Keçid linkləri

Metroda qatardayıq. Qatar boyu üstü - başı çirkli, ayağı yalın, bəzilərinin belinə daha kiçik yaşlı uşaqlar sarılmış dilənçi uşaqlar dolaşır. Onlar hamıya yaxınlaşır, bircə – bircə hər bir adamın qarşısında dayanır, çirkli əlləri ilə insanların üst – başını bulaşdırır, pul almayınca əl çəkmirlər. Bir tərəfdən dəhşətli istilər, digər tərəfdən də bu uşaqların çirkli və tərli əlləri – adamı lap ikrah hissi bürüyür. Hətta Hüqonun məşhur «Səfillər» romanı ilə anologiya belə kömək etmir, balaca Qavroş haqda uşaqlıq xatirəsi adamın köməyinə çatmır. Amma onların «toxunulmazlıq immuniteti» var – onlar bütün hallarda uşaqdırlar, elə buna görə də heç kimin ağlına onlarla kobud davranmaq, hətta özündən kənara itələmək belə gəlmir. Fəqət, mənzərə əsl biabırçılıqdır – axı şəhərə çox insanlar gəlir, onlar bunu görürlər. Bəs kim buna əlac qılmalıdır?

SAYIQ POLİSLƏR NƏDƏNSƏ BU UŞAQLARI GÖRMÜR


Bütün metro stansiyalarının girişində polislər dayanıb – onlar metroya girənləri yoxlayırlar, hamının əlindəki çantalara baxırlar. Amma nədənsə polislər bu uşaqları «görmür». Onlar polislərin nəzarətindən necə yayınırlar? Doğrudan da, qəribədir, amma bu, hələ hamısı deyil. Polislərdən başqa stansiyalarda metro nəzarətçiləri var, bir adam metrodan kartsız keçə bilməz, nəzarətçilər dərhal reaksiya verirlər. Amma onlar da dilənçi uşaqları «görmür». Hətta böyük
Uşaqlara nə dəxli var, böyüklər sosializmdən kapitalizmə keçir, yoxsa tərsinə? Uşaq uşaqdır – o oxumalı, oynamalıdır
dilənçilər də «görünməz» olublar. Hamısı metronun girişində dayanır, özü də səhər tezdən, sanki burada «işləyirlər». Əgər dilənçilik sənətdirsə, böyüklərin buna icazəsi varsa, onda yenə də uşaqlara bu, qadağan olmalıdır, çünki uşaq əməyindən istifadə yasaq olunub. Amma, doğrudanmı, bu sənətdir? Bəlkə, daha çox xasiyyət, xarakterdir?

UŞAQLAR ÜÇÜN KEÇİD DÖVRÜ

Böyüklər üçün keçid dövrü bitib. Bunu bir neçə ay bundan əvvəl bəyan etdilər. Belə çıxır ki, uşaqlar üçün keçid dövrü hələ də qalır. Halbuki «keçid dövrü» anlayışı ancaq böyüklər üçündür. Uşaqlara nə dəxli var, böyüklər sosializmdən kapitalizmə keçir, yoxsa tərsinə? Uşaq uşaqdır – o oxumalı, oynamalıdır. Hətta sovetlər vaxtında düz iki dəfə kimsəsiz uşaqlar problemi dövlətin əsas vəzifəsi elan edilmişdi – vətəndaş müharibəsindən və bir də vətən müharibəsindən sonra. Biz niyə bunu etmirik?

HAKİMİYYƏTİN KİMSƏSİZ UŞAQLARLA BAĞLI SİYASƏTİ

İndi bir qədər fərqli siyasət yürüdülür. Çalışırlar ki, uşaq evləri tədricən ləğv olunsun, uşaqlar daha çox ailələrdə tərbiyə alsınlar. İlk baxışda məntiqli və humanist siyasətdir. Ancaq çox vaxt özünü doğrultmur. Uşaqların hamısını ailələrdə yerləşdirmək olmur. Bu yolla uşaqlar bəzən ölkədən kənara çıxır, yad ölkələrə və yad millətlər arsına düşür, milli kimliklərini unudurlar. Həm də dövlətin qayğısını heç kim əvəz edə bilməz – sözsüz ki, əgər bu qayğı varsa.

İndi ehtiyac olnmayan sahələrə yüz milyonlarla vəsait xərclənir. Daha yaxşı olmazdımı ki, kimsəsiz uşaqlarla da bağlı proqram hazırlansın? Məsələ bundadır ki, hətta «bəxti gətirənlər», uşaq evlərində tərbiyə alanlar belə, on səkkiz yaşından sonra problemlə qarşılaşırlar – hara getsinlər? Əvvəllər iş yerləri gəncləri yataqxana ilə təmin edirdi, ev növbəsinə götürürdü, hər halda yaşayış yeri problemi yaranmırdı. İndi bütün bunlar yoxdur. Bəs kimsəsiz uşaqlar nə etsinlər?

MƏSULİYYƏTSİZ VALİDEYNLƏR

Kimsəsiz uşaqlardan fərqli olaraq, dilənçi uşaqların, güman ki, valideynləri var, çünki şəhərdə «kollektiv dilənçilik»lə məşğul olma hallarını çox asan müşahidə etmək olar. Uşaqlarını dilənçiliyə sövq edən valideynlər niyə bu hüquqdan məhrum edilmirlər? Belə valideynlərin yoxluğu ilə varlığı arasında bir fərq varmı? Belə ailələri normal ailə hesab etmək olarmı?..

Bütün bu suallar üzərində dövlət düşünməlidir. Amma məmurların nə vaxt buna həvəsi və vaxtı olacaq, bunu onların özündən başqa heç kim bilmir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG