Keçid linkləri

Erix Fromm bir dəfə yazmışdı ki, hər xalqda müdriklik formulları var.

Biz azərbaycanlıların müdriklik düsturlarından biri «millətin birliyidir». 80-ci illərin axırından 90-cı illərin ortasınacan «əsas dərdimiz nədir» sualının cavabında hamı təkrardan usanmadan və…utanmadan deyirdi: «milli birliyimizin olmaması». Bu axırıncını da bir metafora ilə bildirirdilər «yumruq olub bir nöqtəyə (və ya mıxa) vurmamağımız».

MİLLİ SEVGİ


BİRLİK - ərəbcənin VƏHDƏT-i hiper-linklərimizdən biridir. Onun içinə girsən, gedib çıxassan Ortaçağın min filosofunda və şairində olan sevgi düsturuna – hamısı deyirdi, sevginin formulu «vəhdətdir» - bütün bu vüsal ahu-zarı isə vəhdət (bir-birinə qovuşmaq) arzusundandır (deməli, «milli birlik» deyənlər bəzən özləri də bilmədən «milli sevgidə qovuşmaq» söyləyirlər). Ancaq «VƏHDƏT» ideyasını hiper-linkə çevirib içinə girəndən sonra bir «qapı» da Touhidə açılır. Touhidsə «Allahın birliyi», yəni «bir olması»dır.

Millətimizin müdriklik formulu Birin gücünə söykənir, indi isə gördük ki, pərakəndəliyin, dağınıqlığın gücü də olur və çağdaş dünyada irəli ölkələr onun gücündən çox bacarıqla istifadə edirlər
İndi, bizim «milli birlik» aşiqləri öz formullarına metafizik, fəlsəfi, teoloji güc vermək istəsəydilər, İslamın gözəl diskursunu gətirərdilər: «Touhidin ümmanı sonsuzdur». Ona görə gözəl ki, biz alışmışıq 1-ə 10-dan az kimi baxaq. Bunlarsa deyirlər, Touhid, yəni Allahın birliyi OKEANDIR və bu Okean SONSUZDUR. Deməli, milli birliyi arzulamaq millətə İlahi sonsuzluğun bolluğuna oxşar bir şeyi arzulamaqdır.

ANCAQ BİRLİYİN EYİBLƏRİ DƏ VAR...

Di gəl, bitdə-bitdə «deməli…deməli» deyə-deyə atdığımız bu düşüncə addımlarını bir şey korlayır. Allahın Birliyinin ümman olmasından heç də o çıxmır ki, birliyi dünyamıza köçürəndə burada da avtomatik olaraq zənginlik və ümman alınır. Yer üzündə birlik unifikasiyaya, uniformaya, qıtlığa, maraqsız sadəliyə gətirib çıxarır. Düzdür, millətin problemi xəndək qazmaq olanda birlik dada çatır. Yuxarıdan komanda gəlir, heç kim mıqqıldamadan qazmağa gedir. Ancaq millətin problemi çoxalma, bollanma olanda birlik əngəl olur.

BAŞQALARINDAN BİZƏ İBRƏTLƏR


Biz sayırıq ki, bütün bəlalarımız birliyin olmamasındandır, bəs onda niyə bu bəlalar İsraildə yoxdur? Axı, orada millət ruslara (yəni rus yəhudilərinə), mərakeşlilərə və s. bölünüb. Bəs ABŞ? Orada zənci şovinizmi var, latinoslar var, di gəl ki ölkə güclüdür.

Yenə özümüzü yəhudilərin faktında düşünək. Onlar özləri deyirlər ki, neçə yəhudi varsa, o qədər də rəy var. Yadımdadır, Sovetlərdə anti-sionist yazarların çoxu elə yəhudilərin özləri idi. Fransada isə post-modernist Derrida yəhudi idi, Freydin tekstlərini amansızcasına dekonstruksiya etmişdi. Təkcə Freydin yox, Husserl kimi başqa yəhudi filosoflarının da. Biz orada olsaydıq, azərbaycanlı Derridasından inciyərdik ki, başqalarına giriş də, yoxsa niyə sapı özümüzdən olan balta olursan…

Yəhudilərsə dünyada elə bir tamaşa yapıblar ki, səhnədə əsas aktyorların hamısı özləridir – döyəni də döyüləni də, söyəni də söyüləni də, sevəni də seviləni də. Bütün bu dağınıqlığın, didişgənliyin zəiflik yox, güc kimi açılması isə ondandır ki, səhnədə hamısı özləridir.

Yəhudilərin, amerikanların, fransızların gücü bizim qandığımız primtiv, əsgəri birlikdə deyil (belə birlik üçün Çində əhali eyni geyimi geyirdi). Yəhudilərin hərəsinin ürəyində bir İsrail var. Birinin İsraili ateistdir, birininki ortodoks İudaizmdədir, birininki, sosialistdir, o birisininki kapitalistdir – bir sözlə, cürbəcürlüyün bazarı, yarmarkası. Birlik isə ondan gəlir ki, hərəsi ürəkdən, fırıldaqsız-filansız öz İsrailinə bağlıdırlar. Bu çoxlu İsraillər isə axırda BİR İsrailin variantları olduğu üçün yəhudiləri də alışmadığımız BİRLİKDƏ birləşdirirlər. Amerika da elə.

MİLLƏT MEQAPOLİS BİÇİMİNƏ DÜŞƏRSƏ

Millətimizin müdriklik formulu Birin gücünə söykənir, indi isə gördük ki, pərakəndəliyin, dağınıqlığın gücü də olur və çağdaş dünyada irəli ölkələr onun gücündən çox bacarıqla istifadə edirlər. Baxın, kənddən gələnlər Şəhərin qarşısında necə özlərini əzilmiş-büzülmüş duyurlar. Şəhərin böyük müxtəlifliyi onları əzir. Bugünkü Azərbaycan necə pisləyirik-pisləyək 70-ci illərin Azərbaycanından Şəhər kənddən güclü olan kimi güclüdür. Plüralizmin, cürbəcürlüyün gücü budur. Ancaq plüralizm o zaman güclü olur ki, iştirakçıların hər biri öz «janrında» yüksək olur, yəni çoxlu partiya varsa, xeylisi səviyyəli olur, çoxlu qəzet varsa, TV varsa, xeylisi səviyyəli olur, çoxlu millətçisi, kosmopoliti, dindarı, ateisti varsa, xeylisi səviyyəli olur. Bax, belə olanda plüralizm də güclü olur. Millətsə Meqapolisin azmanlığında görünür.

Şərhləri göstər

XS
SM
MD
LG