Keçid linkləri

Yayın bürkülü günləri də tezliklə bitəcək və ölkə sayca dördüncü parlament seçkisinə qədəm qoyacaq. Zahirən əlamətdar hadisədir, ən azı ona görə ki, qonşu Rusiyada Dumanı sıralamağı sevirlər – birinci Duma, ikinci Duma və s.

Azərbaycanda belə adət yoxdur. Hətta bu vaxta qədərki üç Milli Məclisi yada salanda belə diqqət çəkən, maraqlı detal tapmaq çətindir – nə olubsa, müstəqilliyə qədər seçilmiş Ali Sovetdə olub, bir neçə sədr seçilib, onların hamısı öz orijinallığı ilə fərqlənib, Müstəqillik Aktı qəbul olunub.

Vaxt vardı insanlar Milli Məclisin iclaslarını maraqla izləyirdilər. Amma 1995-ci ildən sonra buna son qoyuldu – Heydər Əliyev Murtuz Ələsgərovu Milli Məclisə sədr təyin etməklə bu orqanın nəinki səlahiyyət sferasını, hətta mövcudluq formasını da daraltdı.

Oqtay Əsədov isə hətta Murtuz Ələsgərov dövrü üçün nostalji keçirməyə vadar etdi, yerində vurnuxan və söz istəyən deputat P.Hüseyn və başını aşağı salıb öz işlərilə qurdalanan 124 deputat – gülək, yoxsa ağlayaq?

Növbəti seçkidən sonra vəziyyət bir qədər də sadələşəcək – bundan sonra parlament özünün illik iş planını prezident administrasiyası ilə razılaşdırmalı olacaq
Bəli, bizim parlament budur. Amma bir detalı unutduq. Milli Məclis tarixində rekord sayıla bilən hərəkətə imza atan bir deputat hər halda olub - bu indiki prezident İlham Əliyevdir. O, deputat olduğu on il müddətində bircə dəfə olsun belə çıxış etməmişdi. Buna görə onu parlamentin tarixində «ən təmkinli deputat» adlandırmaq olar.

YAP-IN AĞ VƏ QARA SİYAHISI

Amma parlamentin sükuta qərq olmasından itirən təkcə adi insanlar, ya da müxalifətçilər olmadı. Siyavuş Novruzov kimi deputatlar da danışmağa nə söz, nə fürsət tapmırlar. Onların YAP-ın parlamentində öz siyasi funksiyası vardı – bu deputatlar müxalifəti qaralamaqla, müxalifətçi deputatların «cavabını vermək»lə məşğul idilər.

İndi ən müxtəlif xəbərlərə görə YAP-da parlament üzvlərinin gələcək siyahısını hazırlamaqla bağlı «gərgin» iş gedir. Amma hətta ən ağıllı politoloq belə müəyyən edə bilməz ki, indi YAP- a hansı növ deputatlar lazımdır, indi YAP-ın parlament kriteriyaları nədən ibarətdir? Çox çətin sualdır. Amma böyük ehtimalla bəzi «veteranlar», ola bilsin, mandatla vidalaşmalı olacaqlar, ən azı bunu onların yaşı diqtə edir.

Amma bu ölkədə, xüsusən də bu hakimiyyətin davranşını proqnozlaşdırmaqdan risqli peşə yoxdur, xüsusən də nəzərə alanda ki, bəzi oliqarxlar deputat mandatını hədiyyə etmək qədər nüfuz və imkan sahibi olublar.

Sözsüz ki, heç kim öz mandatı ilə vidalaşmaq istəmir. Hətta prezident seçkisi ilə bağlı iki dəfəlik məhduddiyyətin götürülməsindən, müharibə dövründə prezidentə əlavə səlahiyyətlər verilməsindən ruhlanan YAP-çı deputatlar «müharibə şəraitini nəzərə alaraq parlament seçkisini təxirə salmağı» təklif edirdilər.

Onların indi heç biri YAP üçün müstəsna əhəmiyyət kəsb etmir. Elə bu səbəbdən böyük ehtimalla demək olar ki, YAP-ın «ağ siyahısı»na düşənlər oliqarx deyilən bir neçə nəfərin xeyir–duasını alanlar olacaqlar. Hətta oliqarxlara onlar siyasi təsir üçün lazım deyillər, çünki parlament elə vəziyyətdədir ki, burada kiminsə kimin üçünsə lobbiçilik etməsi hətta gülməli səslənir. Sadə izah budur ki, parlament üzvü olmaq «siyasi piroq»a azacıq da olsa, yaxın olmaq deməkdir və təbii ki, bu statusa heç də hamı dəvətli deyil.

DÖRDÜNCÜ PARLAMENT PARLAMENTARİZMİN SONU OLACAQMI?

Bir dəfə Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, qəbul edilən qanunların böyük əksəriyyəti Prezident Administrasiyasından daxil olur. O, bunu nə az, nə çox, parlamentlə prezident aparatının «harmoniyada işləməsi» kimi yozdu.

Başqa ölkədə belə bir etiraf utanca gətirə bilərdi, amma nə edəsən ki, Azərbaycanda bunun fərqində olan yoxdur. Növbəti seçkidən sonra vəziyyət bir qədər də sadələşəcək – bundan sonra parlament özünün illik iş planını prezident administrasiyası ilə razılaşdırmalı olacaq.

Əslində bu addım hakimiyyətin uzurpasiyası deməkdir, hətta müəyyən mənada lazım gələrsə «konstitusion çevriliş» kimi qiymətləndirilə bilər, yaxşı olardı ki, Konstitusiya Məhkəməsi buna hüquqi qiymət vermiş olsun...

Beləcə, sayca dördüncü parlamentin necə olacağını indidən təsəvvür etmək çətindir. O aydındır ki, bundan sonra bu qurumu «parlament» adlandırmaq bütün mənalarda çətin olacaq. Ancaq bu çətinlik YAP-ı çəkindirirmi?..

Şərhləri göstər

XS
SM
MD
LG