Keçid linkləri

Təcili xəbərlər

İqtisadi inkişafın Azərbaycan modeli


Dünən Azərbaycan hökuməti öz saytında bir qərarın mətnini yerləşdirib. Onun adı qəlizdir və ictimaiyyətin əksəriyyəti üçün elə bir əhəmiyyət kəsb etmir, çünki iri vergi ödəyicilərinin maliyyə məsələlərinə aiddir. Maraqlananlar http://cabmin.gov.az/?/az/pressreliz/view/351/ saytında sözügedən qərarın tam mətni ilə tanış ola bilərlər.

Burada diqqətimi çəkən ilk şey 9 avqustda baş nazir Artur Rasizadə tərəfindən imzalanmış və imzalandığı gündən də qüvvəyə minən bir «tarixi sənədin» 8 gün sonra işıq üzü görməsi idi. Axı Azərbaycan rəhbərliyi 2004-cü ildən «elektron hökumətin» təbliği ilə məşğuldur və nəticədə öz yazdıqlarını belə vaxtında xalqa çatdıra bilmirlər, o ki, qalmışdı camaatın hökumətə ünvanladığı məktublara operativ cavab verələr.

3,2 MİLYARD BORCU «KİRİMİŞCƏ» SİLƏN HÖKUMƏT

148 №-li Qərara əsasən, dövlətə məxsus 16 qurumun və 1 özəl şirkətin (4 il əvvəl ölkəni tərk etmiş başıbəlalı «Barmek») «Azərenerji» ASC-nə 1 yanvar 2010-cu il tarixinədək «işığa» görə yığılıb qalmış olan 1 mlrd. 555,4 mln. manat məbləğində borcu silinib. Bu qərarın digər bəndində isə göstərilir ki, «Azərenerji» ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) olan 1 mlrd. 555,4 mln. manat məbləğində olan borcu da silinir.

Bundan başqa, hökumət «Azərbaycan Hava Yolları» QSC-nin SOCAR-a ödəməli olduğu 99 mln. manat dəyərində borcu da sildiyini bəyan edib. Yəni üst-üstə bu sənədlə 3 mlrd. 205,7 mln. manatlıq (bugünkü kursla $3,995 mlrd.) borca xitam verib Artur Rasizadə hökuməti. Ancaq hamıya bəllidir ki, Rasizadə cənablarında elə bir cəsarət yoxdur ki, kimlərinsə milyardlarla borcunu silsin.

Elə Qərarın girişindəcə göstərilir ki, bəs bu addım dövlət başçısı İlham Əliyevin 2009-cu il 29 dekabr tarixli 207 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə atılır. Yaddaşlı oxucularımız xatırlayırlar ki, sözügedən Fərmanla əhalinin 1 oktyabr 2009-cu il tarixinə qədər qaza görə yaranmış borcları silinmiş və buna görə də Dövlət büdcəsindən SOCAR-a 327 mln. manat kompensasiya ödənilmişdi. Necə deyərlər, o vaxt xalqın bir qismini sevindirən hökumət, bu səfər də dövlətə məxsus adlı-sanlı qurum və şirkətlərin borclarını öz üzərinə götürməyi lazım bilib.

DÖVLƏTİN QAZANCI ARTDIQCA YENİ BORCLAR YARANIR

Paradoksal bir situasiya yaranıb. Hökumət statistikası və rəsmiləri son 10 ildə Azərbaycan iqtisadiyyatının analoqu olmayan bir sürətlə inkişaf etdiyini yorulmadan təkrar edirlər. Hətta «iqtisadi inkişafın Azərbaycan modeli» (loru dildə desək, dünya maliyyə böhranında çabaladığı bir vaxta Azərbaycanda ÜDM-i artmaqda davam edib) terminini də gündəmə gətiriblər. 2009-cu ilin noyabrında isə bütün dünyaya bəyan edilib ki, bəs Azərbaycan keçid dövrünü müvəffəqiyyətlə başa vuraraq bazar iqtisadiyyatına adlaya bilib. Ancaq bu günlərdə baş verənlər göstərir ki, Azərbaycan iqtisadiyyatın idarə edilməsində əslində administrativ üsul-idarəçiliyə, getdikcə dövlətin rolunun artırılmasına meyl edir.

