Keçid linkləri

Bu ölkədə seçkidən ürək və inamla yazmaq ən çətin məşğuliyyətdir. Hətta oxucular da bunu bir o qədər də inamla qarşılamırlar. Səbəbi aydındır, hər seçki özündən sonra ancaq narazılıq və giley qoyub gedir. Amma başqa yol da yoxdur, ya bu ölkənin insanları səs verməyi, öz səslərini müdafiə etməyi öyrənəcəklər, ya da MSK-nın kompüterlərinin yaddaşında qalan siyahıdan başqa bir şey olmayacaqlar, necə ki, U.Çerçill deyirdi ki, demokratiya heç də ən mükəmməl üsul – idarə deyil, amma nə edəsən ki, bəşəriyyət hələ də bundan yaxşısını fikirləşib tapmayıb.

DİNC MÜBARİZƏNİN BÖHRANI

Sonuncu fikri ona görə qeyd etdik ki, Azərbaycanda demokratiya demək olar ki, yoxdur, onun olması üçün bu ölkənin insanları özlərini və hakimiyyətlərini demokratik proseduraları qəbul etməyə vadar etməlidirlər. Ona görə də seçkini qəbul etməyən və ona inam bəsləməyənlər bilməlidirlər ki, günah heç də seçki proseduralarında deyil, əksinə bu proseduraları düzgün tətbiq etməyənlərdədir, onlar seçkini bir qayda olaraq saxtalaşdırır, insanların inamını qırır və elə təsəvvür yaradırlar ki, bu yolla nə hakimiyyət dəyişmək mümkündür, nə də hakimiyyətə təsir etmək.
Müxalifət adamlarının ən çox arxalandığı meyar onların müxalifətçiliyidir, seçiciləri öz tərəflərinə çəkmək üçün onların nə inzibati – siyasi resursları, nə də iqtisadi imkanları var

Amma bununla hakimiyyət dairələri həm də özləri də bilmədən çox neqativ bir tendensiyanı stimullaşdırırlar – dinc mübarizə üsullarının böhranını. Bəli, ölkədə dinc mübarizə üsullaranının böhranı hiss olunmaq üzrədir, insanların siyasi partiyalara, onların dediklərinə və çağırışlarına, eləcə də seçkiyə etinasız yanaşmalarının bir səbəbi də budur.

Təcrübədə seçkinin özünün subyektiv tərəfləri də müşahidə olunur, başqa ölkələrdə bu, dəfələrlə təkrar olunub, amma hələ Azərbaycanda bir dəfə demokratik seçki keçirilməyib ki, biz «qırmızı zolaqlar»dan, «sollaşma»dan danışaq, bütün bunlar bizə hələ ekzotika kimi görünür. Amma hətta indiki halında belə seçki bizi özünün maraqlı tərəfləri ilə təəccübləndirməkdədir.

SEÇKİNİN TALEYİNİ NƏ HƏLL EDİR? PUL, SİYASƏT, YOXSA NÜFUZ?

Bu il keçiriləcək seçkidə qeydiyyatdan keçmiş namizədlər üçün nəzərdə tutulan bir neçə yüz manatlıq müavinət də ləğv olundu. İndi namizədlər bütün xərcləri özləri çəkməli olacaqlar, bunun müxalifət və əsl müstəqil deputatlar üçün nə qədər çətinlik yaradacağı isə indidən aydındır. Düzdür, seçki bütün dünyada böyük xərclər tələb edir, amma pul seçki üçün zəruridir, kafi deyil, əgər belə olmasaydı, bütün dünyada ancaq milyardçılar parlamentə və prezidentliyə seçilərdilər. Bəs Azərbaycanda vəziyyət necədir? Korrupsiyaya qurşanmış, rüşvətin bütün sferalara nüfuz etdiyi ölkədə deputat mandatlarının əldə olunmasında da pulun müəyyən rol oynadığını istisna etmək olmaz, ən azı ona görə ki, deputat olmaq imtiyazlı dairəyə yaxın olmaq, hökumətin «krışa»sını qazanmaq deməkdir, bunun isə belə ölkədə xərcsiz başa gəldiyini təsəvvür etmək sadəlövhlük olardı. Təsadüfi deyil ki, bu ölkədə deputatların da öz biznesi olur, elə bir çoxu parlamentə seçilməyə özlərinin bizneslərini genişləndirmək üçün fürsət kimi baxırlar.

YAP-IN ƏN BÖYÜK ARZUSU

Amma bütün deyilənlərə rəğmən, bir siyasi qüvvə kimi YAP da çalışır ki, elə bir şərait yaratsın ki, seçkini necə var, qalibiyyətlə başa vursun. Bunun üçün ona bu yolda mane olan ən böyük qüvvəni – müxalifəti sıradan çıxarmağa cəhd edir, seçki qanunvericiliyini öz maraqlarına uyğun olaraq dəyişdirir, böyük təbliğat kampaniyaları, hətta konsertlər təşkil edir, seçkiyə imkanlı adamları cəlb edir, seçki dairələrinin coğrafiyasını dəyişir.

MÜXALİFƏTÇİLİK SEÇİLMƏK ÜÇÜN KİFAYƏTDİRMİ?

Müxalifət adamlarının ən çox arxalandığı meyar onların müxalifətçiliyidir, seçiciləri öz tərəflərinə çəkmək üçün onların nə inzibati – siyasi resursları, nə də iqtisadi imkanları var. Amma burada bir təcrübənin dərslərini yada salmaq istərdik. 2000-ci ildə Müsavat partiyasında ilkin seçki keçirildi. Bu seçkidə heç də ən müxalif çıxışlar edənlər, tez – tez KİV-lərdə görünənlər qalib gəlmədi, o kəslər qalib gəldi ki, onlar bilavasitə partiya üzvləri ilə ünsiyyətdə olmuşdular. İndi də müxalifət bu dərsi yaddan çıxarmamalıdır. Ona görə də «seçkinin taleyini nə həll edir?» sualına heç də həmişə ironik yanaşmaq lazım deyil.

Şərhləri göstər

XS
SM
MD
LG