Keçid linkləri

Təcili xəbərlər

Kirayə verilir


Devid Kemeron xanımı Samanta ilə evində - 2007-ci il
Devid Kemeron xanımı Samanta ilə evində - 2007-ci il
Bu günlərdə İngiltərənin baş naziri Devid Kemeron Londonun bahalı rayonlarından olan Nottinq-Hilldə yerləşən evini kirayə verib. Bu barədə Britaniyanın «Daily Mail» qəzeti yazıb.

«Cənab Kemeron yeni tarixdə evini açıq şəkildə icarəyə verən ilk baş nazirdir. Toni Bler vəzifəyə keçəndə öz iqamətgahlarını satmışdı, Jon Meycor və Marqaret Tetçer isə baş nazir olanda da öz evlərində yaşayırdılar» – qəzet xatırladır bunu.

VƏZİFƏYƏ SEÇİLƏN ADAM


Təbii ki, Kemeron evini Böyük Britaniya Birləşmiş Krallığının baş nazirlərinin yaşadıqları iqamətgaha ailəsi ilə birgə köçdükdən sonra icarəyə verib.

Baş nazirin öz evini icarəyə verdiyi barədə məlumat onun mövqeyini - orta təbəqənin adi nümayəndəsi olduğunu bir daha təsdiqləyir. Vəzifəyə seçki ilə gələn adam belə olar.

İnanmıram ki, Kemeron evini piar xatirinə, yalnız öz seçicilərinin xoşuna gəlmək üçün kirayə vermiş olsun. Hərçənd ki, bu məqamı da istisna etmək düzgün olmazdı. Burada təbii ki, piar da var, amma ikinci, üçüncü plandadır. Əslində, bu səviyyəli siyasi xadimin istənilən addımı piardır və seçicilər tərəfindən qiymətləndirilir.

Addımın yaxşı ya pis piar olduğu, qiymətin müsbət ya mənfi olduğu isə artıq məsələnin başqa bir tərəfidir. Haqqında söz açdığım addım İngiltərədə çox əla piardır, amma sözümün canı bu deyil. Güman ki, baş nazirin evini kirayə verməkdə məqsədi ziyana düşməmək olub. Yəni azından bu, hazırda boş qalan evin cari xərclərinin pulunu çıxarmaq ola bilər. Digər məqsəd isə öz əmlakından tam qanuni gəlir əldə etməkdir.

KİÇİK MÜQAYİSƏ

Devid Kemeronu mövqeyinə görə, formal cəhətdən ona uyğun olan dövlət başçısı, misal üçün, prezident İlham Əliyevlə müqayisə etmək maraqlı olar. Statusu İngiltərənin baş nazirinə bərabər gələn Azərbaycan prezidenti öz evini, daha dəqiqi evlərini icarəyə vermir, yaxud ən azı bunu açıq şəkildə etmir.

Azərbaycanda nəinki nazirlər, heç onların müavinləri və daha aşağı vəzifəli digər məmurlar belə öz evlərini kirayə vermirlər. Xüsusi olaraq bu halda icarəyə vermək üçün ev almağı ya da tikdirməyi, yəni bizneslə məşğul olmağı demirəm, bu tamam başqa. Söhbət insanın özü üçün aldığı, yaşadığı və ya yaşayacağı evin icarəyə verilməsindən gedir.

SANBALLI OLMAYAN KİRAYƏ

Əslində məmurun bizneslə məşğul olmağı qanunla qadağan edilib, amma Azərbaycanda qanuna baxan var? Nə isə, söhbət bundan getmir.

Nə üçün Azərbaycan nazirləri və digər yüksək rütbəli məmurlar hətta boş qalan evlərini icarəyə vermirlər? Birincisi, burada milli mentalitetin də təsiri var – hesab edilir ki, öz evini kirayə vermək o qədər də sanballı iş deyil, özünə hörmət qoyan varlı-hallı kişi bunu eləməz. Hərçənd ki, müasir dövrün pul-bazar münasibətləri maddi maraq olan az qala bütün sahələrdə milli adət-ənənələri yuyub aparır, başqa sahələrdə onları toxunulmaz saxlasa da.

LONDON QİYMƏTLƏRİ

«Londonun bu rayonunda işləyən mülk, ev alqı-satqısı agentləri deyir ki, burada keyfiyyətli əmlakı təqribən ayda 4-6 min funta icarəyə vermək olar», - «Daily Mail» yazır. Əgər bu ev hətta ayda 6 000 funta (9 234 dollara) icarəyə verilibsə belə, Kemeronun qazanacağı məbləğ bundan xeyli az olacaq. Əvvəla, məlumdur ki, onlar icarədarı rieltor, yəni dəllal vasitəsilə tapıblar. Deməli, rieltora aylıq məbləğin 15 faizi ödəniləcək, bu isə hər ay 900 funt (1 385.1 dollar) təşkil edir. Üstəlik, dövlətə vergi ödənilməlidir, bu da təqribən 20 faizdir. Beləliklə, ayda D.Kemeronun əlinə gələn pul təqribən 4 000 funt (6 156 dollar) olacaq, artıq yox.

ƏL BULAMAQ


Azərbaycan ölçüləri ilə götürsək, elə də böyük pul deyil. Bizim nazirlər hətta bundan daha böyük məbləğə çətin ki, evlərini icarəyə verərlər. Baxmayaraq ki, Azərbaycanda icarə haqqı evlərin özünün qiyməti baxımından xeyli yüksəkdir, üstəlik, onlar vergi ödəməmək üçün gəlirlərini gizlətməyə öyrəşiblər. Belə olan halda əl bulamağa dəyirmi? Bu da ikincisi.