Bir anlığa diqqət yetirin! SOCAR Azərbaycan büdcəsinin formalaşdırılmasında həmişə lider idi. Ötən il isə büdcədən üst-üstə 927 mln. manat kömək alıb - 600 mln. nizamnamə kapitalının artırılmasına, 327 mln. da qaza görə yaranmış borclara görə (hökumət indiyə qədər bu vəsaitin yaranma mexanizmini ictimaiyyətə təqdim edə bilməyib). Yəni, büdcəyə verdiyinin 60%-ni faktiki olaraq geri alıb.

Bir anlığa diqqət yetirin! SOCAR Azərbaycan büdcəsinin formalaşdırılmasında həmişə lider idi
Dövlət AZAL üçün yeni təyyarələr almaq üçün 1 mlrd. vəsait ayırıb, ona büdcə vəsaitləri hesabına dünya miqyaslı hava limanları (həmçinin bölgələrdə) tikib, lazımi texnika alıb və sair. Əvəzində AZALın büdcəyə ödənişlərində heç bir «inqilabi» dəyişikliklər müşahidə edilməyib, bu azmış kimi AZAL SOCAR-dan aldığı aviakerosinin pulunu da ödəmək qabiliyyətini itirib. Hökumət isə vaxtında tərpənib onun 90 mln. manatlıq borcunu silib.

Digər borclu «Azərsu»dur ki, dövlət bu ilin sonunadək ona 944 mln. manat vəsait verib ki, bəs 2006-cı ildən başladığı layihəni (Oğuz-Qəbələ-Bakı) su kəmərini tiksin. Ancaq hələ ki, bir səs-səmir yoxdur, ona görə də «Azərsu»nun elektrik enerjisi ilə bağlı 116,8 mln-luq borcunun silinməsi gündəmə gəlib. İnsanı heyrətə gətirən digər borclu isə Azərbaycan Müdafiə Nazirliyidir (MN). Rəsmilərin «MN-in xərclərinin Ermənistanın dövlət büdcəsi səviyyəsinə qaldırmaq» arzusu görünür həyata vəsiqə qazana bilmir, bu qurum da hökumətin işıq pulu verə bilməyənlər siyahısında yer alıb.

NƏTİCƏ

Bir sözlə, məlum olur ki, arxası olan dövlət qurumları «Azərenerji»yə istifadə etdikləri elektrik enerjisinin haqqını ödəmirlər. Əvəzində «Azərenerji» də SOCAR-dan aldığı mazutun və qazın pulunu ödəmir. Yəni bazar iqtisadiyyatı burada işləmir. Məsələ böyüyüb milyardlar səviyyəsinə çatanda isə dövlət işə qarışır və borcların silinməsini öz boynuna götürür.

Nəticədə, hələ də kəndlərin fasiləsiz, şəhərlərin isə keyfiyyətli elektrik enerjisi ilə təchizatına nail olunmayıb, əhalinin qaz təminatı isə məmurların «şirinlik» problemlərinin məngənəsindən çıxmaqda acizdir, paytaxtın su təminatının vəziyyəti isə «İç xəbər»in baş mövzusu olaraq qalır. Onda reallıqda xərclənməsi şübhə doğuran büdcə vəsaitlərinin silinməsinə nə ehtiyac var? Axı 1,55 milyard manatlıq işıq pulunu yığa bilməyən «Azərenerji» rəhbərinə ölkənin Baş Bayrağının tikintisinin həvalə edilməsi də möcüzədir: bəlkə hökumət ölçülərinə görə analoqu olmayacaq bayrağın mütəmadi dəyişdirilməsini də bu quruma həvalə edəcək? Elə isə iqtisadiyyatın Azərbaycan modelinə operativ korrektə etmək gərəkdir, çünki davamlı inkişaf üçün rentabellik (xərclənən vəsait müqabilində əldə edilən qazanc) əsas şərtdir. Yoxsa Molla Nəsrəddin sayağı alverin nə faydası?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG