Keçid linkləri

Təcili xəbərlər

11 sentyabr: Şərq doğrudanmı qorxuludur?


Tarixdə 11 sentyabrdan da böyük itkilər olub və bir müddət keçəndən sonra unudulub. O mənada unudulub ki, insanlar müharibəyə, böyük itkilərə görə kin – küdurət saxlamayıblar. İndilərin ən böyük qəbahəti odur ki, müharibə, ya terrordan qeyri – məqbul ümumiləşmələr üçün istifadə edilir: heç kim ikinci dünya müharibəsinə görə alman millətini, bu millətin dinini və yaxud mentalitetini səbəb kimi görmür. Elə yapon militarizmi ilə bağlı da eyni fikri söyləmək olar. Baxmayaraq ki, ən kiçik müharibə bütün hallarda ən böyük terror hadisəsindən qat - qat çox itkilər və məhrumiyyətlər deməkdir.

Yəqin 11 sentyabrla bağlı da nə vaxtsa, gec – tez, belə olacaq – terror pislənəcək, icraçılar lənətlənəcək, amma bundan əsassız ümumiləşmələr edilməyəcək, eyni zamanda düşünmək üçün həmişə predmet olacaq. Ən azı ona görə ki, bu olaydan bir qədər əvvəl artıq «sivilizasiyaların fərqi və toqquşması» ilə bağlı nəzəriyyələr yayılmağa başlamışdı. Bu xüsusda hamıdan yaxşı sabiq dövlət katibi Madlen Olbrayt demişdi:

«İndi dünyada sivilizasiyaların toqquşması deyil, əslində sivilizasiyalılığın sınağı baş verir».

Bu sınaqla bağlı hamı özü düşünməlidir, o cümlədən də müsəlmanlar, xristianlar, yəhudilər və başqa dinlərin təmsilçiləri. Nədir səbəb? Fərqlər niyə bu qədər fəlakətli nəticələrə səbəb olur? Daha çox nə axtarılmalıdır? Hər bir dini konfessiyanı dünyaya birləşdirən və qovuşduran xüsusiyyətlər, yoxsa ayrıcı
Şərqlilər öz inancları, dünyagörüşləri, həyat və Allah haqqında təsəvvürləri ilə daim başqalarını, xüsusən də qərbliləri təftiş edirlər. Belə təftiş cəhdləri hamını yorur, hətta qorxu yaradır
məqamlar?

KEÇMİŞİN KULTİVASİYASI


Adını unutduğum bir Qərb politoloqu maraqlı fikir demişdi: Qərbdə inkişaf vektoru, daha doğrusu nəzərlər, daha çox gələcəyə, Şərqdə isə keçmişə doğru yönəlib. Burada söhbət daha çox «temporal vektor»dan gedir, yəni qərbli daim gələcəklə, şərqli isə əksinə, keçmişlə bağlı düşüncələrin içində «eşələnir», vurnuxur. Daha çox şərqli düşüncə tərzi maraq kəsb etdiyindən buna toxunmaq daha düzgün olardı. Bəli, «böyük piramidalar», «dənizdən dənizə qədər», «günçıxandan günbatana qədər», «Hindistandan İspaniyaya qədər» imperiyalar olub, heç kim bunu inkar etmir. Amma bunun əsirinə çevrilmək nə dərəcədə doğrudur? Bəzən deyirlər ki, bu, insanların qürur mənbəyidir, onları bundan məhrum etmək olmaz. Bəs necə olur ki, eston, latış, fin belə qürur mənbəyi, «böyük və şanlı keçmiş» olmadan əsl layiqli dövlət və cəmiyyət qura bilir və bunsuz yaşaya bilir? Bu qürur mənbəyi nə verir? Əslindən o, üstünlük, bəli, başqaları ilə müqayisədə üstünlük hissi aşılayır, digərlərini aşağılayır. Bəlkə, şərqlilərin cəmi dünyaya qovuşmasına, rahat inteqrasiyasına elə bu mane olur? Başqaları ilə bir, eyni olmaq, «tamın hissəsi» olmaq hissi inteqrasiyasını daha çox asanlaşdırardı, nəinki üstün olmaq. Fərqlərin silinməsinin tərəfdarı deyilik, müxtəliflik gözəldir, amma o halda ki, özünün inteqrativ gücünü saxlayır. Tamın kəsimini deyil özünü götürmək lazımdır, onu bütöv qəbul etmək daha məqbuldur. Tamı sistem kimi qəbul etmək və özünü onun bir hissəsi kimi təsəvvür etmək – çıxış yolu budur, çünki sistem inteqrativ xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də differensial komponentlərdən təşkil olunur. Bəlkə də, şərqli düşüncə tərzində çatışmayan dünyanın sistem kimi dərk olunmamasıdır, bəlkə də, ayrılığa və nifaqa səbəb olan keçmişin izafi kultivasiyası da elə buradan yaranır.

BAŞQALARINI TƏFTİŞ ETMƏK MƏRƏZİ

Karl Popper yazırdı ki, əsl alim daim öz nəzəriyyəsinin əleyhinə olan arqument toplamalıdır. Millətlər də belədir – daim öz milli təsəvvürlərini təftiş etmək və öz mülahizələrinin əleyhinə olan arqumentlər axtarmaq lazımdır. Şərqdə bu cəhət də zəif inkişaf edib. Burada daha çox əks tendensiya üstünlük təşkil edir – şərqlilər öz inancları, dünyagörüşləri, həyat və Allah haqqında təsəvvürləri ilə daim başqalarını, xüsusən də qərbliləri təftiş edirlər. Belə təftiş cəhdləri hamını yorur, hətta qorxu yaradır. Uzun illər ərzində Qərbdə böyük analitik proses gedib, çox şey təftiş olunub, Qərbin ən azı Fridrix Nitşesi var. Bəlkə, şərqlilərin təftişinə ehtiyac yoxdur? Heç kim inkar edə bilməz ki, Qərbin sosial – siyasi və iqtisadi institutları Şərqdəkindən daha üstündür, ən az inkişafdakı bugünkü fərqlər bunu təsdiq edir. Və Qərb insanı daim qorxu içindədir, onu hər şey qorxudur: belinə qumbara bağlamış, daim hər şeyi öz zövqünə uyğun dəyişməyə çalışan şərqli. Onları başa düşmək mümkündür – min illər ərzində təlatümlərdən keçib rahat və harmonik həyat və düşüncə tərzi formalaşdırıblar. Onlar niyə bundan əl çəksin? Hətta hər hansı naqisliklər varsa belə, onları buna inandırmaq lazımdır, özünlə birgə partlatmaq yox.

Ən son yazılan

XS
SM
MD
LG