Keçid linkləri

Təxminən 7-8 ildir ki buraları görmürəm. Amma stansiya -- Ağstafa stansiyası əvvəlki kimi--necə var eləcə görünür gözümə.

--Niyə heç dəyişiklik yoxdur? Axı deyilənə görə bölgələr sürətli inkişafdadır...

ANCAQ GÖRÜNƏN TƏRƏF ÜZLƏNİB


Sualım taksi sürücüsünədir. Cavab həmən gəlir:

-- Yox, niyə, dəyişiklik var, bax, bütün stansiya boyu evləri üzlədilər. Tərs kimi mənim evimə çatanda saxladılar...Bəxtim burda da kəsmədi...

-- Yəni deyirsiniz ancaq dəmiryoldan görünən tərəfi səliqəyə saldılar?

-- Hə, elədir. Buna da şükür. Təzə başçımız belə istədi. Bir az da şəhərin içərilərində hündür binalar tikilib. Təzə başçı köhnədən yaxşıdır. Köhnə çapıb-talayıb getdi. Bank, obyektlər, şadlıq sarayları, nə bilim, hər şeyi var...Budu ey, yanından keçirik. Onun obyektləridir.

DOLANMIRIQ -- SÜRÜNÜRÜK


-- Bəs siz necə dolanırsınız?

-- Dolanmırıq, dizin-dizin sürünürük! Pensiyanın ümidinəyik. O da dilənçi payı. Məcbur olub bu yaşda taksiçilik edirəm. Mənim indi nəvəynən oynayan vaxtımdır.

-- Gündə nə qədər qazanc olur?

-- 5-10 manat ancaq olur. Polisə veririk, benzinə veririk, yollar bərbad gündədir, maşını tez xarab edir. Ona xərcləyirik. Evə bir şey qalmır.

-- Bəs əvvəl necəydi -- sovetin vaxtında?

-- Əvvəl əlaydı! Yaxşı dolanışığımız vardı. İşləyirdik, üstəgəl, sezonda Rusiyaya meyvə daşıyıb satırdıq. Tez-tez maşını dəyişərdim. Bax, bu maşın sayca 20-cidir.

-- Afərin! Bəs indi Rusiyada satmağa qoymurlar?

-- Pasportun olmalıdır. Ondan ötrü də, ya Bakıya, ya Gəncəyə getməlisən. Süründürməçilikdir. Guya yaşadığın yerdə alsan dünya qopardı...

MÜSTƏQİLLİK KİMİN ÜÇÜN YAXŞIDIR?

--Bəs deyirlər müstəqillik çox gözəl şeydir. Nə yaxşı ki, ayrıca dövlətik...

--Müstəqillik yaxşıdır, amma bizim üçün yox. Prezident üçün, hərəyə 7-8 arvad saxlayan nazirlər üçün.

-- Sayını haradan bilirsiniz?

-- Eşidirik...Rayonu rüşvət basıb. Hər şey haqq-hesabladır. Bunun axırı necə olacaq? Bakıda nə deyirlər?

-- Elə Bakıda da rüşvətdən dad döyürlər.

QONŞUDAN DƏRS GÖTÜRSÜNLƏR!

-- Balıq başdan iylənər. Dad döyməkdən bir şey çıxmaz. Düzəltsinlər. Yolunu öyrənmək istəyirlər, öyrənsinlər.

-- Kimdən?

-- Odey qonşudan -- Gürcüstandan. 5-6 ilin içində necə kəsdilər rüşvətin kökünü? Dillənəndə bəyənmirlər. Qaz-neft verirlər. Yerlərdə Heydər Əliyevin adına park, Mərkəz açmaqla iş düzəlmir. Bizdə də açıblar. Təkcə silib-süpürəni 15-20 nəfər olar.

ZAMAN NİYƏ DAYANIB?

-- Bura 7-8 il olar gəlmirəm, amma heç nə dəyişməyib. Yollar yenə bərbad gündə -- çala-çuxur. Evlər 30-40 il əvvəl -- sovet vaxtı tikilənlərdir. Tək-tək yeni tikili gözə dəyir. Adamlar da sanki keçmişdəkilərdir. Elə bil zaman burdan yan keçib...

-- Zaman bizdən deyil, biz zamandan yan keçmişik. Nə qədər ki, sadaladığım əyriliklər qalacaq, zaman bizə, biz zamana yaxın düşə bilməyəcəyik. Di, haydı, gəlib çatdıq! Əlin cibində olsun...

...Bir eldə yaşayırıq. Bir dildə danışırıq. Və bir gündə sürünürük?

Şərhləri göstər

XS
SM
MD
LG