Nəhayət, ən başlıcası. İtaliyanın Versilia kurortunda evlərin yalnız yarısı yerli sakinlərə məxsusdur, bunu «La Stampa» qəzetində dərc olunan məqaləsində jurnalist Pyerancelo Sapenyo yazır. Qalan evləri isə «yeni ruslar» alıblar. Onlar küknar meşələri arasında villalara sahib olaraq, heç də kasıb olmayan İtaliya burjuaziyası arasında özlərinə yer edə biliblər.

VERSİLİA QİYMƏTLƏRİ


İtaliyanın elitar kurortunda mülk sahibləri arasında məşhur adamlar da var – var-dövlətinə görə dünyada doqquzuncu, Rusiyada isə birinci yerdə olan Oleq Deripaska kimi. Bu siyahıda «Çelsi» futbol klubunun sahibi və dünyanın ən varlı adamları siyahısında on beşinci olan Roman Abramoviç də var. Burada bir çox varlı adamlar, o cümlədən Əfqanıstandakı sovet qoşunlarının keçmiş komandanı, hazırda Moskva vilayətinin qubernatoru olan Boris Qromov, Vladimir Putinin bacısı və başqaları mülk alıblar.

Devid Kemeronun Notting Hilldəki kirayə verilən evi
Bu kurortda hər kvadratmetrin qiyməti 15 min avroya (19 000 dollara) qalxıb. Nəticə olaraq burada həyat sürətlə bahalaşıb və şəhərin əhalisi azalır. Yerli hakimiyyət evlərin heç olmasa bir hissəsinin normal bazar qiyməti ilə italyanlar tərəfindən alınması üçün çox çalışıb. Amma xeyri olmayıb.

«5 MİLYON - YAXŞI QİYMƏTDİR»

Ruslar bu villaları bir yay mövsümü üçün 100 min avroya (127 min dollara) kirələməyə, ya da 20 milyon (25,4 milyon dollar) ödəyib almağa hazırdırlar. Daşınmaz əmlak üzrə yerli agent Umberto Cannekkininin sözlərinə görə, «5 milyon avro (6,353 milyon dollar) – bu, normaldır», - «La Stampa» yazır.

Mən «yeni rusları» niyə nümunə çəkdim? Sadəcə ona görə ki, bizim nazirlər və sair varlılar – «yeni azərbaycanlılar» «yeni ruslardan» o qədər də geri qalmır. Məgər Bakı küçələrində «Leksus», «Bentli» və «Hammer»lərin sayı Moskvadakından o qədər azdır? Məgər neft səltənətinin paytaxtındakı zərgər dükanlarında alıcılara yüz minlərlə dəyəri olan boyunbağı, qolbağılar, üzüklər təklif eləmirlər? Məgər bir neçə milyon qiyməti olan mənzil və imarətlərin satışa çıxarılması nadir hadisədir? Bu cür adamlar heç öz evlərini vur-tut 6 000 dollara görə icarəyə verərlərmi?

Artıq xeyli vaxtdır ki, ölkəmizdə İspaniya, Türkiyə, Dubay kurortlarında torpaq sahəsi, mülk, ev alınması təklif olunur. Bu, Azərbaycanın iş adamları üçün reklam edilmir ki? Bu, məmurlar üçün edilir, çünki Azərbaycanda böyük bizneslə məşğul olan, ya da ona «krışalıq» edən ancaq məmurlardır. Onlar isə yuxarıda sadalanan səbəblərə görə öz evlərini icarəyə verməz.

BÖYÜK FƏRQLƏR


Britaniya baş nazirinin öz evini icarəyə verməsi nümunəsi bütün digər məsələlərlə yanaşı, ingilis və Azərbaycan məmurları arasındakı fərqi əla göstərir. Onların həyatı, maddi imkanları və pula münasibəti arasındakı fərqi.

Bilirəm, müqayisə edilən tamam başqa-başqa ölkələr, fərqli iqtisadiyyat, quruluş, şəraitlərdir və sairə. Bununla belə, müəyyən paralellər aparmaq mümkündür və düzgündür. Birincilər halal zəhmətləri ilə dolanır, şəffaflıq şəraitində yaşayır və işləyir, öz gəlirlərini açıqlayır, gəlir deklarasiyasını doldurur, vergi ödəyir, deputat və seçiciləri qarşısında hesabat verirlər. Onlarda qazanılan hər funtun qədri bilinir. Qanunla qazanılan.

İkincilər isə tamam başqa, əks olan bir şəraitdə yaşayır və işləyirlər. Şəraiti təsvir etməyə ehtiyac yox, özünüz bilirsiniz. Halbuki, indiki Azərbaycan məmurlarının çoxu iyirmi-otuz il əvvəl, sovet dönəmində tamam başqa, çətin və kasıb şəraitdə yaşayıb.

Vəziyyətin tam aydın olması üçün elə Britaniya və Azərbaycanda orta əməkhaqlarını, bir də ərzaq məhsullarının, gündəlik tələbat mallarının, benzin və mənzillərin qiymətlərini müqayisə etsək bəsdir. Mənzərə tam aydın olacaq.

İNCƏ MƏQAMLAR


Unutmayaq ki, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının 2009-cu il üçün iqtisadiyyat reytinqlərində Böyük Britaniya Avropada üçüncü, dünyada isə altıncı yerdədir - 2 183 607 000 000 dollarla. Həmin siyahılarda Azərbaycan 74-cü yerdə gedir – 43 111 000 000 dollarla. İngiltərə iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından 50 dəfə güclüdür.

Və bir məqam da maraqlıdır. Görəsən Devid Kemeronun – Britaniyanın baş nazirinin Avropada, yaxud misalçün, İlham Əliyevin mülkləri olan elə həmin Dubayda mülkü var?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG