir sahədə heç bir problemi yoxdur, o cümlədən siyasi məsələlərdə. Yaddan çıxartmaq lazım deyil ki, «Qazprom»un «Cənub axını» layihəsindəki 1 №-li tərəfdaşı «Eni» şirkətidir. Demək, «Eni» bu layihəni ortaya çıxartmamışdan öncə Rusiyanın maraqları məsələsinə də «göz gəzdirib». Fikir vermisinizmi, son 1 ildə Rusiyanın siyasi rəhbərliyi və «Qazprom»un top-menecerləri «Nabucco» əleyhinə nə qədər fikir səsləndiriblər. Çünki onlar anlayırlar ki, boru xətti ilə Avropa bazarına çıxacaq mavi yanacaq onların qaz alverinə istənilən halda zərbə vuracaq. Bu baxımdan da, boru qaz satışına görə dünya lideri olan «Qazprom» üçün istənilən alternativ arzuolunmaz şeydir. Ona görə də məhdud həcmdə qazın (lap elə Türkmənistandan olsun) tankerlərlə Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılmasının faktiki olaraq «Qazprom» üçün elə bir isti-soyuğu olmamalıdır. Ümumiyyətlə, mən belə hesab edirəm ki, Rusiya dolayısıyla bu layihənin həyata keçməsinə hər cəhdlə köməklik etməlidir ki, sonradan Qərbdə diversifikasiyalı qaz idxalından danışanda, bu layihə ilə onları «sakitləşdirsin» (yəni, görürsünüz, Kreml yeni qaz ixracatçısı olan ölkələrin qarşısını kəsmir, onlarla əməkdaşlıq edir və hətta lazım gələndə köməklik də edir və sair).

Türkmənistan üçün: rəsmi Aşqabada Avropa qaz bazarına birbaşa çıxacaq bircə layihə belə çox vacibdir. Ona görə ki, 2009-cu ildə Rusiyanın türkmən qazının alınmasını boykot etməsi Berdıməhəmmədov hakimiyyətinə baha başa gəldi: ölkə büdcəsi təqribən planlaşdırılan $12 mlrd vəsaiti ala bilmədi. Düzdür, bunun əvəzində Türkmənistan həm Çinə boru xətti əldə etdi (onu CNPC şirkəti öz vəsaiti hesabına tikdi), həm də İrana ikinci qaz kəmərini çəkdi. Ancaq 2010-cu ilin I yarısının yekunlarına görə, Çinə 2.7 mlrd, İrana isə 3.8 mlrd kubmetr qaz ixrac edə bildi. Rusiya ilə bağlı rəsmi məlumat açıqlanmasa da, «Qazprom»un rəsmi məlumatına görə, cari ildə Türkmənistandan cəmi 10 mlrd kubmetr mavi yanacaq alınmalıdır. Yəni, 2008-ci ildə 50 mlrd kubmetr qaz ixrac edən Türkmənistan 2010-u ən yaxşı halda 22-23 mlrd-lıq göstərici ilə başa vuracaq. Bundan başqa, Çin və İran Türkmənistanın çıxılmaz vəziyyətdə olduğunu görərək onun qazını çox ucuz qiymətə əldə edirlər: cari ilin I rübünün yekununa görə, İran 1000 kubmetr türkmən qazını $170-a, Çin isə - $120-a alıb. Müqayisə üçün qeyd edim ki, Ermənistan «Qazprom»dan qazın 1000 kubmetrini $184-a alır,
Berdıməhəmmədov hakimiyyəti təqribən $12 mlrd itirdi. Bunun əvəzində Türkmənistan həm Çinə boru xətti əldə etdi , həm də İrana ikinci qaz kəmərini çəkdi
Azərbaycan isə Rusiyaya mavi yanacağı $244.5-a satır. Ona görə də, Türkmənistan qazının kiçik bir həcminin (söhbət təqribən 5 mlrd kubmetr qazdan gedir – mənbə «Eni») Avropaya daha baha qiymətə satılması rəsmi Aşqabada yeni manevr imkanları yaradar ki, qazı gələcəkdə əvvəlki müştərilərinə daha baha qiymətə satsın.

NƏTİCƏ

Sentyabr ayının ortalarında Bakıda beynəlxalq qaz konfransı keçiriləcək. Burada demək olar ki, bölgədə marağı olan bütün qurumlar iştirak edəcəklər. Həmin qaz konfransının əsas mövzularında biri də sıxılmış qazın Xəzərdən Avropaya nəqlinin rentabelliyi məsələsinin müzakirəsidir. Ümumiyyətlə, «Eni» şirkətinin ekspertlərinin ilkin hesablamalarına görə, 1 milyard kubmetr qazı daşımaq üçün 1 tankerin olması kifayətdir (daşıma məsafəsi kiçikdir – 290 km). İtalyanlar tankerlərin tikintisinin Rusiya tərsanələrində başa gəlməsini və ilkin infrastrukturun (5 mlrd kubmetr qazın daşınması) yaradılması üçün $700-800 mln vəsaitin kifayət edəcəyi qənaətindədirlər. Ancaq elə indidən Azərbaycan tərəfi tankerlərin hamısının olmasa da, bir qisminin inşaasına bu ilin fevralında başlanılan Bakı gəmiqayırma və gəmi təmiri zavodunda istehsal edilməsini ortaya qoyub. Bundan əlavə, rəsmi Bakı «Eni»nin diqqətinə çatdırıb ki, Qazaxıstan qazının Azərbaycan üzərindən daşınmasını da unutmasınlar və bu, layihənin ciddiliyini və uzun ömürlüyünü daha da artırar. «Eni» ilkin olaraq Bakıya gətirilən sıxılmış qazın Bakı-Tbilisi-Ərzurum kəməri ilə daşınmasına ümidli olduğunu vurğulasa da, Azərbaycan rəhbərliyi yeni infrastrukturun və bu infrastrukturu idarə edəcək yeni bir kommersiya şirkətinin yaradılmasının vacibliyini qeyd edib. Əgər rəsmi Bakının indidən göz altına aldığı hədəflər vurulsa, onda həqiqətən də çox şey dəyişəcək. BP-nin operator olduğu infrastruktura alternativ boru xətti yarana bilər, Azərbaycanın Türkiyədən qaz tranziti məsələsində asılılığı zəifləyər, Qazaxıstanın da layihəyə qoşulması ipə-sapa yatmayan və addımları çətin proqnozlaşdırılan Türkmənistanın iddialarını limitləndirməyə imkan yaradar və sair. Ancaq istənilən halda məsələdə son sözü «Eni» deyil, Əliyev-Berluskoni razılaşması həll etməlidir. Mənim üçün maraqlı olanı budur ki, artıq rəsmi Vaşinqton bu layihəni dəstəklədiyini açıqlayıb. ABŞ Dövlət katibinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Moskvada dərc edilən «Neft Rossii» jurnalına eksklüziv müsahibəsində Mərkəzi Asiya qazının tankerlərlə Xəzərdən daşınması məsələsini alqışlayıb və Xəzərin hüquqi statusunun həllini tapmadığı bir zaman bunun ən düzgün seçim olduğunu bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG